1991-ci ildə Ermənistan müstəqillik əldə etdikdə ölkə əhalisi 3 633,301 mln 301 idi, 20 ildən sonra 2011-ci ildə əhali sayı 3 215,299 min nəfər, 2021-ci ildə isə 2 964,055 min nəfər olub. Müstəqillikdən bəri son 30 ildə Ermənistanın əhalisi 669 min 246 nəfər azalıb.
Demokratikmusavat.com xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, demoqrafik “əyridə” Ermənistan kritik nöqtəni keçib:
"2022-ci ilin yanvar-aprel aylarında Ermənistanda doğulan uşaq sayı 10,665 min nəfər olub, 2021-ci ilin eyni dövrünə görə doğuş 7,3% azalıb (keçən ilin ilk 4 ayında 11,501 min uşaq doğulmuşdu). Bu ilin ilk 4 ayında Ermənistanda ölənlərin sayı 10,701 min nəfər olub – yəni təbii azalma trendi davam edir. Keçən il Ermənistandan 42 min nəfər birdəfəlik köçüb, bu ilin ilk 4 ayında köç azalsa da, davam edib, ölkəni hər ay 1,5-2 min nəfərə yaxın insan birdəfəlik tərk edir. Bir çox mütəxəssislərin hesablamalarına görə demoqrafik “əyridə” Ermənistan kritik nöqtəni keçib, əhalinin azalma trendi davam edəcək".
Ekspert bildirib, bu gün Ermənistanda Moskvanın göstərişi ilə sülhə qarşı çıxan dəstələr, mitinq-yürüşlərlə, aranı qatmaqla, xaos yaratmaqla “revanşdan” danışırlar, müharibənin nəticələri ilə barışmaq istəmirlər: "Demoqrafik böhran artıq qapınızdadır, istisadi və sosial vəziyyət dünyada da pararlel olaraq ağırlaşır, Rusiyadan asılılığınız faciəvi dərəcədə yüksəkdir – bütün bu çağırışların qarşısında yeganə yolunuz sülh, əminamanlıq, sərhədlərin açılması və regional ticarətin canlanmasıdır".
"Dünyada gedən trend onu göstərir ki, Ermənistanın Qərbə inteqrasiyasının alternativi qalmayacaq. Qərbə gedən iqtisadi, siyasi, hətta coğrafi yol isə Azərbaycan və Türkiyə üzərindən keçir Ermənistanın dövlət kimi varolma şansı ancaq sülhdən, qonşularla normal münasibətlərədn asılıdır.
Məncə, Ermənistan əhalisinin böyük əksəriyyəti bunu anlayır, ona görə də Kremlin bütün təhriklərinə, dəstəyinə baxmayaraq küçələrə çıxan vətəndaş sayı kritik həddə çatmır, hətta etirazlar artıq sönərək bitməyə doğru gedir. İnanmaq istərdim ki, Ermənistan əhalisinin kollektiv ağlı sonda revaşistləri siyasi səhnədən tamamən silib sülhə doğru addımlayanlara tam dəstək olacaq", - deyə N. Cəfərli əlavə edib.