39 saylı şəhər poliklinikasında özbaşınalıq: Peyvənd olunmaq istəyənlər həkim tapa bilmir

 
39 saylı şəhər poliklinikasında özbaşınalıq: Peyvənd olunmaq istəyənlər həkim tapa bilmir 

“Mayın 10-da vaksinasiya üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçərək saat 14:00-15:00 üçün 39 saylı şəhər poliklinikasına yaxınlaşsam da, vaksinasiya oluna bilmədim”. paralel.az xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist Kamran Mahmudov paylaşım edib.

Onun sözlərinə görə, poliklinikaya yaxınlaşdığı gün ona bildirilib ki, mayın 10-da vaksinasiya saat 14:00-a qədər olub və artıq poliklinikada heç kim yoxdur:

“Deyirəm bəs necə olur ki, saat 14:00-a qədər işləyirsiniz, amma qeydiyyata da adam götürürsünüz? Deyirlər ki, bu, bizim günahımız deyil, randevu.its.gov.az saytının günahıdır. Poliklinikanın baş həkiminin müavininin cavabı isə daha unikal oldu. Deyir ki, siz niyə başqa poliklinikanı deyil, məhz bizim poliklinikanı seçmisiniz? Daha nə deyəcəyimi bilmirəm. İctimai nəqliyyatın işləmədiyi bir vaxtda, boş vaxt tapıb, qeydiyyatdan keçib, taksi ilə vaksin olunmağa gedirsən, onda da qeydiyyatdan keçdiyin poliklinika öz keyfi ilə işləməsin. İndi mən yenidən vaksin olunmaq üçün qeydiyyatdan necə keçə bilərəm?”

Məsələ ilə bağlı 39 saylı şəhər poliklinikası ilə əlaqə saxladıq. Poliknikanın baş həkiminin müavini Sevda İsgəndərova iddialara cavab olaraq paralel.az-a bildirib ki, irəli sürülən iddialarla bağlı araşdırma aparılır:

“Bu məsələdən xəbərimiz var. Həmin tarixdə poliklinika hər gün olduğu kimi adi qaydada işləməli idi. O tarixdə poliklinikada olmalı olan personal araşdırılacaq və barələrində lazımi tədbir görüləcək. Araşdırılacaq ki, həmin gün işdə hansı tibb işçiləri olub və hansı səbəbdən məntəqəni tez bağlayıblar. Araşdırmanın yekununda həmin şəxslər barəsində müvafiq tədbirlər görüləcək”.

K.Mahmudovun yenidən vaksinasiya üçün hansı qaydada qeydiyyatdan keçməli olduğuna dair sualına isə S. İsgəndərova belə cavablandırıb:

“Həmin şəxsin yenidən qeydiyyatdan keçməsinə ehtiyac yoxdur. Biz yerindəcə həmin şəxsə növbə götürə bilərik. Yenidən peyvənd üçün nə zaman istəsə, müraciət edə bilər”.

 

Könül Cəfərli

 
 
0.1521999835968