Bu il may ayı üzrə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Energetika Nazirliyi tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və Energetika Nazirliyindən 436 müraciət daxil olub.
Demokratikmusavat.com agentliyə istinadən xəbər verir ki, bunlardan elektrik enerjisi təchizatı ilə bağlı 41-i məlumat üçün olmaqla cəmi 369 müraciət, təbii qaz təchizatı ilə bağlı 5-i məlumat üçün olmaqla cəmi 54 müraciət, istilik təchizatı ilə bağlı 1-i məlumat üçün olmaqla cəmi 2 müraciət, 11 müraciət isə digər məsələlərlə bağlı olub.
Ümumilikdə 436 müraciətdən 155 müraciət Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb. 7 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib, 5 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 229 müraciət hazırda baxılma prosesindədir.
47 məlumat xarakterli müraciətdən 21-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
Qeyd edilən dövr ərzində 9 tikinti obyektinin enerji təchizat layihəsinin ekspertizası keçirilib və qeydiyyata alınıb. Enerji təchizat layihəsinin ekspertizası nəticəsində aşkar olunmuş çatışmazlıq səbəbindən 1 enerji təchizat layihəsinin qeydiyyata alınmasından imtina edilib.
Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 13 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib.
184 tikinti obyektinin qaz təchizatı layihəsinin ekspertizası keçirilib və qeydiyyata alınıb. Qaz təchizat layihəsinin ekspertizası nəticəsində aşkar olunmuş çatışmazlıq səbəbindən 12 qaz təchizat layihəsinin qeydiyyata alınmasından imtina edilib.
44 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 8 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.
Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 17 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.