Qazaxıstanda referendum keçirilir

 

Qazaxıstanda ölkə konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı davam edən referendumda yerli vaxtla saat 07:00-a (Bakı vaxtı ilə saat 05:00) qədər 8 mindən çox seçki məntəqəsi açılıb.

Bu barədə Mərkəzi Referendum Komissiyasının sədr müavini Konstantin Petrov keçirdiyi brifinqdə bildirib.

“Nur-Sultan vaxtı ilə saat 07:00-a olan məlumata görə, 12 regionda 8 089 seçki məntəqəsi səsverməyə başlayıb”, - Petrov deyib. Onun sözlərinə görə, Qazaxıstanın 10 xarici dövlətdəki nümayəndəliklərində 12 seçki məntəqəsində də səsvermə başlayıb.

Qazaxıstanda saat qurşağının sərhədlərinə uyğun olaraq, ölkənin beş regionunda - Aktobe, Atırau, Qərbi Qazaxıstan, Qızılorda və Manqistau vilayətlərində seçki məntəqələri bir saat gec, yəni Nur-Sultan vaxtı ilə saat 08:00-da (Bakı vaxtı ilə 06:00) işə başlayacaq.

Konstitusiyaya əlavə və dəyişikliklərə uyğun olaraq, dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin və yerli nümayəndəlik orqanlarının rolu əhəmiyyətli dərəcədə gücləndirilir, insan hüquqları sferası sistemli şəkildə gücləndirilir, Konstitusiya Məhkəməsi yenidən yaradılır, ölüm cəzası birdəfəlik ləğv olunur və ölkənin birinci lideri Nursultan Nazarbayevin statusu ilə bağlı müddəalar çıxarılır.

0.13930511474609