Ötən il Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsində əlavə toplanan verginin 590 milyon manatlıq hissəsi neft sektorunun payına düşüb.
Demokratikmusavat.com xəbər verir ki, bunu “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası" ilə bağlı Qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev deyib.
Onun sözlərinə görə, bu isə neft sektoru xətti ilə ödəniləcək vergi məbləgi üzrə müəyyən olunmuş proqnozdan 37,5% çoxdur.
“2021-ci ilin büdcəsi təsdiq olunanda, neftin qiyməti 50 ABŞ dolları səviyyəsində götürülməsinə baxmayaraq, faktiki olaraq orta qiyməti 71,4 ABŞ dolları təşkil edib. Nəticədə, həmin 590 milyon manat toplanan artıq vergi hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərinin payına düşüb”, - İ.Vəliyev bildirib.
Eyni zamanda, qeyri-neft sektoru üzrə daxilolmalar 6,4 milyard manat təşkil edib ki, bu da, proqnozdan 12,1% (688 milyon manat) artıqdır. Bu da, 2020-ci illə müqayisədə 754 milyon manat və ya 13,4% çox olub.