Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı tədbir keçirilib.
Kult.az xəbər verir ki, “Milli-mədəni avtonomiyanın vətəndaş cəmiyyəti və insan hüquqlarının qorunmasında rolu” mövzusunda keçirilən dəyirmi masada ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin, Yabloko Blokundan gender məsələləri üzrə fraksiya rəhbəri, siyasi elmlər doktoru, professor Qalina Mixaylovna, “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov və başqaları iştirak edib.
Tədbir azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə həsr olunmuş sənədli filmlə başlayıb.
“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yerli azərbaycanlılar öz dədə-baba yurdlarından didərgin düşüblər:
“İndi heç bir azərbaycanlı doğma torpaqlarını ziyarət edə bilmir. 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını, yaxınlarının məzarını ziyarət etməyə gedərkən Ermənistan ordusu tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. Biz bu hadisələrə qəti şəkildə etiraz edirik. Bu şəxslər hansısa dövlətin sərhəddini qanunsuz olaraq keçməyiblər, kiməsə qarşı cinayət əməli törətməyiblər”.
Tədbir iştirakçıları bildirib ki, bütün dünya, o cümlədən Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır və girovların azad edilməsini tələb edir.