60 MİN NƏFƏRLİK GİZLİ QOŞUN ÜZƏ ÇIXDI - Azərbaycanın qonşuluğuna da yerləşib

 

ABŞ Müdafiə Nazirliyi ötən 10 il ərzində təxminən 60 min nəfərlik gizli, maskalanmış qoşun yaradıb. Həmin qoşun dünyanın bir çox ölkələrinə səpələnib, o cümlədən İran və Rusiya kimi ölkələrdə yerləşib.

Virtualaz.org xəbər verir ki, bu barədə nüfuzlu “Newsweek” jurnalının araşdırmasında deyilir. Jurnal gizli qoşunu iki ilə yaxın davam edən araşdırması nəticəsində üzə çıxardığını bildirir. Araşdırma zamanı həmin gizli proqramın bir çox iştirakçılarından müsahibələr ötürülüb, habelə müdafiə sahəsində işləyən məsul şəxslərdən məlumatlar alınıb.

Jurnal qeyd edir ki, bu cür iri miqyasda gizli qüvvələrin yaradılması ABŞ qanunlarına, Cenevrə konvensiyasına, döyüş əməliyyatlarının aparılması və hərbçilərin hesabatlılığı prinsiplərinə ziddir. Bildirilir ki, Pentaqonun gizli ordusunun heyəti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin analoji qüvvələrinin sayından 10 dəfə çoxdur. Gizli ordunun mənsubları həm bilavasitə hərbi qulluqçular kimi, həm mülki adlar altında fəaliyyət göstərən əməliyyatçılar qismində xidmət edirlər. Bəzən onlar kommersiya müəssisələrinin və ya konsaltinq firmalarının əməkdaşları kimi özlərini təqdim edirlər. Gizli ordunun mənsubları həm real şəraitdə, həm kiberməkanda fəaliyyət göstərir.

Gizli orduya mülki şəxslər və saxta adlar altında çalışan podratçılar da cəlb olunub. Bu da gizli əməliyyatların artmasının nəticəsidir. Gizli ordunun yarısını dünyanın müxtəlif yerlərində məxfi əməliyyatlar həyata keçirən hərbi bölmələr təşkil edir. Digər yarısı isə kəşfiyyat və əks-kəşfiyyat mütəxəssislərindən ibarətdir. Onların bir qismi xarici ölkələrdə başqa adlar altında işləyirlər.

Nəhayət gizli ordunun bölmələrindən biri də kiberəməliyyatlar və virtual məkanda hücumlar həyata keçirməklə məşğuldur. Bu bölmənin əməkdaşlarının əksəriyyəti ABŞ ərazisində işləyir. Pentaqonun gizli ordunu formalaşdırmaqda məqsədi qlobal miqyasda terrorla mübarizə, habelə Rusiya və Çin kimi ölkələrlə rəqabətdir.

Proqrama 130-a yaxın özəl şirkət, onlarla az tanınan və gizli hökumət təşkilatları cəlb olunub. Proqrama cəlb olunan şirkətlər ildə gizli ordunun fəaliyyəti üçün Pentaqondan 900 milyon dollardan çox vəsait alır. Bu vəsait saxta sənədləşmənin hazırlanmasına, başqa adlar altında işləyən əməliyyatçıların hesablarının ödənilməsinə, xüsusi avadanlıqların istehsalına və satın alınmasına, o cümlədən casus avadanlıqlarının alınmasına sərf edilir.

Həmin gizli qüvvələrin mənsubları təkcə Pakistandan tutmuş Qərbi Afrikaya qədər ən müxtəlif regionlarda terrorçulara qarşı fəaliyyət göstərmir, eyni zamanda böyük ölçüdə dünyanın “qaynar nöqtələrində”, o cümlədən Şimali Koreya və İranda da işləyir. Gizli ordunun mənsubları kiberməkanda kəşfiyyat məlumatları toplayır, sosial şəbəkələrdə manipulyasiyalar həyata keçirir, o cümlədən kiberhücumlar təşkil edir.

Araşdırma ilə bağlı hələlik ABŞ rəsmi orqanlarının heç bir şərhi yoxdur.

0.14619088172913