Bu gün Qazaxıstanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumrespublika referendumu keçiriləcək.
Demokratikmusavat.com xəbər verir ki, müvafiq sərəncamı mayın 5-də ölkə prezidenti Kasım-Jomart Tokayev imzalayıb.
Referendumda əhalisinin sayı 19,1 milyon nəfərdən çox olan Qazaxıstanın 11,7 milyondan çox vətəndaşı səs verə biləcək.
Bu məqsədlə Qazaxıstanda və 52 xarici ölkədə ümumilikdə 10 mindən çox seçki məntəqəsi yaradılıb.
Referendumu 25 xarici ölkə və 11 beynəlxalq təşkilatdan 272 nümayəndə izləyəcək.
Referenduma çıxarılan Konstitusiyaya dəyişikliklərin əsas hissəsi super-prezident idarəetmə formasından güclü parlamentə malik prezident respublikasına keçidə yönəlib. Yenilənmiş Konstitusiyada prezidentin bütün siyasi partiya və hərəkatlardan bərabər məsafəli statusunun möhkəmləndirilməsi, dövlət başçısının ən yaxın qohumlarının dövlət sektorunda rəhbər vəzifələri tutmasına qadağa qoyulması nəzərdə tutulur.
Dəyişikliklər respublikanın birinci prezidenti Nursultan Nazarbayevin rolu və imtiyazları ilə bağlı müddəaları istisna edir. O cümlədən, Qazaxıstanın birinci prezidentinin ardıcıl iki dəfədən artıq dövlət başçısı vəzifəsinə seçilmək hüququ ilə bağlı müddəa, birinci prezidentin statusunun və səlahiyyətlərinin Konstitusiya ilə müəyyən edildiyini bildirən bənd çıxarılır.
Nazarbayevin müstəqil Qazaxıstanın qurucusu, Qazaxıstan Respublikasının ilk prezidenti - Elbaşı kimi qeyd edilməsi və onun statusunun dəyişməzliyinə dair müddəalar da əsas qanundan çıxarılır.
Dəyişikliklərin mühüm bloku insan hüquqları sahəsinə aiddir: Konstitusiya Məhkəməsinin yaradılması, insan hüquqları üzrə müvəkkil statusunun konstitusiya səviyyəsində möhkəmləndirilməsi, ölüm hökmünün tamamilə qadağan edilməsi və s.
Həmçinin, torpağın, onun təkinin, flora və faunasının xalqa məxsus olması, xalq adından mülkiyyət hüququnun dövlət tərəfindən həyata keçirilməsinin Konstitusiyada təsbit edilməsi də təklif olunur.