İki təqaüdçü İran rəsmisi “IranWire”-ə Möhsün Fəxrizadənin öldürülməsi ilə bağlı son versiyanın yalan olduğunu bildirib. Ötən Cümə günü ən yaxşı nüvə aliminə uzaqdan idarə olunan silahla hücum edildiyi və ilk atışmadan sonra arvadının vəziyyətini yoxlamaq üçün onun avtomobilindən düşdüyü iddiaları, bu iki məlumatlı mənbəyə görə, inanılası deyil.
Bu gün İran hökumətinin nəzarətində olan media quruluşu “Press TV”-nin ingilis dilindəki bölməsi Möhsün Fəxrizadəyə sui-qəsddə istifadə edilən silahın “İsrail istehsalı” olduğunu bildirib.
İsrailin kəşfiyyat naziri Eli Koen də müxtəlif hekayətlər və qətllə bağlı fərziyyələrlə bağlı bir ingilisdilli radiostansiyaya müsahibəsində Fəxrizadənin ölümündə kimin məsuliyyət daşıdığını bilmədiyini söyləyib.
Adının çəkilməməsini istəyən 2 təqaüdçü İran rəsmisi “IranWire”-ə Möhsün Fəxrizadənin öldürülməsinin rəsmi versiyasının “yalan” olduğunu söyləyib.
Möhsün Fəxrizadə İranın nüvə proqramının arxasında duran əsas şəxslərdən biri idi. Noyabrın 27-də idarə etdiyi avtomobil Tehrandan təxminən 80 km şərqdə, Dəmavənd əyalətinin Absərd şəhərciyində pusquya düşdükdən sonra o öldürülüb.
Həftəsonu İran dövlətinin nəzarətində olan KİV-lər əvvəlcə Fəxrizadənin avtomobilinə atılan güllələrin “Nissan”-a quraşdırılmış və özünü məhv etmə mexanizmi ilə partlayan, uzaqdan idarə olunan avtomat silahdan edildiyini yazıb. Daha sonra Fəxrizadənin vurulmazdan əvvəl arvadının vəziyyətini yoxlamaq istəyərək avtomobilindən çıxdığı iddia edilib.
Hələ heç kim hücumun məsuliyyətini üzərinə götürməyib. Hadisə baş verəndən bəri, prezident Həsən Ruhani də daxil olmaqla, bir neçə İran rəsmisi açıq şəkildə İsraili günahlandırıb və İranın “zamanı gəldikdə” qisas alacağı xəbərdarlığı edib.
“IranWire”-la danışan 2 təqaüdçü İran rəsmisi son 40 ildə İran dövlət işçiləri üçün şəxsi təhlükəsizlik qaydalarının birinin “heç vaxt maşından düşməmək” olduğunu söyləyib. “Bütün dövlət məmurları, xüsusilə, yüksək rütbəli şəxslərə aid ilk göstəriş – avtomobil qəzası zamanı və ya partlayış səsini eşidəndə, heç vaxt maşından düşməməkdir, avtomobil içərisində bir şey olmazsa, yəni, məsələn, avtomobilin içərisində tüstü varsa və ya qəribə qoxu varsa istisna olmaqla…”
Bu əmrlər 1980-ci illərin əvvəllərində “Xalq Mücahidləri Təşkilatı” [MKO] və digər qrupların İslam Respublikasının rəsmilərini hədəf aldığı vaxtdan etibarən qüvvədədir. “Hadisələrin əsas versiyasının arvadı ilə bağlı narahatlıq səbəbi ilə silah səslərini eşidərək avtomobildən düşməsi inanılmazdır, – deyə eyni təqaüdçü məmur bildirib, – çünki çıxmaq istəsəydi belə, mühafizəçilər ona icazə verməzdilər”.
“Bütün təhlükəsizlik qüvvələri indi bir-birini ittiham edir və sui-qəsdin avtomatik silahla baş verməsi barədə gülünc fərziyyəni yayırlar. Əsl problem korrupsiyanın sistemin içinə nüfuz etməsidir və israillilərin bir neçə adamı satın alması çox asandır. 1 milyon dollara insanı saatın almaq və səlahiyyətlilərimizə sui-qəsd təşkil etmək mümkündür. Bu vəziyyətdə Kəşfiyyat Nazirliyinin bir çox səmimi və məlumatlı zabiti ruhdan düşür və sistemlə məsləhətçi olaraq belə əməkdaşlıq etmək istəmirlər”.
“IranWire”-a məlumdur ki, Fəxrizadə ilə əlaqəsi olan çox sayda insan hazırda dindirilir. Onların arasında Müdafiə Nazirliyində və İmam Hüseyn Universitetindəki həmkarları, ailə üzvləri, hərbi zabitlərin ailə üzvləri və bir çox Dəmavənd sakini var.
Fərqli və ziddiyyətli hekayətlər
Möhsün Fəxrizadənin öldürülməsi ilə bağlı bu gün dərc olunan bir məqalədə rəsmi KİV olan “Press TV” adını çəkmədiyi “məlumatlı bir mənbəyə” istinad edərək xəbər verib ki, “terror aktının olduğu yerdən toplanan silahda İsrailin hərbi sənayesinin loqosu və xüsusiyyətləri var”.
Dünən Kəşfiyyat Nazirliyi sui-qəsdlə bağlı “ipuçlarının aşkar edildiyini” elan etmiş, lakin təfərrüatı bildirməmişdi.
Keçən Cümə günündən bəri İran mətbuatında Fəxrizadənin öldürülməsi ilə bağlı bir sıra fərqli fikirlər paylaşılıb. Bunlardan ən sonuncusu Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin açıqlamasıdır: kəşfiyyat xidmətlərinin əvvəlcədən Fəxrizadənin “terror aktı”nın hədəfi ola biləcəyi barədə “məlumat” aldığı və hücum yerinin “tam olaraq şəhid olduğu məkan” olduğu.
Şəmxani əlavə edib: “Kəşfiyyat xidmətləri bu şəhidə qarşı həmin yerdə bir əməliyyat keçiriləcəyini bilirdi. Mühafizə qrupu lazımi səviyyədə gücləndirilib. Ancaq bu dəfə düşmən tamamilə yeni, peşəkar metoddan istifadə edib və təəssüf ki, uğur qazana bilib”.
O, sui-qəsd əməliyyatının “çox mürəkkəb və elektron avadanlıqlarla həyata keçirildiyini” iddia edib. “Hadisə yerində heç kim yox idi. Sui-qəsdin arxasında “Xalq Mücahidləri Təşkilatı” (MKO), İsrail və “Mossad” dayanır”.
“Fars” agentliyi Şəmxaninin hücumun uzaqdan edildiyi iddiasını təkrarlayaraq bildirib: “Sui-qəsd yerində heç bir casus yox idi və atışmalar yalnız avtomatik silahlarla həyata keçirilib”.
Bazar günü özü də nüvə alimi və hazırda İran parlamentinin Enerji Komitəsinin rəhbəri olan Firidun Abbasi Dəvani bir çıxışında təcavüzkarların Möhsün Fəxrizadəni, yolun kənarında park edilmiş bir “Nissan” mikroavtobusunu partlatmaqla, öldürmək istədiklərini söyləyib, amma son nəticədə onu vurmaq məcburiyyətində qaldığını deyib.
Geniş yayılmış başqa bir hesabat partlayışdan dərhal sonra 12 nəfərin təhlükəsizlik qrupuna atəş açdığını iddia edir.
Yüksək rütbəli məmurların təhlükəsizliyindən məsul olan “Ənsarül-Mehdi” Mühafizə Bölməsi bu hücumu hələ şərh etməyib.
İsrail naziri qatillər haqqında məlumata malik olduğunu inkar edir
Dövlətin nəzarətində olan mediada yer alan xəbərə görə, Fəxrizadənin dəfn mərasimi bu gün Tehranda baş tutub. İranın müdafiə naziri general Hatəmi Möhsün Fəxrizadənin işini “daha sürətli və daha çox səylə” davam etdirməyi və İslam Respublikasının intiqam alacağı vədi verib.
Bu, İran rəsmilərinin İsraili günahlandırdığı son aylarda İran daxilində üçüncü hadisədir. Birincisi, iyul ayında Nətənz nüvə obyektinin partladılması, daha sonrakı noyabr ayında “əl-Qaidə” əməliyyatçısı Əbu Məhəmməd əl-Məsrinin öldürülməsi idi.
İsrailin kəşfiyyat naziri Eli Koen “103 FM” radiosuna verdiyi açıqlamada “Press TV”-də yayımlanan açıqlamalardan əvvəl hücumu kimin törətdiyini bilmədiyini söyləyib. İranda repressiya potensialı barədə suala cavab olaraq deyib: “Bölgə kəşfiyyatında üstünlüyünə sahibik və tələb olunan yerlərdə sayıqlığı artırırıq”. (Strateq.az)
“Iranwire”