İcra başçısı süpürgəçi vəzifəsi təklif etdiyi qazi ilə bağlı yalan məlumat yaydı - "Məsələni xahiş edirəm, yayındırmayın!"

 

Qazi İqbal Səfərov Pirallahı rayon icra başçısı Vasif İmanovun ona süpürgəçi işi təklif etməsi ilə bağlı İcra Hakimiyyətinin rəsmi açıqlamasında qeyd olunanları təkzib edib.

Bakupost.az -ın xəbərinə görə, İqbal Səfərov bildirib ki, İcra Hakimiyyətinin onun haqqında verdiyi açıqlama tamamilə yalandır və buna görə Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edir: “Pirallahı RİH tərəfindən yazıma reaksiya verilib. Sən demə, Məşğulluq İdarəsinə də müraciət etmişəm, özü də 2 dəfə. Bu nə vaxt olub, necə olub? Ola bilər, yəqin yaddaşım itib, başım pozulub, xatırlamıram.

Çox xahiş edirəm, şəxsən Dövlət Təhlükəsizlik Xidmətindən bu məsələ ciddi araşdırılsın. Hər halda sözügedən Məşğulluq İdarəsi haradadırsa, ora girib-çıxışım olubsa, deməli, kamera görüntüləri də var. Yox, əgər sübut etməsələr, oranın rəhbəri kimdirsə, ona deyiləcək sözü sizin öhdənizə buraxıram. Mən bir söz tapıb deyə bilmirəm ona. Bu müqəddəs gündə danışılan yalanlara ortaq olmasın. Allahdan çəkinsin. Allah var, ədaləti var”.

İ.Səfərov əlavə edib ki, icra başçısı RİH-də Prezidentin sərəncamı imzalanmamışdan, şöbə yaranmamışdan əvvəl işçi götürüb: “Vətən Müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsi haqqında sərəncam cənab Prezident tərəfindən 7 yanvar 2021-ci ildə imzalanıb. Mən ordudan 2020-ci il dekabr ayının 30-da tərxis olunmuşam. Sənədlərim də İcra Hakimiyyətindədi. Heç olmasa cavab yazmazdan əvvəl, cənab Prezidentin sərəncamıyla tanış olmaq lazımdı. Sizin dediklərinizdən belə çıxır ki, sərəncam imzalanmamışdan, müvafiq şöbə yaranmamışdan öncə götürmüsüz ki, işçiləri. Nə maraqlı...

Mənə İcra hakimiyyətinə deyil “Komunalnı” deyilən quruma (MKTB) iş təklifi olunub. Deyilib ki, bir müddət orda işlə sonra baxaq, görək nə edirik. Bütün icra işçiləri bunu bilirlər. Anlaşılandı, müəyyən səbəblərə görə susurlar. Qınamıram, incimirəm də. Səhv anlamasınlar. Ancaq özləri ki, bilir kimin düz, kimin səhv olduğunu...”

Qazi İcra Hakimiyyətinin onun barəsində dediyi Gömrük orqanlarında çalışmaq istəyi ilə bağlı iddialara da cavab verib: “Mən orda da işləmişəm, bəs CV vermişəm, sizə yazmayım ki, harada işlədiyimi?

Mən İnzibati İdarəetmə, Gömrük Ekspertizası ixtisasını qırmızı diplomla bitirmişəm. Gizlədərdimki? Bəli, cənab başçı məni qəbul edəndə səmimi danışıqlarımız arasında istər-0istəməz mənim əvvəlki xidmətimdən də danışmışıq. Fəxri fərmanlarıma, əlavə sənədlərimə də baxıb. Danmıram ki, danışmışıq bu haqda da. Amma boynuma qoymasınlar başqa şeylər. Bəli, mən ixtisasım olduğuna görə Gömrük Komitəsinə də müraciət etmişəm. Bunu cənab başçıya demişəm. Gömrük rəhbərliyi məni yaxşı tanıyır, hər zaman hörmətlə yanaşıblar mənə bu gün də yanaşırlar. Müraciətin çox olduğunu, gözləməyimi bildiriblər. İndi nə edim, işə götürmürlər deyə durum dava edim olarla? Zorla deyil ki. Ən azından məni təhqir etmirlər. Sizin açmağa vaxt tapmadığınız qapımı gömrük rəisləri dəfələrlə açıblar. Amma son sözü deyən ayrıdı. Nə etmək olar.

İndi nə edək, bir saatda nə danışmışıq hamısını yazaq burda? Başçılıq etdiyiniz rayonda komandir ola-ola başqa rayondan kadr gətirdiniz nəsə dedim sizə? Dedim ki, niyə məni götürmədiniz işə? Bir aya yaxındır, götürmüsüz işçiləri.

Bu rayonun ağsaqqalı sizsiniz dediyim kimi, yəqin, belə məsləhət bilmisiz. Amma mənim şikayətim isə fərqlidi. Sizə heç kim bu haqqı vermir məni təhqir edəsiniz. Yazımı diqqətlə incələsəz, görərsiniz ki, müvafiq şöbəylə əlaqədar etmirəm şikayət. Amma bunu da edəcəm.

Dediyim kimi, hər halda sənədlərimə baxıb bu qərara gəldiniz ki, mənim yerim məhz cənab Prezidentin sərəncamı ilə yaradılan şöbə yox, küçələrdir. Nəzərinizə çatdırım ki, biz bunun mübahisəsini edirik.

Bu gün sizin mənə elədiyinizi nəinki Gömrük, fərqi yoxdu hansısa qurum eləsə, yenə eyni şeyi edəcəm. Məsələni xahiş edirəm, yayındırmayın!

Və dediyim kimi, inciməyin, sözüm sözdü, şikayət edəcəm sizdən Komandirimə (Prezident İlham Əliyev nəzərdə tutulur – Red.). Bir yolla əvvəl-axır çatdıracam ona sözümü. Bax, o gün isə bu gün istənməyən üzrxahlıq üçün əmin olun, peşman olacaqsız!”

0.27665400505066