Kərim Babayev Azərbaycana qaçıb

 

Rusiyanın Rostov şəhərində azərbaycanlı biznesmen Kərim Babayevə məxsus bazarların bağıanmasından sonra yaranmış gərgin vəziyyət davam edir. 

Rusiya regional KİV-ləri yazır ki, bazarların bağlanması nəticəsində işsiz qalan minlərlə ticarətçi ilə məhkəmə icraçıları arasında qarşıdurmalar baş verir. Ticarətçilərin bir qisminə başqa bazarlarda yer təklif etsələr də əksəriyyət hara gedəcəyini bilmir. İşsiz qalan ticarətçilərin arasında çoxsaylı Azərbaycan vətəndaşları da var.

Yeniavaz.com "bloknot-rostov.ru"ya istinadla xəbər verir ki, Rusiya polisi sahibkarlara bazarlardakı mallarına yaxınlaşmağa icazə verməyiblər. Bu səbəblə işçilərlə polislər arasında mübahisə olub. Sahibkarların sözlərinə görə, polis onlara nə bazara girməyə, nə də mallarını geri götürməyə qoymur.  Bazarlar giriş üçün bloklandığına görə, bəzi girişlərdə işçilərdən pasport və ya icarə müqaviləsi tələb edilir. Bu qaydaya tabe olmayanlar isə 15 günlük inzibati həbslə təhdid edilirlər. 

Sahibkarlar bildirir ki, əgər bazar qanunsuz fəaliyyət göstərirdisə bu illər ərzində niyə heç bir tədbir görülməyib? Onların sözlərinə görə hazırda çox sayda vətəndaş işsiz qalıb, vəziyyət isə vaxt ötdükcə gərginləşir. 

Xatırladaq ki, Kərim Babayev Rostov ətrafındakı Aksay rayonunda yerləşən “Atlant”, “Almaz”, “Klassik” və “Kolxoznıy” bazarlarının, habelə digər çoxsaylı kommersiya obyektlərinin sahibidir. Aprelin 12-də Federal Təhlükəsizlik Xidməti Aksay rayonunun başçısı Vitali Borzenkonu, Kərim Babayevin iki oğlunu və onun bazarlarının icraçı direktorunu saxlayıb. Babayevin oğlanlarından biri buraxılsa da qalanları barədə cinayət işi qaldırılıb. Onlar dövlətə məxsus torpaq sahələrini qanunsuz yollarla ələ keçirməkdə, vergilərdən yayınmaqda və digər iqtisadi cinayətlərdə ittiham olunurlar. Kərim Babayev özü isə həmin gündən etibarən ortalarda yoxdur. Onun Türkiyə üzərindən Azərbaycandakı nüfuzlu qohumlarının yanına qaçdığı bildirilir.

Aprelin 27-də Rusiyanın güc strukturlarının 5 minə qədər əməkdaşı Kərim Babayevin bazarlarını mühasirəyə alıb, yüzlərlə qeyri-leqal miqrant saxlanılıb. Daha sonra bazarlar bağlanıb. Nəticədə bazarlarda işləyənlər bir saatın içində işsiz qalıb.

Kərim Babayev Azərbaycana qaçıb 

Ticarətçilər sual edirlər-hakimiyyət nəyə görə bu iri ticarət meydançalarının fəaliyyətinə onillərdir göz yumub, amma birdən ayılıb ki, onların tikildiyi ərazini Vitali Borzenko Kərim Babayevə qanunsuz verib?

Bildirilir ki, ticarətçilərin bir qisminə Rostovun digər bazarlarında 9 minə qədər yer təklif ediblər, meyvə-tərəvəz ticarətçilərinin bir qismi isə köhnə aerpoportun ərazisinə köçüb. Lakin heç də hamı köçə bilmir-bağlanmış bazarların ərazisində onların avadanlıqları və hətta ikimərtəbəli pavilyonları qalır.

“Rostov-Bloknot” portalı yazır ki, artıq bazarda ticarətçilərlə məhkəmə icraçıları arasında toqquşmalar baş verir. Bu günlərdə Rostov prokurorluğu ilk dəfə həmin bazarların bağlanması ilə bağlı məsələni şərh edib. Prokuror müavini Kirill Osipçuk bildirib ki, bazarın ərazisində biznesmenlərin əmlakını mühafizə etmək üçün polis əməkdaşları keşik çəkir.

“Orada tədbir keçiriləndə, o cümlədən qaldırılmış cinayət işi çərçivəsində axtarışlar aparılanda bazarların sakinlərinin bir çoxu qaçdılar, hər şeyi atıb getdilər. Bununla bağlı polis əməkdaşlarının bazarda qalan əmlakı mühafizə etməsi üçün növbətçilik təşkil olunub”, - o deyib.

Prokurorluq bazarların yerləşdiyi  6 torpaq sahəsinin müsadirə edilməsi barədə məhkəməyə vəsadət verib, bu vəsadət çərçivəsində bazarlar bağlanıb. Sahibkar isə qərardan şikayət verib. Kirill Osipçuk deyib ki, prokurorluq bazarları hələ 2020-ci ildə yoxlamağa başlamışdı. Lakin onların sahibləri prokurorluqla təmasdan yayınıblar, göndərilən sorğulara cavab verməyiblər və ifadə verməyə gəlməyiblər.

0.1411120891571