Azərbaycanda kripto valyutanı necə almaq olar, hansı risklər var? - AÇIQLAMA

 
2021-ci ilin ilk günlərindən dünyada kripto valyuta qiymətlərində olan yüksəliş ölkəmizdə də maraqla qarşılanır. Bununla bağlı kripto pullar üzrə ekspert Rövşən Kazımov BiznesMedia-nın suallarını cavablandırıb.
-“Bitcoin” necə dəyər qazanır? 
 
- “Bitcoin”in dəyər qazanmasının müxtəlif səbəbləri var. “Bitcoin” ilk kripto pul  olduğuna görə bütün kriptovalyuta birjalarında digər elektron pullarla mübadiləsi mövcuddur. Milyonçular, bir çox şirkətlər, əsas da kompüter hissələrinin istehsalı ilə məşğul olan şirkətlər “Bitcoin”ə daim investisiya yatırır. Eyni zamanda unutmamalıyıq ki, "Bitcoin" məhdud sayda (cəmi 21 mln) və zaman keçdikcə daha çətin formada yaradılır (hazırda günə 900). Bu eynilə əlvan metal mədənçiliyinin rəqamsal variantına bənzəyir. Elə bu səbəblərdən də insanlar bu məhdud sayda istehsal olunacaq puldan əldə etmək istəyirlər. Əlbəttə ki, tələb artdıqca da qiymət artımı qaçılmaz olur.
 
Bildiyimiz kimi, kompüter ehtiyat hissələri istehsal edən şirkətlər hər dəfə daha güclü sistemlər satışa çıxarır. O güclü ehtiyat hissələrini də müxtəlif "kripto valyutaların mayninqin"ə qoşaraq kriptovalyuta gəlirlərini daha çox artırırlar. Yeni avadanlıqlar baha olduğundan kriptovalyutaların bir hissəsi müəyyən qrupların əlində cəmləşir ki, bu, qiymətlə bağlı manupulasiyalara səbəb olur. Qiymət artımının başqa bir səbəbi kriptovalyutaların dünyada son illər daha çox tanınması və bəzi ekspertlərin gələcəyin pulunun kriptovalyuta olacağını proqnozlaşdırmalarıdır.
 
Düşünürəm ki, 4- cü nəsil kompüter hissəsi hazırlandığı zaman “Bitcoin"in dəyəri 60 mini keçəcək.
 
-“Bitcoin”i necə almaq və pula çevirmək olar? 
-“Bitcoin” əldə etmək üçün kriptovalyuta birjaları, internet üzərindən fəaliyyət göstərən 200-dən çox valyuta mübadiləsilə məşğul olan saytları, telefonlara rahatlıqla yüklənməsi mümkün olan "Bitcoin cash" istifadə edilir. Sözügedən vasitələr, həmçinin "Bitcoin"in pula çevrilməsi üçün də istifadə olunur. Bir çox birjalarda hal-hazırda kriptoları qiymətli kağıza çevirmək üçün birbaşa köçürmələr var. “Bitcoin”i sataraq qiymətli kağıza çevirmək və plastik kartlarına, bank hesablarına köçürmək mümkündür.
 
"Bitcoin"dən qazandığımız pulu almaq üçün ilk olaraq birjada təsdiqlətmək, sonra istənilən valyutaya çevirib (dollar, rubl və s.) pulu öz bank hesabına köçürmək lazımdır. “Bitcoin”i istənilən dünya birjasında almaq mümkündür, amma birjadan birjaya qiymət fərqi yaranır. Ən sərfəli birja olaraq "Binance"dan istifadə etməyimiz məsləhətlidir. 
 
Azərbaycanda kripto mübadilə üçün "cex.io" ən çox istifadə olunan birjadır. Çünki həmin birjada şəxsiyyəti təsdiq edən vəsiqə və ya pasport tələbi yoxdur. Lakin bu birjada komissiya xidmətləri yüksəkdir. "Bitcoin"i konvertasiya etdikdə birjanın özündə 1.01%, bankdan asılı olaraq isə əlavə komissiya tutulur.
 
 Nəğd pulla "Bitcoin Cash"dan satış həyata keçirilməsi qeyri-qanunidir, "qara bazar"dır.
 
-“Bitcoin” dəyərləndirilməsində hər hansısa dələduzluq olarsa, bu, bizim qanunvericilikdə necə tənzimlənir? 
 
-Dünyada bəzi ölkələrdə “Bitcoin” mübadiləsi zamanı baş verən dələduzluqlar qanunvericiliklə tənzimlənir. Lakin Azərbaycanda bu hal baş verərsə, bu, qanunvericiliklə tənzimlənmir. 
 
Ümumi olaraq isə “Bitcoin” mübadiləsinin dələduzluğu ilə bağlı "Blockchain"də "Smartcontract" sistemi mövcuddur. Beynəlxalq xarakterli bu müqavilə “Bitcoin”in “Etherium”la qarşılıqlı  mübadiləsi əsasında bağlandığı üçün hər hansı bir dələduzluq hallarının olmasına imkan vermir. Hesabdan pul oğurlanıldıqda (indiyədək hakerlər 970 min "Bitcoin" oğurlaya bilib) bizim ölkədə pulun oğurlanması haqda heç bir məlumatın dəqiqləşdirilməsi mümkün deyil. Məsələn, ABŞ-da bunu müəyyən etmək olur. 
 
Azərbaycanda "Bitcoin" almaq risklidirmi? 
 
- "Bitcoin"i hər hansı şəxsdən, əldən ödəniş etməklə almaq risklidir. Amma birjaya pul qoyaraq rəqəmsal valyutanı alıb, onu güvənli yerdə saxlayırsınızsa, təhlükəsizdir. Ona görə də rəqəmsal valyutanı güvənli şəkildə saxlaya biləcək xüsusi USB flaş pul qabılardan istifadə olunur. Buna "Ledger wallet"i nümunə göstərə bilərik.
 
Kiber cinayətkarlıqdan qorunmaq üçün birjada olan kriptovalyutanızı aldığınız "USB flash" cüzdana transfer etdikdən sonra internetdən ayıqmaqla təhlükəsizliyini təmin edə bilərsiniz.
 
Nübar Lətifli
 
0.16078305244446