Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinin yayılması ilə bağlı son məlumatları paylaşıb.
Demokratikmusavat.com xəbər verir ki, 23 ölkədən ÜST mərkəzinə bildirilmiş hallardan 257-si təsdiqlənib, 120 şübhəli hal araşdırılıb, virusdan ölüm qeydə alınmayıb.
Vurğulanıb ki, virusun təqibi genişləndikcə endemik və qeyri-endemik ölkələrdə yoluxma hallarının sayının artması ehtimalı var.
ÜST-ə üzv ölkələr meymunçiçəyi virusuna yoluxma riski yüksək olan insanlara dəqiq məlumat verməyə, risk qrupları arasında virusun daha da yayılmasının qarşısını almağa və virusla mübarizə sahəsində çalışan tibb işçilərini qorumağa çağırılıb.
Meymunçiçəyi xəstəliyinin ən çox görüldüyü Böyük Britaniyada 106, Portuqaliyada 49, Kanadada 26, İspaniyada 20, Niderlandda 12 və ABŞ-da 10 yoluxma hadisəsinə rast gəlinib.
Avstriya, Belçika, Fransa, Finlandiya, İsveçrə, İsrail, İtaliya, Avstraliya və virusun müşahidə olunduğu digər ölkələrdə yoluxma sayı 10-dan aşağıdır.