Şirvanda arvadını ov tüfəngi ilə qətlə yetirməkdə təqsirləndirilən Elnur Abıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokratikmusavat.com xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elxan Süleymanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyunun 17-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin fevralında qeydə alınıb.
Belə ki, Şirvan şəhər sakini, 1979-cu il təvəllüdlü E.Abıyev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı yaşadıqları evdə arvadı, 1982-ci il təvəllüdlü Xəyalə Abıyevanı qoşa lüləli ov tüfəngi ilə 1 dəfə atəş açaraq hadisə yerindən qaçıb.
Qadın təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb, ancaq həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
E.Abıyevin tutularaq istintaqa cəlb edilməsindən ötrü Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, polis əməkdaşlarını gördükdə özündə olan qoşa lüləli ov tüfəngi ilə onlara atəş açıb. Həmin vaxt polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilməklə onun hər iki ayaq nahiyəsinə atəş açılaraq hərəkət etməsinin qarşısı alınmaqla sonuncu saxlanılıb.
E.Abıyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.