Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerləşən “Ömər” markete kütləvi hücum olunub.
Gununsesi.info-nun məlumatına görə, 24News.ge xəbər portalına bu barədə mağaza sahibləri məlumat verib.
Mağaza sahibi Qəşəm Şamilovun sözlərinə görə, hücumu həyata keçirənlər Dmanisidə yaşayan bir qrup svan (gürcü) əsilli şəxslər olub.
Q. Şamilov hucum edən şəxslərin artıq bir neçə dəfə mağazaya gələrək aldıqları məhsulun pulunu vermiyəcəklərini deyir. Onun sözlərinə görə, bu gün saat 17:00 radələrində bir qrup svan (gürcü) əsilli şəxslər, mağazanın önünə gələrək mağazanın qarşısında duran gəncləri və mağaza sahiblərini döyməyə çalışıblar.
Mağaza sahiblərinin sözlərinə görə, onlar azərbaycanlılara, müsəlmanlara Dmanisidə yer olmadığı ifadələr də işlədiblər.
Xəbər portalına verilən məlumata əsasən, kütləvi hucum zamanı bir neçə nəfər ciddi xəsarətlər alıb. Faktla bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerinə gələrək araşdırmaya başlayıblar.