Ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları vaxtaşırı yeni kampaniyalar və yeni xidmətlər təşkil etdiklərini bəyan etsələr də, abunəçilər davamlı olaraq onların fəaliyyətindən narazılıq edirlər.
İş o yerə çatır ki, bəziləri operatorlarını dəyişmək məcburiyyətində qalır. Çünki təklif olunan tarif və xidmətlərlə real vəziyyət arasında ziddiyyət mövcuddur.
Azərbaycanda 3 mobil rabitə operatorundan biri olan "Nar Mobile" isə abunəçiləri ilə açıq şəkildə oyun oynayır.
Bunun şahidi olmaq üçün sözü gedən operatorun müştərisi olmaq bəs edir.
"Limitsiz paket" 2 günə necə bitdi?
Oktyabrın 27-sində Nərimanov metrostansiyası yaxınlığında yerləşən "Nar Mobile" Xidmət Mərkəzindən 070-970-93-05 nömrəli "Data kart" aldıq. Və xidmət mərkəzində çalışan işçidən onu aylıq limitsiz internet paketinə keçirməyini istədik. Əməliyyat icra edildi. Və növbəti ayın – noyabrın – 27-də 20 AZN-lik paketin müddəti bitdiyinə görə internet xidməti dayandırılacağı xəbərdarlığı edildi.
Deyilən kimi də oldu – noyabrın 27-də limitsiz paket bitdi. "Nar Mobile" Müştəri Xidmətləri ilə əlaqə saxlayıb interneti hansı yolla aktiv edəcəyimizi öyrəndik. Sualları cavablandırmaqda səlahiyyətli olan operatorun söylədiyinə görə, aylıq limitsiz paketi aktiv etmək üçün ya nömrəni planşetdən çıxarıb hansısa mobil telefona yerləşdirərək balansını artırıb müəyyən kodu sms vasitəsilə göndərmək lazımdır, ya da müştəri xidmətlərinə yaxınlaşıb nömrəni təqdim edərək 20 AZN ödəmək.
İkinci variantın daha əlverişli olduğunu düşünüb, iki ədəd 10 manatlıq danışıq kartı aldıq və ilk dəfə getdiyimiz yerə - "Nar Mobile"nin Nərimanovdakı xidmət mərkəzinə yollandıq. Mərkəzdə əyləşən operatora danışıq kartının göstərdiyimiz nömrəyə yüklənməsini, daha sonra isə aylıq limitsiz paketin aktiv edilməsini istədik.
5-10 dəqiqədən sonra operator məbləğin balansa yükləndiyini, aylıq limitsiz internet paketin isə aktiv edildiyini bildirdi.
Lakin internet aktivləşəndən cəmi 2 gün sonra xidmət yenidən dayandırıldı və internetdən istifadə tamamilə mümkünsüz hala gəldi.
"777" Nar Mobile Müştəri Xidmətləri ilə əlaqə saxladıq, problem haqda məlumat verdik və Xidmətin əməkdaşından bu cavabı aldıq:
"Noyabr 27-də sizin balansınıza sadəcə 20 AZN-lik danışıq kartı yüklənib və heç bir paket seçilməyib. Sizdə "aylıq limitsiz paket" aktivləşdirilmədiyinə görə 2 gün ərzində internetdən etdiyiniz istifadə birbaşa 20 manatlıq vəsaitdən çıxıb. Hazırda balansınızda vəsait yoxdur".
Sistem xətası və abunəçi sarsıntısı
Ertəsi gün yenidən Nərimanov metrostansiyası yaxınlığında yerləşən xidməti aktivləşdirmək üçün müraciət etdiyimiz "NAR Mobile Xidmət Mərkəzi"nə yollandıq.
2 gün öncə danışıq kartını nömrəyə yükləyən və aylıq paketin aktivləşdirildiyini deyən Rauf adlı operatora internetin kəsildiyini və "Nar Mobile Müştəri Xidmətləri"ndən bizə, "bu nömrədə aylıq internet paket seçilməyib", deyildiyini bildirdik.
Operator bir daha nömrəmizi soruşub kompüterində yoxlanış etdi. Yoxlanışı bitirdikdən sonra, "sizdə aylıq internet paketin aktiv olunduğu göstərilir", - dedi.
Planşetimizi təqdim edib, "özünüz yoxlayın" söylədik. Yoxladılar və: "Bu, sistemin problemidir, nömrənizi qeydə aldım, sabaha qədər problem aradan qaldırılacaq", - söylədi.
Üstündən 4 gün ötüb, ancaq hələ də internet xidməti bərpa olunmayıb. Və məsələnin ən pis tərəfi odur ki, indi karta hansısa məbləği yatırmaq da mümkün deyil.
Bu günlər ərzində operatorla bir neçə dəfə əlaqə saxlamağımıza baxmayaraq, məsələnin texniki şöbə tərəfindən araşdırıldığı və problemin nə zaman həll ediləcəyini bilmədiklərini deyirlər.
Beləcə, bu yekəlikdə "Nar Mobile" şirkəti 4 gündür "sistem xətasını" aradan qaldıra bilmir. Görünür, bu şirkətdə istifadəçinin hüququ heç nə ifadə eləmir. Onlar üçün əsas olan vətəndaşı cəlb eləmək, limitsiz internet paketi təklif etdiyini deməklə, pul almaq və sonra da "sistem xətası" adı ilə abunəçinin cibinə girməkdir.
Maraqlıdır ki, 2 gündür "Nar Mobile" şirkətinin nə rəhbərliyi, nə də mətbuat katibliyi ilə əlaqə saxlamaq olur.