Kiçik mühərrikli avtomobillərin icbari sığortasından imtina edən sığorta şirkətləri cəzalandırılacaq.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq tənzimləyici orqan olan Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumatda deyilir ki, Mülki Məcəllənin 907.2-ci və “İcbari sığortalar haqqında” Qanunun 23.3-cü maddələrinə əsasən icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Odur ki, istənilən avtomobilin, o cümlədən mühərrikin həcmi 2001 kub santimetrdən aşağı olan avtomobillərin sığortalanmasından imtina oluna bilməz.
AMB-dən bildirilib ki, belə faktlarla qarşılaşan vətəndaşlar dərhal Mərkəzi Bankın qaynar xəttinə (966) müraciət edə bilərlər. Qurumdan o da qeyd edilib ki, müvafiq faktların aşkarlandığı halda Mərkəzi Bank tərəfindən hüquq pozuntusuna yol verən sığortaçılara qarşı qanunvericliyə uyğun olaraq nəzarət tədbirləri tətbiq olunacaq.
Xatırladaq ki, artıq bir müddətdir ki, əksər sığorta şirkətləri qeyri-rəsmi olaraq sözügedən avtomobillərin icbari sığortasından imtina edirlər. Sığorta agentləri "APA-Economics"ə bildirmişdilər ki, sığorta şirkətləri tərəfindən onlara mühərrik həcmi iki min kub santimetrə (2.0 l. mühərrik) qədər avtomobillərə icbari sığorta polisi yazmamaq haqqında tapşırıq verilib. Hətta şirkətlər əməkdaşlıq etdikləri sığorta agentləri ilə yenilədikləri müqavilələrdə belə bu bəndi əlavə ediblər. Bu tələbə əməl etməyən agentlər isə sığorta şirkətləri tərəfindən cərimə edilirlər.