Bakıda 6 aylıq körpəni boğaraq öldürməkdə təqsirli bilinən Güloğlan Nağıyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.
Demokratikmusavat.com xəbər verir ki, hadisə Bakının Səbail rayonunda qeydə alınıb. G.Nağıyev 6 aylıq qızı Yağmur Nağıyevanı çox ağladığına görə üstünə yorğan ataraq boğub öldürüb.
Səbail rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəs ilə cinayət işi başlanılıb.
Hadisədən iki gün sonra Güloğlan Nağıyev barəsində həbs qəti imkan tədbiri seçilib.
İş üzrə dindirilmiş Nağıyev ifadəsində bildirib ki, 2012-ci ildə Məryəm Nəsirova ilə ailə qurub. Birgə nikahdan Səidə və Yagmur adlı iki qız övladı dünyaya gəlib. Arvadı müxtəlif marketlərdə işləyib. O da evdə uşaqlara baxıb.
2021-ci il yanvarın 14-də arvadı Məryəmlə yenədə işə getməsi ilə bağlı mübahisə edib. Ona evdə oturub uşaqlara baxmağı tapşırsa da, səhərsi gün qadın yenə iş yerinə yollanıb.
Güloğlan əsəbi halda yuxudan oyanıb. Bu zaman balaca qızı ağlamağa başlayıb. Günorta uşaqlara yemək verib. Yağmur yemək yeyərkən də ağlayıb. Uşağın səsinə əsəbi şəkildə dözmədiyi üçün yataq otağına aparıb onu ağzı üstə çarpayının üzərinə atıb və yorğanla üstünü bağlayıb.
Məqsədi Yağmuru sakitləşdirmək olub. Digər otaqda oturub böyük qızı ilə televizora baxıb.
Güloğlan Nağıyev ifadəsinin davamında bildirib ki, iki dəfə otağa keçib uşağa baxanda uşağın yenə də ağladığını görüb. Axrıncı dəfə otaqdan çıxandan 5 dəqiqə sonra Yağmurun səsi kəsilib.
"Yağmurun ağlaması başıma düşdü, onu sakitləşdirməyə cəhd etsəm də, bunu edə bilmədim. Bundan sonra uşağın səsinə əsəblərim dözmədiyi üçün Yağmuru yataq otağına apardım.
Ağzı üstə onu yatağın üzərinə atıb üstünü yorğanla qapadım. Məqsədim Yağmuru sakitləşdirmək idi. Bundan sonra digər otağa keçib böyük qızım Səidə ilə televizora baxdım.
Televizora baxarkən təxminən iki dəfə Yağmura baxmağa getdim, hər dəfə gedəndə Yağmur ağlamağa davam edirdi.
Buna görə də yorğanı hər dəfə Yağmurun üzərinə çəkib otaqdan çıxdım. Axırıncı dəfə otaqdan çıxarkən hamama girmək üçün su qızdırdım.
Bütün bu proseslər təxminən iyirmi dəqiqə çəkdi. Sonradan Yağmurun səsi gəlmədi. Onun dalınca otağa girdim. Yorğanı qaldıranda gördüm ki, Yağmurun nəfəsi gəlmir".
Nağıyev bildirib ki, dərhal uşağı çölə çıxarıb suni nəfəs verməyə başlayıb. Tibbi Yardım həkimləri evə gəlib uşağa baxandan sonra uşağın öldüyünü deyiblər.
Zərərçəkmiş şəxsin hüquqi varisi kimi ifadə verən Məryəm Nəsirova bildirib ki, Güloğlanla 2012-ci ildə qeyri-rəsmi ailə qurub və ondan iki qız övladı dünyaya gəlib. Müxtəlif marketlərdə xadimə işləyib.
Güloğlanla hər dəfə mübahisə etməsinə onun oğlan uşağı istəməsi və işləməsinə mane olması səbəb olub.
“Ərimlə yola getmirdik. Demək olar ki, hər gün mübahisələrimiz olurdu. Deyirdi ki, oğlan uşağı doğmalısan. Həmçinin işləməyimə də qarşırdı.
Spirtli içki qəbul edib məni də, böyük qızım Səidəni də döyürdü. Bir dəfə məni döyəndən sonra 2 yaşlı Səidəni də vurdu, qızımın dodağı partladı.
Bir dəfə əməlləri ilə bağlı 8-ci polis bölməsinə şikayət etdim. Şikayət etdikdən sonra polislərin vasitəsi ilə evə qayıtmışam. Bundan sonra da Güloğlan tez-tez məni təhqir edib, döyüb”.
Qadın ifadəsinin davamında bildirib ki, hadisədən bir gün qabaq axşam saatlarında işdən evə qayıdarkən Yağmurun sifətinin göyərdiyini görüb. Güloğlandan nə olduğunu soruşduqda, o, əli ilə Yağmurun üzünü tutub sıxdığını deyib. Bildirib ki, uşaqların səsini qəbul etmir buna səbri çatmır.
Ayın 15-i işdən evə gələndə Yağmurun öldüyünü bilib.
Məhkəmə iclasında Güloğlan Nağıyev ittiham üzrə özünü təqsirli bilməyərək övladını öldürmədiyini söyləyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə layiqli cəza verilməsini istəyib.
Məhkəmə nəticəyə gəlib ki, Nağıyevin ifadəsi işin faktiki hallarına uyğun gəlmir və öz məsuliyyətini yüngülləşdirməyə yönəlib.
Məhkəmə sübutları təhlil edib Güloğlan Nağıyevin əməlini CM-nin 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə tövsif olunmasını əsaslı sayıb.
Sonda məhkəmənin hökmü ilə Güloğlan Nağıyev 18 il müddətinə azadlıqdan məhrum olunub.
Natiq