Prezident builki qələbələrdən danışdı

 

Azərbaycanda idmanın inkişafı çox sürətlə gedir. Hər il idmançılarımız müxtəlif beynəlxalq yarışlarda yüksək nəticələr göstərirlər, medallar qazanırlar. Bu il də medalların sayı kifayət qədər çoxdur. Azərbaycan idmançıları bu il bütün beynəlxalq yarışlarda 851 medal qazanmışlar ki, onlardan 347-si qızıl medaldır. Keçən illə müqayisədə medalların sayı daha çoxdur. Bu, onu göstərir ki, idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanırlar.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.

Prezident Azərbaycanın bu il bir çox idman qələbələrinin olduğunu deyib:

“Onların arasında bir neçə hadisəni bu gün qeyd etmək istərdim. Bizim şahmatçılarımız üçüncü dəfə Avropa çempionu olmuşlar. Bu, böyük qələbədir, böyük nəticədir. Bu nəticə onu göstərir ki, bizim idmançılarımız həm döyüş, həm komanda, həm intellektual idman növlərində ən yüksək pilləyə qalxırlar. Şahmat üzrə Avropa çempionatında birinci olmaq doğrudan da böyük nailiyyətdir, böyük qələbədir.

Bu il bizim iki idmançımız - Məmmədrəsul Məcidov və Hacı Əliyev boks və sərbəst güləş üzrə üçqat dünya çempionu olmuşlar. Bu da tarixi qələbədir. Olimpiya idman növündə üçqat dünya çempionu olmaq böyük uğurdur, böyük qələbədir.

Azərbaycan idman məktəbinin yetirməsi – azərbaycanlı idmançı Ramil Quliyev bu il ilk dəfə olaraq yüngül atletika üzrə dünya çempionu olmuşdur. Bu da tarixi qələbədir”.

 

0.19597101211548