10:32
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimi keçirilib.
Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev əvvəlcə Agentliyin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisinin hazırkı vəziyyəti barədə məlumat verib. Bildirilib ki, ötən il dekabrın 24-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təməlqoyma mərasimi keçirilən Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir. 1843 ailəni mənzillə təmin edə biləcək bu yaşayış kompleksinin 29 çoxmənzilli binasının hər birinin müxtəlif icra mərhələlərində olan tikintisi, həmçinin ərazinin müvafiq mühəndis-kommunikasiya sistemi ilə təchiz edilməsi işləri paralel həyata keçirilir. Kompleksin ilk 12 yaşayış binasının və 960 şagird yerlik ümumtəhsil məktəbi binasının tikinti-quraşdırma işləri artıq başa çatdırılıb. Növbəti ilin yay aylarında kompleksin ilk mənzillərinin gələcək sakinlərinə təqdim olunması planlaşdırılır. Ümumilikdə isə kompleks 2019-cu ildə tam təhvil veriləcək.
Yasamal Yaşayış Kompleksinin tikintisində 20-dən artıq şirkət iştirak edir və ümumi tikinti prosesinə 3 min nəfərə yaxın işçi cəlb olunub. “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən güzəştli mənzillərin satışına başlanılmasına hazırlıq məqsədilə Agentliyin ilk layihəsi olan Yasamal kompleksi haqqında məlumatların ətraflı təqdim olunduğu internet səhifəsi istifadəyə verilib. www.yasamal.mida.az internet səhifəsində informasiya əldə etmək və komplekslə bağlı yarana biləcək suallara cavab tapmaq mümkündür. Səhifəyə daxil olanlar Yasamal Yaşayış Kompleksinin baş planı, hər bir binası, mənzillərin daxili və xarici perimetr üzrə sahələri, otaqlarının sayı, interyer nümunələri ilə tanış ola biləcəklər. Bu internet səhifəsi vasitəsilə kompleksin layihə xüsusiyyətləri, sakinlərin rahatlığı üçün yaradılan şərait, nəqliyyat infrastrukturu, tikinti və təmir zamanı istifadə olunan inşaat materialları haqqında da ətraflı məlumat əldə etmək mümkündür. Saytda, həmçinin güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, həmin şəxslərin müraciət qaydası, mümkün ödəniş üsulları, qurumla əməkdaşlıq edən banklar və digər məlumatlar var. Bu il mayın 30-da “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemində güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatına başlanılıb. Bu sistem vasitəsilə 7500-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənib. Bu gün vətəndaşlar əlavə vaxt itirmədən elektron imzadan istifadə edərək tələb olunan sənədləri internet vasitəsilə təqdim edirlər. Həmçinin “ASAN xidmət” mərkəzlərində Agentliyin əməkdaşlarının fəaliyyəti təşkil olunub. Agentlik tərəfindən tezliklə “Güzəştli mənzil” sisteminin növbəti satış modulu da istifadəyə veriləcək və vətəndaşlar üçün bütövlükdə yaşayış kompleksinin hər bir binası, satışa çıxarılan mənzillərin interyeri ilə virtual qaydada tanış olmaq və seçim etmək imkanı təmin ediləcək. Agentlik “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilmiş hədəfləri rəhbər tutaraq dövlət büdcəsindən asılılığı minimuma endirmək məqsədilə özəl investisiya şirkətləri ilə səmərəli əməkdaşlığın qurulmasına nail olub.
Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında inşa olunacaq Hövsan Yaşayış Kompleksi Bakının sürətlə inkişaf edən şərq hissəsində, Xəzər sahilindən cəmi 2 kilometr məsafədə, yaşayış və istirahət üçün olduqca rahat bir məkanda yerləşəcək. Kompleksin 20 hektarlıq ərazisinin qərb hissəsində şam və zeytun ağaclarından ibarət geniş yaşıllıq zonası mövcuddur. Ərazidə yaşıllaşdırma prosesinin fəal surətdə davam etdirilməsi üzrə planlar Hövsan Yaşayış Kompleksinin gələcək sakinlərinin ekoloji cəhətdən təmiz və sağlam mühitdə yaşayışı üçün zəmin yaradır. Şəhərcik çoxmənzilli 11 yaşayış binasından ibarət olacaq. Bunlardan yeddisinin yeddimərtəbəli on səkkiz girişli, dördünün isə onmərtəbəli bir girişli olması nəzərdə tutulur. Bu binalarda, ümumilikdə, 3002 mənzil olacaq ki, onlardan 280-nin birotaqlı, 1481-nin ikiotaqlı, 940-nın üçotaqlı, 301-nin isə dördotaqlı olması planlaşdırılır. Birotaqlı mənzillərin sahəsi təqribən 32-35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 51-54 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 64-68 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 79-86 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq.
Kompleksdə çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur obyektlərinin tikintisi aparılacaq. Ərazidə hər biri 260 yerlik olmaqla iki uşaq bağçasının, 1920 şagird yerlik ümumtəhsil məktəbinin, ticarət mərkəzinin və xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, ərazidə müvafiq nəqliyyat infrastrukturunun yaradılması və şəhərin ictimai nəqliyyat sisteminə inteqrasiyası planlaşdırılır.
Dövlət başçısı Hövsan Yaşayış Kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlini qoyub.
Sonda xatirə şəkli çəkdirilib.