"5-ci kalon" böyük təhlükə mənbəyidir
Azərbaycan əsgəri Ermənistan üzərində 44 günlük müharibədə möhtəşəm qələbə qazandıqdan sonra insanlar qalib ölkənin vətəndaşı kimi təkcə mənəvi ruh yüksəkliyi ilə kifayətləndi.
Hər kəs anladı ki, müharibə ölkəmizə asan, ucuz başa gəlməyib. Buna görə xalq, hətta şəhidlərinin xatirəsini öz hesabına əbədiləşdirdi. Eyni zamanda hamı tez zamanda ölkədə vəziyyətin normallaşacağını və dövlət orqanlarının insanların problemlərilə maraqlanacağını düşünürdü.
Hazırda 44 günlük müharibənin bitməsindən 1 il 8 ay keçməsinə baxmayaraq, ölkə prezidentinin cəhdlərinə və səylərinə rəğmən xalqın zəruri, həyati vacib müraciətlərinə və şikayətlərinə belə, baxılmır.
Hətta ölkənin çox həssas qrupuna daxil olan vətəndaşlar - şəhid ailələri, müharibə əlilləri və veteranları, anadangəlmə şikəst insanların səsini eşidən, harayını, şikayətini dinləyən, yazdığı şikayət ərizələrinə baxan normal dövlət orqanına rast gəlmək mümkün deyil. İnsanlar dünyanın və Azərbaycanın böhranla üzləşdiyini bilir, başa düşür, amma yüksək dövlət vəzifəsi tutan və vətəndaşların ərizə və şikayətlərinə məhəl qoymayan məmurların özbaşınalığını və biganəliyini heç kim anlaya bilmir.
Azərbaycan vətəndaşları, xüsusən müharibə əlilləri və veteranları Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin qarşısında demək olar ki, hər həftə yürüş və piket keçirir, üzlərinə bağlanan qapı və pəncərəni sındırıb içəri daxil olurlar, gözdən əlillər həmin nazirliyin qarşısında piket keçirir, iyunun 14-də "Tərtər işi" cinayətilə bağlı valideynlər Hərbi Prokurorluq qarşısında Xanlar Vəliyevin istefası tələbilə piket keçirməyə hazırlaşır və sairə.
Artıq ölkədə məmur özbaşınalığından bezən, ərizə və şikayətlərə baxılmamasından canı boğaza yığılmış insanların hökumətə zərrə qədər inam və etimadı qalmadığı aydın hiss olunur. Azərbaycan cəmiyyəti sanki partlayışa hazır olan "barıt çəlləyini" xatırladır.
Azərbaycana qarşı informasiya savaşına başlayan Rusiya mətbuatının fəaliyyətindən aydın hiss olunur ki, ölkədə hakimiyyət strukturlarını əllərinə keçirmiş "5-ci kalon" üzvləri xalqla hakimiyyət arasında yaratdığı uçurumu, gərginlik zolağını daha da genişləndirməklə ciddi məşğuldur. Onların xalqla ölkə prezidenti arasında dərin böhran və ölkədə xaos yaratmağa cəhd etdiklərini insanlar duyur və görür.
Çox təhlükəli haldır ki, ölkə prezidenti və xalqdan başqa, Azərbaycanın Rusiyanın işğalından və təsirindən çıxmasına hakimiyyətin böyük hissəsini ələ keçirmiş "5-ci kalon" ciddi müqavimət göstərir. "Ria Novosti" xəbər agentliyinin və Rusiyanın digər aparıcı TV və media orqanlarının Azərbaycan haqqında yaydıqları yalan və uydurmalar da bu cür xain məqsədə xidmət edir.
Şahnaz