Tanınmış Qərb politoloqu, ABŞ-ın İrs Mərkəzində “Douglas and Sarah Allison” Xarici Siyasət Mərkəzinin direktoru Lyuk Kofi Səudiyyə Ərəbistanının ingilis dilində nəşr olunan “Arabnews” qəzetində “Cənub Qaz Dəhlizi Avropada enerji böhranını həll edə bilər” sərlövhəli analitik məqalə ilə çıxış edib.
Demokratikmusavat.com xəbər verir ki, məqalədə Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Ankarada keçirilən görüşündə əsas müzakirə mövzusunun qlobal enerji bazarında vəziyyətlə bağlı olduğu diqqətə çatdırılıb.
Müəllif qeyd edib ki, Ukraynadakı müharibə ilə əlaqədar bu sahədə ciddi böhran yaranıb və Avropa ölkələri alternativ enerji idxalı mənbələri axtarışındadır. Bu mənbələr sırasında Şimali Afrika, Şərqi Aralıq dənizi, ABŞ və Körfəz ölkələri var. Bununla yanaşı, Xəzər hövzəsi ölkələri də xüsusi diqqət mərkəzindədir. Bu baxımdan nazirlərin üçtərəfli görüşü önəmlidir.
Xəzər dənizi regionunda təsdiq olunmuş 292 trilyon kubmetr təbii qaz ehtiyatları olduğunu diqqətə çatdıran L.Kofi qeyd edib ki, eyni zamanda, mavi yanacağı Avropaya çatdıran mühüm boru kəmərləri inşa edilib. Dünyada dördüncü qaz ehtiyatlarına malik olan Türkmənistanın da TANAP və TAP boru kəmərlərinə qoşulması bu imkanları daha da artırır. Bu ölkədən təbii qazın boru xətti ilə nəqli daha baha başa gələn LNG təchizatından daha sərfəlidir, həmçinin yalnız Rusiya və Çinə qaz nəql edən Aşqabad üçün Qərbdən yeni gəlir mənbələri aça bilər.
Məqalədə Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizinin 2020-ci ildə istifadəyə verildiyi və Avropaya illik 60 milyard kubmetr qaz nəql etmək potensialı olduğu qeyd olunub. Eyni zamanda, Türkmənistan da Xəzərin sahilinə qədər inşa etdiyi 780 kilometr uzunluğunda olan Şərq-Qərb boru kəməri ilə Xəzər dənizi üzərindən 30 milyard kubmetr qaz ixrac edə biləcək. Digər tərəfdən, 2018-ci ildə Xəzərin statusuna dair Konvensiyanın imzalanması bütün maneələri aradan qaldırıb. (axar.az)