Kanada hökuməti fərdi silahlanmaya qarşı indiyədək ən sərt addımlardan birini atmağa hazırlaşır.
Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdo tapança alqı-satqını tamamilə qadağan edəcək qanun hazırladıqlarını açıqlayıb.
Qanun mövcud silah lisenziyalarının qəfil ləğvini nəzərdə tutmasa da, alışı qeyri-qanuni edəcək.
Trüdo qanun layihəsi barədə ABŞ-ın Texas ştatında ibtidai məktəbdə baş verən atışmada 21 nəfərin öldürülməsindən bir neçə gün sonra açıqlama verib.
Bazar ertəsi Kanada parlamentinə təqdim edilən təklifə əsasən, ölkənin istənilən yerində tapançaların alınması, satışı və ötürülməsi qadağan ediləcək.
"Kanadada bir insanın idman məqsədləri və ya ovçuluqdan başqa, gündəlik həyatında silaha sahib olması üçün heç bir səbəb yoxdur", - deyə baş nazir bildirib.
Qeyd edək ki, ABŞ tarixinin ən qanlı silahlı hücumlarından biri olan hadisə ölkədə hiddət yaradıb. Hadisədən sonra müxtəlif ölkələrdə fərdi silahlanma məsələsi yenidən siyasi gündəmə gətirilib.
Billurə