Vəkillər Kollegiyası beynəlxalq əməkdaşlıqla bağlı ciddi uğurlara imza atıb

 

Vəkillik institutunun vətəndaşların keyfiyyətli hüquqi yardım almaq kimi konstitusiya hüquqlarının reallaşmasında və vətəndaş cəmiyyətinin inkişafında əvəzedilməz rolu və mühüm əhəmiyyəti danılmazdır. Vəkillər vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində nə qədər fəal çalışarlarsa, cəmiyyətdə qanunçuluğun səviyyəsi bir o qədər yüksək olar, beləliklə, vətəndaş cəmiyyətinin əlverişli inkişafı üçün geniş imkanlar yaranar.

Bu gün vəkilliyin əsas məqsədi ehtiyacı olan vətəndaşlara ixtisaslı hüquqi yardım göstərməkdir. Məlumdur ki, vətəndaş cəmiyyəti hüquqi dövlətin yaradılmasının ilkin şərtlərindən biridir ki, onu inkişaf etmiş vəkillik institutu olmadan təsəvvür etmək mümkün deyil. Vəkillərin peşəkar birliyi olan Vəkillər Kollegiyası tərəfindən həyata keçirilən islahatlar, görülən işlər məhz vəkillik institutunun gücləndirilməsi ilə insan hüquqlarının müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi mütərəqqi islahatların reallaşdırılmasına töhfə verməkdədir. Son illərdə vəkilliyin intibah dövrü yaşaması ilə bağlı birmənalı fikirlər səsləndirilir. Ölkəmizdə vəkilliyə olan etimadın gücləndirilməsi, vəkilliyin nüfuzunun artırılması, bununla da vətəndaş hüquqlarının effektiv və səmərəli müdafiəsinin təmin olunması mübahisəsizdir. Təbii ki, bu proses ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının tərkib hissəsi olmaqla bütövlükdə insan hüquq və azadlıqlarının təmin olunmasına yönəlib.

Məlumdur ki, bu günədək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmuş insan hüquqlarının müdafiəsi məsələlərinə həsr olunmuş milli fəaliyyət proqramlarında vəkilliyin inkişafı ilə bağlı çoxsaylı tövsiyələr verilib. Hüquq islahatlarında inqilabi rol oynayan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanda Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması, vəkillərin tədrisində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə edilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, vəkillik institutunun müstəqilliyinin təmin edilməsi, bölgələrdə peşəkar vəkillərin sayının artırılması, habelə elektronlaşma məsələləri məxsusi şəkildə vurğulanıb.

Milli vəkilliyin sürətli inkişafı göz önündədir.

“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamında səsləndirdiyi “...ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır” cümləsi vəkilliyin devizinə çevrilib.

Azərbaycan vəkilliyinin intibah dövrü adlandırılan son dörd il ərzində Vəkillər Kollegiyasının sədri, öz peşəsini ürəkdən sevən, bacarıqlı və peşəkar vəkil Anar Bağırovun rəhbərliyi ilə Azərbaycan vəkilliyində, həqiqətən, tarixi uğurlara imza atılıb.

Ötən dövr ərzində Vəkillər Kollegiyasının fəaliyyətini nizamlayan 20-dən çox tənzimləyici qaydalar qəbul olunubdur.

Vəkilliyə qəbul sahəsində də əhəmiyyətli irəliləyişlərə nail olunub. Məlum olduğu kimi, ölkəmizdə 2018-2022-ci il aralığında vəkillərin sayı təqribən 2135-yə çatıb. Vəkilləri sıralarında gənc vəkillərin, xanım vəkillərin sayı əhəmiyyətli dərəcədə artırılıb. Keyfiyyətli hüquqi yardımın reallaşdırılması üçün bütün tələblərə cavab verən şəraitə malik vəkil bürolarının sayı üç dəfəyədək artırılaraq 110-a yüksəldilib.

Dövlət hesabına hüquqi yardımın keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, “formal vəkilliklə” mübarizə öz bəhrəsini verib. Son dörd il ərzində həm paytaxt, həm də regionlarda 30 mindən çox iş üzrə aztəminatlı şəxslərə Kollegiya tərəfindən pulsuz hüquqi yardım xidmətləri göstərilib.

Beynəlxalq əməkdaşlıqla bağlı ciddi uğurlara imza atılıb.

BMT-nin ixtisaslaşmış qurumları olan Beynəlxalq Miqrasiya Təşkilatı, İnsan hüquqları, habelə Uşaq hüquqları üzrə komissarlıqları, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), habelə Avropa Şurası, Avropa İttifaqı, Dünya Bankı və Beynəlxalq Qırmızı Xaç Təşkilatı ilə əməkdaşlıq münasibətləri möhkəmləndirilib. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Hüquqşünasların Beynəlxalq Assosiasiyasına (UIA) və Asiya və Sakit Okeanı hövzəsi ölkələrinin hüquq cəmiyyətlərinin birliyinə (LAWASIA) üzv seçilib. 

Azərbaycan Vəkillər Kollegiyası Çin, Polşa, Rusiya, Türkiyə, Avstriya, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Almaniya və s. ölkələrin peşəkar vəkil birlikləri, Vəkillər Kollegiyası Hüquqşünaslarının Beynəlxalq Assosiasiyasının (UIA), Asiya və Sakit Okeanı Ölkələrinin Hüquq Assosiasiyasının (LAWASIA) və s. beynəlxalq vəkil təşkilatları ilə sıx əməkdaşlıq edir, beynəlxalq tədbirlərdə milli vəkilliyimizi layiqincə təmsil edir.

Gənc hüquqşünasların vəkilliyə marağının artırılması daim diqqət mərkəzində saxlanılıb, Vəkillər Kollegiyası ilə ELSA (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən, Vəkillər Kollegiyasının dəstəyi ilə birgə layihələr, konfranslar, dəyirmi masalar, seminarlar, müzakirələr, məhkəmə müsabiqələri, yay və qış hüquq məktəbləri keçirilib, o cümlədən ELSA üzvləri müraciət edərək vəkil qurumlarında istənilən zaman təcrübə keçiblər. İki il ard-arda “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsinin həm Azərbaycanda keçirilməsi üçün, həm də qaliblərin ABŞ-dakı raundlarda iştirakı üçün, həmçinin Vyanada keçirilmiş 26-cı Beynəlxalq Kommersiya Arbitraj Müsabiqəsində (26th Willem C. Vis Moot) Azərbaycanı təmsil edən komandanın səfər xərcləri üçün maddi dəstək göstərilib. Vəkillər Kollegiyası Bakı Dövlət Universiteti, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası ilə uğurlu əməkdaşlıq reallaşdırmaqdadır.

Vətəndaşların hüquqi yardıma əlçatanlığını təmin etmək üçün Vəkillər Kollegiyasının veb-saytında bütün vəkil qurumlarının və vəkillərin onlayn reyestri yaradılıb. Vəkillər “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya olunaraq hər bir vəkil üçün yaradılmış “şəxsi kabinet” vasitəsilə məhkəmələrə iddialarını elektron qaydada göndərə, işlər barədə SMS və e-poçt vasitəsilə məlumatlandırıla və məhkəmə sənədlərini elektron qaydada əldə edə bilirlər.

Əlbəttə ki, Azərbaycanda vəkillik peşəsi ilə bağlı müxtəlif çətinliklər olub. Lakin son illər ərzində Vəkillər Kollegiyasının fəaliyyətində aparıcı beynəlxalq təşkilatlar və Azərbaycanın vətəndaş cəmiyyəti tərəfindən qəbul edilmiş və tanınmış bir çox əlamətdar nailiyyətlər əldə olunub.

Görülən işlərin məntiqi nəticəsi olaraq Azərbaycan vəkilliyi həm aparıcı beynəlxalq təşkilatlar, həm də vətəndaş cəmiyyəti qarşısında mahiyyətinə uyğun müstəqilliyini təsdiq edərək Avropa Şurası və Avropa İttifaqına üzv ölkələrin vəkillər kollegiyalarını, hüquq cəmiyyətlərini və bir milyondan çox hüquqşünası birləşdirən CCBE təşkilatına üzvlüyə qəbul olundu. 

Vəkilliyin bu uğuru ölkəmizdə həm vətəndaş cəmiyyəti, həm də dövlət qurumları tərəfindən alqışlanmaqdadır. Bu üzvlüklə Azərbaycan hüquqşünasları ilə Avropa hüquqşünasları, kollegiyaları və hüquq cəmiyyətləri arasında əməkdaşlıq imkanları genişlənəcək. Avropada təcrübə keçmək imkanları yaranacaq, hüquqşünasların peşəkar hazırlığı təkmilləşdiriləcək ki, bu da onların fəaliyyətinin Avropa standartlarına uyğun həyata keçirilməsi üçün müstəsna əhəmiyyət kəsb edəcək. Bu, eyni zamanda, Vəkillər Kollegiyasının işinin daha da təkmilləşdirilməsinə böyük imkanlar yaradır. Vəkillər Kollegiyasının sədri Anar Bağırovun da vurğuladığı kimi, bu, son dörd ilin ən böyük uğurlarından biridir və bu uğur ölkəmizin imicinə də öz müsbət təsirini göstərir.

Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurası (CCBE) 32 Avropa ölkəsindən (Avropa İttifaqı, Avropa İqtisadi Zonası və İsveçrədən olanlar) və daha on bir assosiativ üzv və müşahidəçini bir araya gətirən bir assosiasiyadır. CCBE bir milyona yaxın avropalı hüquqşünası, əsasən Aİ institutlarında, həm də digər beynəlxalq təşkilatlarda təmsil edir. CCBE-nin nizamnaməsi onun məqsədini qanunun aliliyinin qorunmasına, əsas insan hüquq və azadlıqlarının, o cümlədən ədalət mühakiməsinə çıxış hüququ və müştərinin müdafiəsi və bir-biri ilə sıx bağlı olan demokratik dəyərlərin qorunmasına fəal nəzarəti əhatə edir. Bu mötəbər, beynəlxalq quruma üzvlüyümüz dörd illik gərgin əməyin və danışıqların bəhrəsi olmaqla, əlbəttə ki, Azərbaycan vəkilliyinin inkişafına əvəzolunmaz töhfədir.

Biz təqribən dörd il bundan əvvəl, demək olar ki, hər bir işi sıfırdan başlamışıq və belə qısa müddət ərzində ümumilikdə vəkillik peşəsinin nüfuzunun artırılmasında və bu institutun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar ata bildik. Görülən işlərdə dövlətin və vətəndaşların dəstəyini daim hiss etmişik. Bu gün vəkillik güclənmiş bir təsisatdır, böyük vəkil ordusuna və güclü komandaya malikik. Vətəndaşların keyfiyyətli hüquqi yardım almaq hüququnun reallaşdırılması və ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi üçün daha da güclənəcək və daha böyük uğurlara imza atacağıq.

Öz növbəmdə, əldə etdiyimiz hər bir uğurda böyük zəhməti olan Vəkillər Kollegiyasının sədri hörmətli Anar Bağırova, böyük vəkil komandamızın hər bir üzvünə dərin təşəkkürümü bildirirəm.

Pərviz Ələkbərov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədr müavini 

0.16878795623779