Deputat arağını şəhidin adına yaradılmış bulaqda soyudub? - Açıqlama + FOTOLAR (Yenilənib)

 

“Bəzi media orqanlarında haqqımda yayılan görüntülər saxtadır və mənə qarşı həyata keçirilən böhtan kampaniyasıdır. İyirmi səkkiz il mayın 18-ni Laçının işğal günü kimi qeyd edən xalqımız Azərbaycan Ordusunun gücü sayəsində ilk dəfə olaraq bu günü sevinclə qeyd edir. Mənim də iştirakım olmaqla Güləbird kəndində tədbir təşkil olunub. AZTV-nin, ARB-nin, Real TV-nin əməkdaşları da reportaj hazırlamaq məqsədilə orada olublar. Bununla yanaşı həmin tədbirdə Qarabağ qaziləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, eləcə də Laçın rayonundan olan sakinlər də iştirak ediblər”.

Haqqında yayılan informasiyalara 121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadə münasibət bildirərkən belə deyib.

M. Abbaszadə Laçın rayonunun Güləbird kəndinin Humay adlı şəhidinin olmadığını bildirib: “Həmin ərazidə Humay adlı bulaq var. Amma kəndin Humay Hümbətov adlı şəhidi yoxdur və bulaq da şəhidin adını daşımır. Orada biz yalnız su qəbul etmişik. Bir daha bəzi mətbu orqanlarını haqqımda əsasız məlumatlar yaymamağı çağırıram. Hər hansı bir məlumat yayarkən dəqiqləşmə aparmağı tövsiyə edirəm. Şər və böhtan atmaq yaxşı əlamət deyil.”

***

Çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxs orada olan zaman kef məclisi qurub. Bu barədə “Caliber” məlumat yayıb.

Belə ki, Laçınla bağlı bir verilişin çəkilişlərindən sonra istirahət etmək və içki məclisi qurmaq istəyən şəxslər özlərinə məskən kimi Vətən uğrunda şəhid olmuş şəxsin adına yaradılmış bulağı seçiblər.

Həmin bulağın sərin sularında özləri ilə götürdükləri araqlarını soyudan və eyş-işrətlə məşğul olan şəxslərin arasında millət vəkili, Laçın rayonunun deputatı Mahir Abbaszadə, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev də var.

Deputatın arağını soyutduğu bulağın həmin şəhidin məzarından 5-6 metr aralıda yerləşməsi isə vəziyyəti daha da iyrənc edir.

Görünür öz səfərlərindən və məclislərindən vəcdə gələn deputat və Komitə rəsmisi şəhidə, onun xatirəsinə hörmətsizlik etdiklərinin fərqinə varmayıblar.

Həmin görüntüləri təqdim edirik:

 
 
0.13889694213867