Xanbabayev həbsə gedir - İDDİA

 
15 il Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı olmuş Şəmsəddin Xanbabayev də həbs ediləcək sabiqlər sırasındadır.

Onun adı Xaçmaza rəhbərlik etdiyi dövrdə çeşidli qanunsuzluqlara, korrupsiyaya və hətta sifarişlə adam öldürmə cinayətinə belə qarışıb. “Heykəl korrupsiyası” isə Şəmsəddin Xanbabayevin ən sevimli məşğuliyyətlərindən olub. Xaçmaz şəhəri ərazisindəki parklarda dağ keçisindən tutmuş dəvəyə qədər, hətta iki Şəmsəddin Xanbabayev hündürlüyündə olan qorilla heykəli belə qoyulub.

Bu heykəllər büdcədən rayonun abadlığı üçün ayrılan vəsaitlər hesabına hazırlanıb. Növbənöv daş heykəllər şəhərin ərazisini bəzədiyi günlərdə şəhərdaxili yollar bərbad olub, sakinlər ciddi şəkildə işsizlikdən əziyyət çəkiblər. Qəbuluna gedən xaçmazlılara “iş yoxdur” deməklə yola salan başçı daha çox özünə işləyib, varidatını artırmaqla məşğul olub.

“Yeni Müsavat” qəzeti də daxil olmaqla bir çox KİV-lər həmin günlərdə Şəmsəddin Xanbabayevin əməllərindən yazıb, Xaçmazdakı vəziyyət haqda reportajlar hazırlayıb. Lakin ictimai nəzarət belə Şəmsəddin Xanbabayevi öz cibini doldurmaq həvəsindən çəkindirməyib. Şəmsəddin Xanbabayev 15 il ərzində torpaqları qarış-qarış satıb. Xaçmaza köhnə “VAZ 2106”-da gələn Xanbabayev, vəzifəsindən 10 milyonlarla ölçülən varidat sahibi kimi ayrılıb. Bu gün Xaçmazda səkilər, piyada yolları demək olar ki, yoxdur.

Xanbabayev satmaq üçün torpaq tapmayanda isə şeytanın ağlına belə gəlməyəcək hiylələrə əl atıb. Satdığı torpaqlarda obyekt tikən sahibkarlara bildirib ki, obyektlərinin damlarının üstünü də satır.

Bunun üçün yanına bir-iki adam salıb obyektlərə gedir, sahibinə: “bu adamlar obyektinin damını satın alırlar”,-deyirmiş. Naəlac qalan sahibkar öz obyektinin damını Şəmsəddin Xanbabayevdən satın alırmış.

Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı postunda olduğu müddətdə rayon ərazisində bir neçə sifarişli qətl törədilib.

Belə qətllərdən biri 15 sentyabr 2010-cu ildə baş verib. Həmin gün Xaçmaz bazarının sahibəsi, “Arzu” MMC-nin təsisçisi və direktoru Nəcimə Babayeva yaşadığı evdə qəsdən öldürülüb. Bundan dərhal sonra cinayətin ört-basdır edilməsi istiqamətində addımlar atılıb. Nəcimə Babayevanın qətlində yaxınlarının əlinin olması haqda yalan məlumatlar dövriyyəyə buraxılıb.

Lakin Nəcimə Babayevanın övladları analarının sahibəsi olduğu bazara görə qətlə yetirildiyini ortaya çıxara biliblər. İşdə Şəmsəddin Xanbabayevin fiqurant olduğu haqda xəbərlər üzə çıxandan sonra Nəcimə Babayevanın övladlarına qarşı son dərəcə total, bir mərkəzdən idarə edilən hücumlar başlayıb. Bu hücumlar haqında Nəcimə Babayevanın qızı Gülnara Həbibova “Yeni Müsavat”a illər öncə müsahibəsində bu sözləri demişdi.

Onun dediklərindən sitat:

“Xaçmazda qalıb yaşamağımız mümkün deyil. Anamın əlindən bazarı ala bilməyənlər neçə illik fasilədən sonra yenidən hərəkətə keçiblər. Bizə təzyiqlər göstərilir, bazarın əlimizdən alınması üçün barəmizdə saxta, əvvəlcədən hazırlanmış şəxslər vasitəsilə ittihamlar irəli sürülür. Bu adamlar istəyirlər ki, tərəzinin bir gözünə bizim yaxınlarımızı, bir gözünə isə bazarı qoyub alver etsinlər. Anamla bacarmadılar, indi də məni yaxınlarımla sınağa çəkmək istəyirlər. Bəli, anam 2006-cı ildə Şəmsəddin Xanbabayevin qəbulunda olmuşdu, ona demişdi ki, bazarı satır. Bundan sonra anama hər tərəfdən hücumlar başladı. YAP-dan qovulan Azad Yaqubov 2007-ci ilin yanvarında təcili Xaçmaz Kooperativlər Cəmiyyətinə sədr təyin olundu. 1 iyun 2007-ci il tarixdə bazar yandırıldı. Təşkil edilmiş yanğına görə anamı çağırıb, barəsində cinayət işi başlayacaqlarını deyirdilər. Həmin günlərdə rayon rəhbərliyi ortaya yol planını atdı.

Dedilər ki, ticarət mərkəzinin ərazisindən yeni yol salınacaq. Xəbər göndərdilər ki, ticarət mərkəzinin boşaldılması üçün fəaliyyətə başlanılır. Xanbabayevin sağ əli olan birinci müavini Akif Mərdanov və Rasim Məlikovu da bu işə qoşdu. Anamı rayon prokurorluğuna çağıraraq əvvəl onu həbslə hədələyərək bazarın ərazisini xoşluqla verməsini tələb etdilər. Heç nə alınmadı. Bundan sonra Akif Mərdanov o dövrdə rayon prokuroru olan Rasim Məlikova adi vətəndaş kimi məktub yazdı. Eyni zamanda 1 qrup öyrədilmiş şikayətçi isə Şəmsəddin Xanbabayevə kollektiv və anonim ərizə yazdılar. Hər 2 müraciətin məğzi eyni idi - tələb olunurdu ki, ticarət mərkəzi anamın əlindən alınsın və ərazidə yeni ticarət mərkəzi tikilsin. Paralel olaraq Vergilər Nazirliyi tərəfindən ticarət mərkəzində yoxlama təşkil olunmuşdu. Lakin bütün səyləri boşa çıxdı”.

Nəcimə Babayevanın qətl işi 20 sentyabr 2010-cu ildən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb. Bu günə qədər cinayət dosyesi məntiqi sonluğuna çatdırılmayıb.

Böyük sərvət sahibi Şəmsəddin Xanbabayevin adı dalandarların, süpürgəçilərin pulunu ələ keçirməkdə də keçirdi. 2019-cu ildə Xaçmazda 600 nəfərin bu işlərə cəlb edilməsi üçün kvota ayrılmışdı. Xaçmazda küçələrdə faktiki 30 nəfər işləyirdi. Qalanlarının isə adları işdə gedirdi. Lakin özləri işə çıxmırdılar. 520 kart Şəmsəddin Xanbabayevin, yerdə qalanlar məşğulluğun direktoru Ayazın, MKT-nin direktoru Qalibin arasında bölünmüşdü. Təkcə bu maxinasiya Şəmsəddin Xanbabayevə ayda təxminən 125 min manat qazandırırdı. Həmin günlərdə bəlli olmuşdu ki, 520 fəhlənin pulunu cibinə qoyan Şəmsəddin Xanbabayev heç nə olmamış kimi Şimali Qafqaz kurortlarının birinə istirahətə yollanıb.

Belə məlumatlar var ki, bütün bu və digər faktlar toplanaraq sabiq başçının əməlləri ilə bağlı araşdırmalar aparılıb. Onun həbs ediləcəyi də istisna deyil.
“Yeni Müsavat”
 
0.16689705848694