Vahid Əhmədov: “Rus sülhməramlılarını türk sülhməramlıları əvəz etməlidir”

 

“Moskva  hələ də Qarabağ kartından öz məqsədləri üçün istifadə etməyə çalışır. Məhz ona  görə də son dövrlərdə  istər rus mediasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı təxribatxarakterli  məsələlər gündəmə gətirilir. Amma bu cəhdlərin xeyri yoxdur. Azərbaycanı mövqeyindən  döndərmək mümkün deyil. Rus sülhməramlıları Qarabağdan çıxamlıdır və  çıxacaq da… Biz bunun şahidi olacağıq”.

Bunu “Demokratikmusavat.com ”a açıqlamasında deputat Vahid Əhmədov  rus mediasında Qarabağı yenə də müstəqil dövlət kimi təqdim etməsi ilə bağlı mövqeyini şərh edərkən deyib.

Millət vəkili onu da  deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Qarabağdan rus sülhməramlılarının çıxarılmasına yardım etməyə hazır olduğunu bəyan edib: “Artıq belə bir fikir var və ona görə də rus sülhməramlılarının burada mövcudluğu müvəqqəti xarakter daşıyır İnanıram ki, bu məsələlər tez bir zamanda həllini tapacaq və rus sülhməramlıları çıxacaq. Onlar özləri də, ermənilər də  bunu yaxşı bilirlər.  Ukraynada vəziyyət getdikcə gərginləşir və oradakı proseslər heç də Rusiyanın xeyrinə inkişaf etmir. Oan görə də Rusiya Qarabağ kartından istifadə etməyə çalışır ki, bəlkə bu bölgədə nəyəsə nail olsun. Ancaq bu mümkün olan şey deyil”.

Deputat əlavə edib ki, artıq Zəngəzur dəhlizinin reallaşması, sərhədlərin demarkasiya və delimitasiyası istiqamətində işlərə başlanıb: “Ona Rusiyanın bu cəhdləri havaya boş güllə atmaqdan başqa bir şey  deyil. Bu məsələlərdə Azərbaycan  dövlət başçısının mövqeyi qətidir. Türkiyənin mövqeyi qətidir”.

 Deputat hesab edir ki, Moskvanın bu təxribatxarakterli hərəkətlərinin arxasında Qərbin bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində proseslərə ciddi surətdə dəstək verməsi dayanır: “Qərbin mövqeyi birmənalı şəkildə Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Qərbin bu addımı Rusiyanı qıcıqlandırır və bundan narahat olduqlarından  bu cür təxribatxarakterli hərəkətləri yol verir.  Qərb Cənubi Qafqazda sülh və sabitliyin yaranması üçün faktiki olaraq  Ermənistana deyir ki, Azərbaycanın 5 təklifi  ilə razılaş və bunun əsasında sülh sazişini imzala. İndi erməni lobbisi, Rusiya və digərləri vəziyyəti dəyişmək çünü cəhdlər edirlər. Amma bu cəhdlər uğursuz olacaq. Qərbin bu məsələdə çox qəti mövqeyi var”.
 Ermənistanda keçirilən aksiyalara gəldikdə isə deputat bildirib ki, bu aksiyalarda Paşinyanın əli olması istisna deyil. “Bəlkə Paşinyan da bu aksiyaların keçirilməsində maraqlıdır. Ermənistanda digər qüvvələr də bilir ki, hazırda Paşinyanı devirmək hələ də qeyri-mümkündür. Sadəcə Paşinyan bu aksiyalardan istifadə edərək sülh sazişi imzalamqdan boyun qaçırıb, vaxt qazanmaq istəyir. Bu aksiyalarla göstərmək istəyir ki, ölkədə bu məsələyə ciddi etirazlar var. Cəmiyyət narazıdır və müqavimət var. Paşinyanda bundan istifadə edib, sülh danışıqları prosesindən boyun qaçırmağa çalışır.  Lakin bunun heç bir  faydası olmayacaq. Bir daha qeyd edirəm ki, məsələ ilə bağlı Azərbaycan dövlətinin ortada qəti mövqeyi var. Azərbaycan dövlət başçısı da dövlət maraqlarına uyğun siyasət yürüdür və ona görə də qələbə qaçılmazdır. Odur ki, rus sülhməramlıları da  Qarabağdan çıxacaq  və başqa yol yoxdur. Rus sülhməramlılarını bölgədə Türk sülhməramlıları əvəz edə bilər. Artıq Ərdoğan da bunun anonsunu verib. Hesab edirəm ki, Türk sülhməramlıları bölgədə daha etibarlı şəkildə sülhü və sabitliyi bərpa edə bilər. Bundan təkcə Ermənistan yox, bütövlükdə regiona ölkələri və digərləri qazanar”- millət vəkili bildirib.

Mürtəza
Demokratikmusavat.com

0.17700791358948