ABŞ-ın Texas ştatının dördüncü ən böyük şəhəri olan Hyuston şəhərində 28 may Azərbaycanın Müstəqillik Günü elan edilib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova məlumat verib. İ.Axundova bildirib ki, şəhər meri Silvester Turner bununla bağlı bəyannamə imzalayıb.
Sənəddə 1976-cı ildə Hyuston ilə Bakı şəhərlərinin qardaşlaşaraq sosial, peşə, təhsil və mədəni səviyyədə qarşılıqlı əlaqələr qurduğundan, hər iki şəhərin neftlə bağlılığından və onlar arasında ümumi nöqtələr olduğundan bəhs olunub.
Bəyannamədə Azərbaycanın müstəqillik tarixindən də bəhs edilib, Azərbaycan Xalq Cümhuriyyəti bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi kimi təqdim olunub.
Bəyannamədə eləcə də Texas ştatının Hyuston şəhərində yaşayan Azərbaycan icmasının aktiv fəaliyyətindən bəhs olunub və onların müxtəlif sahələrdə ABŞ-a töhfələr verməsi qeyd edilib.