Ukrayna prezidenti Vladimir Zelenskinin hərbi səfərbərlik barəsində bəyanatı bir çoxları tərəfindən ölkənin mümkün müharibəyə hərtərəfli qaydada hazırlaşması kimi dəyərləndirilir. Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsindən sonra Ukrayna cəmiyyəti 5 il bundan əvvəlki ilə indiki vəziyyəti müqayisə edərək, belə qənaətə gəlib ki, onlar Donbas bölgəsini geri qaytara bilərlər.
Kiyevin Türkiyənin “Bayraktar” dronlarıyla bağlı planları, Ankara ilə imzaladığı müqavilələr də hazırlığın bir hissəsi kimi dəyərləndirilir. Artıq hiss olunur ki, Ukrayna Rusiya təhlükəsinə qarşı dayanmaq üçün arxasında böyük güc durmasını istəyir və düşünülür ki, Türkiyə bu rolun öhdəsindən məharətlə gəlmək iqtidarındadır.
Son zamanlar Ukrayna mətbuatı Türkiyənin ehtimal edilən bu roluna və həmçinin də Ankaranın Ukraynayla bağlı geosiyasi məqsədlərinə xüsusi diqqət ayırır. Ukraynanın “Qlavred” analitik internet nəşri “Türkiyə Ukraynaya Donbas probleminin güc yoluyla həllinə işarə vurur” başlıqlı məqaləsində sözügedən mövzuya toxunulur.
Həmin məqalənin tərcüməsini təqdim edirik: “Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiyanın onun ölkəsinə hücum edəcəyi təqdirdə Ukraynada ümumi səfərbərlik elan ediləcək. O, həmçinin əlavə edib ki, hadisələrin bu cür inkişaf ssenarisi üzrə gedişi qətiyyən arzuolunmazdır. Bu sayaq bəyanatların səslənməsi Kiyevin Rusiya tərəfindən gələ biləcək təhlükələrdən ehtiyat etdiyini və çəkindiyini göstərmir. Ən azından indiki halda. Ancaq digər tərəfdən, rəsmi Kiyev belə bir hadisənin baş verməsinin mümkünlüyünü də qəbul edir.
Bəs, hadisələrin bu cür inkişafı nələrə gətirib çıxara bilər?
Türkiyənin Qarabağdakı son uğurları fonunda Kiyevlə Ankara arasında qurulmuş münasibətlərdə Ukraynanın “böyük logistik dövlət” kimi vacib yer tutacağı türklər üçün xüsusi önəm daşıyır. Belə ki, Avropaya gedən yolda Ukraynanın böyük tranzit dəhliz kimi ələ keçirilməsi və bu dəhlizin Rusiya üçün bağlanması (açılması da həmçinin, ancaq türklərin şərtlərilə) həmin “logistik dövlət“ konsepsiyasına tam uyğun gəlir.
Türkiyənin buradakı başlıca məqsədi Çin ilə Avropa arasındakı geniş makro regionu birləşdirən bütün istiqamətlər üzərində nəzarət imkanı qazanmaqdır. Bundan sonra isə belə bir geniş təhlükəsizlik dəhlizində Türkiyə rahat ticarət apara bilər.
Türkiyənin Donbasın qaytarılması üçün Kiyevə təqdim edəcəyi kömək 2015-ci ildə Minskdə imzalanmış müqavilənin şərtlərinə əsasən həyata keçirilməyəcək. Çünki türklər özlərinin Suriyada, Liviyada və xüsusən də Qarabağdakı yardımlarına bənzər təkliflər irəli sürə bilərlər.
Onu da xüsusilə qeyd etmək lazımdır ki, sözügedən həmin bu üç məkanda Kreml ya ağır məğlubiyyətə düçar olub, ya da öncədən planladığı nəticəni əldə edə bilməyib. Bütün bunlar yalnız bir məna daşıyır: türklər siyasi təzyiqlər də daxil olmaqla, Rusiya hərb maşınının neytrallaşdırılması yolunu tapıblar. Deməli, çətin ki, Kiyev bu cür məhsuldar nəticəni hesaba almasın.
Əlbəttə ki, "DNR" və "LNR"-in Qarabağdakı kimi hərbi yolla ortadan qaldırılması riskli məşğuliyyətdir. Düzdür, əgər biz məsələyə Kremlin yanaşma tərzilə baxsaq, onda onlar bunu Ukraynanın daxili işi kimi izah edəcəklər. Amma Moskvanın bu bölgəyə qoşun yeritməsi və 2014-cü ilin yayı və 2015-ci ilin qışındakı ssenarini təkrarlamağa cəhd göstərməsi təhlükəsi çox böyükdür. Ona görə də Zelenski deyib ki, belə hərəkət Ukraynaya qarşı geniş miqyaslı müharibə hesab ediləcək və bunun da müvafiq cavabı olacaq.
Vladimir Zelenski səfərbərlikdən başqa həmçinin bildirib ki, şəxsən o, Minsk müqaviləsindən imtina edərdi, amma həmin müqavilə ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətə görə bunu hələlik edə bilmir (Burada söhbət əlbəttə ki, Avropa qarşısında götürülmüş öhdəliklərdən gedir).
Ancaq iş ondadır ki, müharibə bütün öncəki müqavilələri silir. Əgər döyüşlər başlayarsa, onda bütün öhdəliklər sadəcə sıfırlanacaq. Kiyev özü üçün əlverişli şərait yaratmalıdır. Elə buna görə ya rəqibi hücuma təhrik edilməli, ya da gərginliyin dinamikliyi artırılmalıdır. Bundan sonra isə müharibənin ilk olaraq kim tərəfindən başladılmasının əhəmiyyəti qalmır. Azərbaycan məhz vəziyyətin kəskinləşməsi və gərginləşməsi nəticəsində Qarabağ əməliyyatına başladı.
İstənilən halda, Donbas ətrafındakı hadisələrin kəskinləşməsinin mümkünlüyü siqnalını tez-tez eşidirik. Hadisələrin inkişafının hansı məcrada gedəcəyi hələ ki, bəlli deyil. Amma problemin hərbi yolla həll edilməsi ehtimalı artıb. Həm də ki, xüsusilə Qarabağ müharibəsindən sonra çoxdan bəlli olan məsələ bir daha aydınlıq qazandı: əgər hansısa ziddiyyətli münaqişə sülh yolu ilə həll edilmirsə, onu güc yoluyla həll etmək mümkündür”.
Vaqif NƏSİBOV
“AzPolitika.info”