“Yüksəliş” müsabiqəsinin əyani mərhələsi başa çatıb

 

İyunun 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son imtahanı olan “İdarəetmə bacarıqları üzrə imtahan”ı keçirilib.

"Demokratikmusavat.com ” xəbər verir ki, imtahan Bakı şəhərində təşkil olunmuş 5 mərkəzdə baş tutub. Əyani mərhələnin son imtahanında müsabiqənin əvvəlki (“Qabiliyyət üzrə yoxlama” imtahanı) imtahanını uğurla keçmiş 1 052 namizəd iştirak edib.

Əyani mərhələnin sonuncu imtahanı olan “İdarəetmə bacarıqları üzrə imtahan”ın sual tərtibatı insan kapitalının, iş prosesinin, o cümlədən, layihələrin idarə edilməsi bacarıqlarının qiymətləndirilməsi üzrə müvafiq imtahan proseslərində tətbiq edilən dünya təcrübəsinə əsaslanır.

İmtahanda iştirakçılara qərarların verilməsi, təndiqi düşüncə, layihələrin və iş prosesinin idarə edilməsi üzrə suallar təqdim olunub. İmtahana ümumilikdə 4 saat vaxt ayrılıb.

“İdarəetmə bacarıqları üzrə imtahan” ın nəticələri hesabatla birgə 3-5 iş günü ərzində iştirakçılara göndəriləcək. Ən yüksək T-bal toplamış təxminən 300 nəfər iştirakçı “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak hüququ qazanacaq.

Qeyd edək ki, imtahanlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə təşkil olunub.

Əyani mərhələni uğurla başa vuran iştirakçılar müsabiqənin yarımfinal mərhələsinə keçid edəcək. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə ikinci “Yüksəliş” müsabiqəsi başa çatacaq.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 AZN məbləğində pul mükafatı gözləyir.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

0.15137720108032