“Azərbaycan xalqının Milli Qurtuluş Gününü qeyd etdiyi bu gün - 15 iyun həm də tarixi Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü ilə əlamətdardır. Əslində, bu iki tarixi hadisə arasında təbii bir bağ, inkarolunmaz bir əlaqə vardır”.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu fikirlər Milli Məclisin Sədri Sahibə Qafarovanın məqaləsində yer alıb.
“1993-cü ildə Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas olaraq, inkişafa, sabitliyə, təhlükəsizliyə, öz qurtuluşuna qədəm qoyan Azərbaycanın mədəniyyət beşiyi Şuşada 28 il sonra bu tarixi sənədə imza atılması özlüyündə böyük bir rəmzi məna daşıyır: “Bu, Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin, xalqlarımızın mənəvi birliyi ilə yanaşı, siyasi, iqtisadi sahədə də həmrəyliyinin möhkəmləndirilməsi, həmçinin bütün türk dünyasına böyük töhfədir. Şuşa Bəyannaməsi də, azad Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları da ölkələrimiz arasında sarsılmaz birliyi bütün dünyaya nümayiş etdirir. Necə ki, İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, qardaş Türkiyə xalqı Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir, bu gün də iki qardaş ölkə olaraq, Azərbaycan və Türkiyə gələcəyə doğru birgə addımlayır. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qabaqda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir", - Sahibə Qafarova qeyd edib.
“Bəli, indi Azərbaycanın qarşısında yeni üfüqlər açılmış, yeni vəzifələr dayanmışdır. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş şəhər və rayonlarımız Şuşanın timsalında yenidən qurulur, dirçəldilir. Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz və çox böyük tədbirlər, strateji layihələr həyata keçirilir. Bu isə bir daha Azərbaycan dövlətinin gücünü, Heydər Əliyev siyasətinin təntənəsini, möhtərəm Prezident İlham Əliyevin böyük liderlik xüsusiyyətlərini nümayiş etdirir”, - Milli Məclisin Sədri vurğulayıb.