PKK erməni generallarla sövdələşir: İrəvanla terrorçuların gizli danışıqları

 

Türkiyənin son vaxtlarda İraqın və Suriyanın şimal bölgələrində həyata keçirdiyi əməliyyatlar nəticəsində ağır zərbələr alaraq xeyli zəifləyən, böyük itkilər verən PKK ("Parti Karkaren Kurdistan") terror təşkilatı Ermənistanla gizli danışıqlar apararaq hava hücumundan müdafiə sistemləri əldə etməyə çalışır.

"Pençe Kaplan", "Pençe-Şimşek" və "Pençe-Yıldırım" əməliyyatları nəticəsində sığınacaqları, bazaları, anbarları və mövqeləri darmadağın edilən, yüzlərlə mənsubunu itirən PKK terrorçuları Türkiyənin qırıcı-bombardmançı təyyarələrindən, zərbə helikopterlərindən və uçan pilotsuz aparatlarından (PUA) qorunmaq üçün hava hücumundan müdafiə sistemlərinə yiyələnməklə situasiyanı öz xeyrinə dəyişmək niyyətindədir.

PKK funksionerləri bu məqsədlə Ermənistanla, habelə Liviyada "Milli Silahlı Qüvvələrin ali baş komandanı" marşal Xəlifə Xəftarın yaxın ətrafı ilə danışıqlar aparırlar.

PKK mənsublarının rəsmi İrəvanla həyata keçirdiyi gizli danışıqlarda İranın xüsusi xidmət strukturlarının və kəşfiyyat orqanlarının xüsusi rolu var.

Danışıqlarda İraqdakı "Həşdi Şəbi" silahlı könüllülər qruplaşmasının nümayəndələri də iştirak ediblər.

Xatırladaq ki, "Hədi Şəbi" İranın xüsusi xidmət orqanlarının tam nəzarətində fəaliyyət göstərir.

Gizli danışıqlarda PKK-nın nümayəndə heyətinə əslən Türkiyənin Tunceli vilayətindən olan, "Hülya Oran" kimi tanınan erməni Bese Hozatla "Sozdar Avesta" kod adlı yezidi kürd Nuriye Kesbi rəhbərlik ediblər.

B.Hozat və N.Kesbi PKK-nın Ali Şurasının üzvləridir. Bese Hozat habelə, Murat Karayılanla birlikdə PKK terror təşkilatının həmsədri sayılır.

Nuriye Kesbiyə gəldikdə isə, o, PKK ilə Ermənistandakı yezidi kürd icması arasında "qarşılıqlı əlaqələrin və təmasların təminatına məsul şəxs" kimi tanınır.

Erməni tərəfdən danışıqlara qatılanlar arasında Dağlıq Qarabağdakı terrorçu xuntanın "Təhlükəsizlik Şurası"nın katibi, Xocalı soyqırımının qəssablarından biri Vitali Balasanyan, terrorçu xuntanın sabiq "müdafiə naziri", hazırda Ermənistan Müdafiə Nazirliyinin müşaviri olan general-leytenant Cəlal Arutyunyan və terrorçu xuntanın digər sabiq "müdafiə naziri", general Samvel Babayan vardı.

Gizli danışıqlarda PKK mənsubları bildiriblər ki, İraqdakı Qəndil dağındakı əsas bazada, habelə daha 4 məkanda Rusiya istehsalı olan "9K33 Osa" zenit-raket kompleksləri yerləşdirmk istəyirlər.

Bese Hozat bildirib ki, Ermənistandan alınacaq "Osa"lar İraqdakı "Həşdi Şəbi" qruplaşmasının xüsusi ayrılacaq qrupları vasitəsilə Ermənistandan İrana keçiriləcək, oradan da İraqın şimalına daşınacaq.

Rəsmi İrəvan PKK terrorçularına "Osa" ZRK-ları satmağa razılıq verib, lakin bu əməliyyatın Rusiyanın icazəsi olmadan həyata keçirilməsinin mümkünsüzlüyünü vurğulayıb.

B.Hozata "Əvvəlcə Rusiyadan icazə alın, sonra işə başlayaq" deyilib. Eyni zamanda, Hozatın nəzərinə o da çatdırılıb ki, Ermənistan PKK-ya Rusiya istehsalı olan "9K38 İqla", "9K338 İqla", "9K333 Verba" daşınan zenit-raket komplekslərini satmğa hazırdır.

Bir müddət sonra isə İraqın müdafiə naziri Cümə İnad Səəduni Xəttabın başçılıq etdiyi nümayəndə heyəti İrəvana səfər edib. 8 nəfərlik nümayəndə heyətinin səfəri əsnasında general Xəttab İrəvanda prezident A.Sarkisyan, baş nazir Nikol Paşinyan və s. şəxslərlə rəsmi görüşlər keçirib, sonra da Ermənistanla İraq arasında hərbi əməkdaşlıq haqqında əməkdaşlıq imzalanıb.

Səfər əsnasında general Xəttab Ermənistanın müdafiə naziri Vaqarşak Harutyunyanla keçirdiyi görüşdə PKK-ya "Osa" ZRK-ların satışı məsələsini də müzakirə edib.

Eyni zamanda general Xəttab erməni həmkarından İkinci Qarabağ Müharibəsi zamanı Türkiyə istehsalı olan döyüş PUA-larının, xüsusilə də "Bayraktar TB2"lərlə bağlı müfəssəl məlumatları istəyib.

Nazirlə növbəti görüş və müzakirələrin Bağdadda keçirilməsi barədə razılığa gəliblər.

PKK-nın Suriyanın şimalında fəaliyyət göstərən bölmələri də HHM sistemləri əldə etməyə çalışırlar. Lakin PKK bu məsələ ilə bağlı Ermənistanla yox, Liviyada maral Xəlifə Xəftarın "administrasiyası" ilə danışıqlar aparır.

Ötən ilin may ayında başlanmış PKK-Xəftər danışıqlarına Birləşmiş Ərəb Əmirliklərinin XİN başçısı Ənvər Qarqaş vasitəçilik edib. "Yaxın Şərqin qara qutusu" kimi tanına Qarqaş PKK-ya maliyyə və hərbi-texniki yardımlar göstərən dövlətlərin "fəaliyyət"lərinin "koordinasiyası" ilə məşğul olur.

PKK-nın Suriyanın şimalındakı bölməsi olan PYD-nin Siyasi Şurasının sədri Elder Halil məhz Ə.Qarqaşın göstərişlərindən və təlimatlarından sonra X.Xəftarın iki müavini ilə danışıqlar aparıb.

Kürd terrorçular Xəftardan "Pansir-S1" zenit-raket və artilleriya sistemləri istəyiblər.

"Pansir"lərin BƏƏ vasitəçiliyi ilə gizli şəkildə İraqın şimalına, Qəndil dağına daşınacağını vurğulayan E.Halil ZRK-lara görə "ödənişlərin tam həyata keçirilməsi" ilə yanaşı, Liviyada Xəftara dəstək üçün 3 min PKK terrorçusundan ibarət 5 dəstənin də göndərilə biləcəyini vəd edib.

PKK-nın Liviyadan "Pansir" alması ilə bağlı gizli əməliyyatına Birləşmiş Ərəb Əmirlikləri, Fransa və İraqın müdafiə nazirlikləri ilə kəşfiyyat strukturlarının dəstək verməsi nəzərdə tutulmuşdu.

Rusiya istehsalı olan "Pansir C1"lərdən PKK-ya nə qədər verilməsi ilə bağlı müzakirələr uzun çəkib.

Xatırladaq ki, marşal Xəftar məhz Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə Rusiya istehsalı olan 23 "Pansir C1" əldə etmişdi. BƏƏ bu ZRK-ları Rusiyadan alaraq Xəftara bağışlamışdı.

Xəlifə Xəftar danışıqlar zamanı PKK-ya bol vədlər verib, sonra isə "proses"i oğlu Səddama tapşırıb.

Səddam Xəftar da atasının göstərişi ilə bir neçə dəfə PKK funksionerləri ilə görüşüb, lakin sonda "Liviyada vəziyyət gərginləşib, hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız daha da artıb" deyərək "Pansir"lərin verilməsinin mümkün olmadığını deyib.

Səddam Xəftarın belə "qəfil imtina"sının əsas səbəbləri PKK-ya "Pansir C1"lərin veriləcəyi təqdirdə, Britaniya, Çin və Türkiyənin bu "əməliyyat"a reaksiyalarını həddən ziyadə ağır olacağı idi.

BƏƏ rəhbərliyi mümkün sonucları ehtimal edərək geri çəkilmişdi.

... PKK terror təşkilatı hava hücumundan müdafiə sistemləri əldə etmək üçün gizli danışıqları və sövdələşmələri davam etdirir.

Təbii ki, alqı-satqının gerçəkləşdirilməsini və maliyyələşdirilməsini vəd etmiş hamilərinə güvənərək.

Elçin Alıoğlu
Demokratikmusavat.com

0.14649081230164