İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İsveçrə Konfederasiyasının Xarici İşlər Federal Departamenti arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə İsveçrə Konfederasiyasını Xarici İşlər Federal Departamentinin dövlət katibinin müavini xanım Anna İfkovits rəhbərlik edib.
Danışıqlar zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, regional məsələlər, Azərbaycanın Avropa dövlətləri ilə tərəfdaşlıq münasibətləri, iqtisadi və humanitar sahələr üzrə əlaqələr müzakirə edilib, ölkəmizin Avropa üçün etibarlı tərəfdaş kimi xüsusi əhəmiyyəti, nəqliyyat və enerji dəhlizlərin təminatında vacib rolu yüksək qiymətləndirilib.
Görüş çərçivəsində X.Xələfov və A.İfkovits tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi nümayəndəliklərin üzvləri ilə birlikdə yaşayan ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması haqqında Saziş” imzalanıb.
Nazir müavini X.Xələfov, həmçinin İsveçrə Konfederasiyasını Xarici İşlər Federal Departamentinin dövlət katibinin digər müavini cənab Yohannes Matyassi ilə görüşüb. Görüş zamanı tərəflər, Azərbaycan Respublikası ilə İsveçrənin beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq perspektivləri, iqtisadi və konsulluq məsələləri, Cənubi Qafqaz və Şərqi Avropada baş verən prosesləri ətraflı müzakirə ediblər.
Hər iki görüş zamanı İsveçrə şirkətlərinin Cənubi Qafqazda sülh prosesləri nəticəsində yarana biləcək yeni nəqliyyat və logistika infrastrukturun formalaşdırılmasına, ilk növbədə Azərbaycana, xüsusən də işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə cəlb edilməsi təklifi ətraflı müzakirə olunub.
Siyasi məsləhətləşmələr iki ölkə arasında konstruktiv siyasi gündəliyin mövcudluğunu, münasibətlərin yeni siyasi tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi zərurətini nümayiş etdirib.