Türkiyəyə getmək istəyənlərin nəzərinə: qiymətlər belədir - AÇIQLAMA

 

Türkiyədə iyunun 1-dən etibarən bir sıra kommunal xidmətlər, eləcə də yanacaq qiymətlərində artım qeydə alınıb. Belə ki, yaşayış yerlərində istifadə edilən təbii qaz 30%, sənayedə istifadə olunan 40%, elektrik enerjisi istehsalında istifadə olunan təbii qaz tarifinə 17% artım tətbiq edilib.

Elektrik enerjisi tarifləri isə 15-25% artırılıb, benzin və dizel qiymətlərində də artıma gedilib.

Sözügedən qiymət artımlarının turizm qiymətlərinə təsiri də maraq doğurur.

“Şah travel” şirkətinin təhbəri Aqil Ağalarov “Demokratikmusavat.com ”a açıqlamasında bildirdi ki, Türkiyədəki qiymət artımları tur qiymətlərinə birbaşa təsir edir: 

“Naxçıvan üzərindən təşkil edilən avtobus turlarında Türkiyədə dizel yanacağının bahalaşması səbəbindən nəqliyyat qiyməti artıb. Bu da turun qiymətinin artmasına səbəb olub. Sözügedən turlarda ən azı 20-30 dollar qiymət artımı var. Hətta Naxçıvan biletlərinin bahalaşması qiymət artımını 50 dollara qədər yüksəlməsinə gətirib çıxarıb”. 

A.Ağalarovun sözlərinə görə, kommunal xərclərin artması ilə hotellərdə gecələmə qiymətinin yüksəlməsi tur paketlərinin 25-30% qiymət artımına səbəb olub.

“Avantage Travel” şirkətinin rəhbəri Orxan Məmmədli isə qeyd etdi ki, tur qiymətlərində hələlik qiymət artımı müşahidə olunmayıb:

“Çünki əhali tərəfindən hələ ötən ilin dekabr, cari ilin yanvar ayından erkən rezervasiyalar edilib. Lakin ötən il ilə müqayisədə bu ilin yanvar ayından qiymət artımı müşahidə olunub. Bunun səbəbi isə Türkiyə lirəsinin dəyər itirməsi ilə hotellərdə qiymət artımına gedilməsi idi. Ötən il ilə müqayisədə ilin əvvəlində 30- 50%, bəzi hotellərdə isə bundan daha yüksək qiymət artımı müşahidə olunmuşdu”. 

O. Məmmədli bildirdi ki, son günlərdə Türkiyədə qeydə alınan təbii qaz, elektrik, yanacaq qiymətlərinin artımı hələ ki qiymət artımına səbəb olmayıb: “Mövcud qərarların təsirini qış turizminin qiymətlərində daha çox hiss edəcəyik. Hələlik turizm şirkətləri, hotellər, uçuş qiymətlərində nəzərə çarpacaq qiymət artımları müşahidə olunmayıb”.

Könül
Demokratikmusavat.com

0.22679114341736