Şəhid valideynləri Ağstafa Rayon İcra Hakimiyyəti başçısının qəbuluna düşə bilmir

 

2018-ci il may ayının 20-də Naxçıvan Muxar Respublikasında düşmən təxribatının qarşısını alarkən şəhid olan Adil Tatarovun valideynləri övladlarının adının Ağstafa rayonunda əbədiləşdirilməsini istəyirlər.

Bu barədə Yeniavaz.com-a danışan şəhidin atası bildirib ki, övladının adının əbədiləşdirilməsi üçün Ağstafa Rayon İcra Hakimiyyəti başçısının qəbuluna düşməyə çalışsa da, alınmayıb: 

“İcra Hakimiyyəti başçısının qəbuluna düşə bilmirəm. Ağstafada küçələrdən birinə övladımın adının verilməsini istəyirəm. Özüm xərcini çəkib həmin küçədə bulaq tikəcəyəm. Amma heç kim bizimlə maraqlanmır”.

Şəhidin anası Tatrova Şükufə isə bildirir ki, 2020-ci ilin 8 martında İcra Hakimiyyəti nümayəndələrinə bu istəyini çatdırsa da, heç bir nəticəsi olmayıb:
“8 martda bizə gəlmişdilər. Hər hansı bir ehtiyacımızın olub-olmadığını soruşdular. Dedim ki, gözümün ağı-qarası bircə oğlum var idi. Onun adının əbədiləşdirilməsini istəyirəm. Ancaq heç kim mənim bu arzumu diqqətə almadı”.



Ağstafa Rayon İcra Hakimiyyətindən bildirildi ki, məsələ araşdırılacaq.

Qeyd edək ki, A. Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub. Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb. Ailədə 5 uşaqdan kiçiyi olan Adil eyni zamanda Tatarovlar ailəsinin yeganə oğul övladı olub.

A.Tatarov 2018-ci il may ayının 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası ərazisində düşmən tərəfinin təxribatının qarşısını alarkən şəhid olub. Həmin əməliyyat Günnüt adlanan ərazinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçməsi ilə nəticələnib.

Şəhid A. Tatarov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə isə “Şücaətə görə” medalları ilə təltif olunub.



0.13423705101013