Siyasi elmlər doktoru, professor,
YAP Siyasi Şurasının üzvü
Bu gün Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 29 il ötür. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında ölkəmizin bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilmiş, BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılmışdır.
1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fəaliyyətə başlaması ölkəmizin bu qurum ilə əməkdaşlığının qurulmasına əlverişli imkan yaratmışdır. Həmin ilin noyabrında isə BMT-nin ölkəmizdə daimi nümayəndəliyi açılmışdır.
Azərbaycanın BMT-yə üzv olması yenicə müstəqilliyini bərpa etmiş bir ölkə üçün dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm əhəmiyyət kəsb etmişdir.
Xüsusilə də, Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində vacib rol oynamışdır. BMT Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləmiş,
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilmişdir.
Qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi də Azərbaycanın BMT ilə münasibətlərinin inkişafına töhfəsini vermişdir. Əməkdaşlığın dərinləşməsində BMT-nin baş katibi Butros Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm rol oynamışdır.
Ümummilli lider Heydər Əliyev bir neçə dəfə BMT Baş Məclisinin iclaslarında iştirak etmiş, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmiz ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır.
1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı Baş Məclisdə keçirilən xüsusi təntənəli iclasda iştirak edən Ulu öndər bu yüksək kürsüdən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini açıqlamış, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdır.
Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının sessiyalarında davamlı olaraq Ermənistanın təcavüzkar siyasətini ifşa etmişdir. Onun qətiyyəti və siyasi əzmkarlığı sayəsində BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclası və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilmişdir.
BMT-nin Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasına dair qətnamələri 30 ilə yaxın dövr ərzində icra edilmədi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzaəffər Azərbaycan Ordusu erməni faşizminə öldürücü zərvə vuraraq doğma torpaqlarımızı işğaldan azad etdi, bununla da BMT qətnamələrini Azərbaycan özü təkbaşına icra etdi.
2011-ci il oktyabrın 24-də Azərbaycanın həyatında çox əlamətdar və tarixi hadisə baş vermiş, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən ilk ölkə olmuşdur.
Azərbaycan dünyəvi dövlətdir, BMT və digər strukturları ilə bütün sahələrdə islahatlar və proqramların həyata keçirilməsində uğurlu əməkdaşlıq qurulub. Respublikamız BMT-nin xüsusi qurumları qismində bu mötəbər təşkilatın mühüm proqramlarında da fəal iştirak edir.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə respublikamız BMT-nin sosial-humanitar proqramlarına qoşularaq müxtəlif humanitar layihələrin həyata keçirilməsinə dərin töhfə vermişdir.
Mehriban Əliyeva bu xidmətlərinə görə, 2015-ci ildə BMT-nin Əhali Fondunun xatirə diplomu və hədiyyəsi ilə təltif olunmuşdur.
BMT Azərbaycanla əməkdaşlığa mühüm önəm verməkdədir, 2014-cü ildə Gənclər siyasəti üzrə I Qlobal Forumun və 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi ölkəmizin nüfuzundan xəbər verir.
2020-ci ildə dünyanı bürüyən bəşəri bəla – koronavirus pandemiyasına qarşı qlobal həmrəyliyin səfərbər edilməsində Azərbaycan Prezidentinin xidmətləri əvəzolunmazdır, Cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası çağırılmış, sentyabrda BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində keçirilən Yüksək Səviyyəli İclasında pandemiya ilə mübarizədə qlobal həmrəyliyin əhəmiyyəti vurğulanmışdır.
Azərbaycan hazırda beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşmə prosesində BMT ilə əməkdaşlığa xüsusi önəm verməkdədir.