İsveç Ankaranın etirazına baxmayaraq NATO-ya üzv olmaqla bağlı Türkiyə ilə danışıqlarda konstruktiv irəliləyişə nail olmağa çalışacaq.
Bu barədə cümə günü İsveçin xarici işlər naziri Ann Linde bildirib.
Finlandiya və İsveç Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq may ayında NATO-ya üzv olmaq üçün müraciət etmişdilər, lakin Türkiyə kürd döyüşçüləri və terrorçu hesab etdiyi digər qrupları dəstəkləməkdə və gizlətməkdə ittiham onları ittiham edərək bununla razılaşmayıb.
Bu etirazlar Finlandiya, İsveç və bir çox NATO rəsmilərini təəccübləndirib və Madriddə keçiriləcək NATO sammiti ərəfəsində üzvlük müraciətlərində sürətli irəliləyiş perspektivlərini kölgədə qoyub.
“Bizim müraciətimiz NATO üzvləri arasında geniş dəstək aldı. Bizim ambisiyamız Türkiyənin qaldırdığı məsələlərdə konstruktiv ruhda irəliləyiş əldə etməkdir”, - deyə Linde İsveç parlamentində xarici siyasət bəyannaməsində bildirib.
Nazir əlavə edib ki, İsveçin müttəfiqləri ilə birlikdə terrora qarşı çıxış etdiyinə dair heç bir şübhə olmamalıdır.
Ankara həmçinin İsveç hakimiyyətini 2019-cu ildə Suriyanın şimalında hərbi əməliyyata başladığı zaman Türkiyəyə silah ixracını dayandırdığına görə qınayıb.
Linde birbaşa Türkiyəyə işarə etmədən bildirib ki, İsveçin NATO üzvlüyü “milli normativ baza çərçivəsində silah ixracı şərtlərini dəyişə bilər”.