Əmək haqqı-oğruların oğurluğu
bacarmayanlara cəzası
“Əməkçi insanları talayan
işbazlar, əməkçi insanları
zəlil gününə qoyan
məmurlar isə cin-şeytanın
əsl ilham mənbəyidir”
Hə əzizlərim, gəlin bu dəfə bir qədər mövzumuzu dəyişək. Nə qədər məmurdan, deputatdan, iblisdən, cindən, şeytandan (bunları elə belə ard-arda yazmadım, söhbət xislətləri cin-şetan olanlardan gedir) yazmaq olar.
Bu gün sadə, əməkçi insanlardan söz açmaq istəyirəm. O əməkçi insanlardan ki, onlar işləyir qazanır, başqaları isə onların qazandıqlarını oğurlayaraq, talayaraq qamarlayır və harınlayırlar. O əməkçi insanlar ki, həmin harınların quluna, köləsinə çevrilir - bir qarın çörək üçün, ailəsinin ac qalmaması üçün.
Sabir əfəndimiz demişkən:
Fəhlə, özünü sən də bir
insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı
asanmı sanırsan?!
İnsan olanın cahu-
cəlalı gərək olsun,
İnsan olanın dövləti,
malı gərək olsun,
Hümmət demirəm,
evləri ali gərək olsun,
Alçaq, ufacıq daxmanı
samanmı sanırsan?!
Axmaq kişi,insanlığı
asanmı sanırsan?!
Bəli, bu harınlar fəhləni, o əməkçi insanı, əsla insan belə hesab etmirlər. Onlar üçün ən əhəmiyyətlisi, o əməkçi insanın qazandığını qamarlayaraq var-dövlət sahibi olmaqdır.
Bu səbəbdən də, bu gün məmləkətimizdə işsizlik 4-5 faiz olsa belə, insanların böyük əksəriyyəti dilənçi kökundə yaşayır. Çünki, harın işbazların onlara verdiyi aylıq əmək haqqı onların kommunal xərclərinə və gündəlik təlabatına belə çatmır. Bu əməkçi 3-5 gün işsiz qalarsa, artıq dilənmək məcburiyyətindədir. Haqq-ədalət, mizan-tərəzi bax, burada pozulur.
Dövlətliyik, əlbəttə,
şərafət də bizimdir,
Əmlak bizimdirsə,
əyalət də bizimdir,
Divan bizim, ərbabi
hökumət də bizimdir,
Ölkə dərəbəylik deyə
xan-xanmı sanırsan?!
Axmaq kişi, insanlığı
asanmı sanırsan?!
Bəli əzizlərim, əməkçi insanın heç nəyə sahib olmadığı bu məmləkətdə, divan da(məhkəmələr) hökm və hakimiyyət də harın məmurlara məxsusdur, buna kim şəkk edə bilər ki? Sadə əməkçiyə elə gələ bilər ki, ölkədə dərəbəylikdir, əslində isə bu dərəbəylik də harınlar tərəfindən idarə olunur.
Harın məmurların "mərhəməti" və "humanistliyi" sayəsində dilənmək məcburiyyətində qalan digər kateqoriya əməkçilər isə pensiyaçılardır. Bu kateqoriyaya aid olan əməkçilər demək olar ki, tamamiylə cəmiyyətdən təcrid olunublar. Azərbaycan pensiyaçılarının vəziyyətini görəndə, insanda elə bir təsəvvür yaranır ki, hamı onların ölümünü arzulayır dövlət də, hökumət də, elə boyunlarından asılıb qaldığı yaxınları da.
Bəlkə də elə deyil, mən situasiyanı bir qədər şişirdirəm, yox, çünki bir çox pensiyaçılarla etdiyim söhbətlər məndə bu qənaəti yaradıb. 200 manat pensiya alan təqaüdçü bundan artıq nə danışa bilər ki... Dünən onlardan biri deyir ki, 200 manatı versinlər həmin məmurlara, qoy o pula dolansınlar bir il, sonra yenidən qaytarsınlar vəzifəyə, görsünlər 200 manata dolanmağın ləzzətini.
Yaxud da, Əmək və Əhalinin Sosial Müdafiəsi navzirliyi "200 manata dolanmaq bacarığı" adında kurslar təşkil etsin və gündə 200 manat xərcləyən məmurlar təqaüdçülərə bir aya 200 manata dolanmağın yollarını öyrətsinlər.
Bu da olar həmin nazirliyin əməkçi pensiyaçılara növbəti xeyirxahlığı. Xeyrxahlıq dedim, yadıma yenə də cin-şeytan düşdü.
Bilirsiniz niyə, çünki cin-şeytan xeyirxahlıq edən insanlardan qorxar, onlardan uzaq durmağa çalışar ki, belə insanlar həmişə Allahın himayəsi altında olurlar. Əməkçi insanları talayan işbazlar, əməkçi insanları zəlil gününə qoyan məmurlar isə cin-şeytanın əsl ilham mənbəyidir. Bu barədə hətta bir lətifə də var ki, bir harının şeytani əməllərini görən iblis deyir: "bir insafın olsun, bu qədər də olmaz axı".
Bəli əzizlərim, bu gün əməkçi insanın dilənçi insandan əsla bir fərqi yoxdur. Sadəcə olaraq, dilənçi bütün günü dilənir, bu işi özünə peşə seçib. Əməkçi insan isə harınların, daha da harınlaması üçün həm çalışır, həm də dilənmək zorundadır.
Çünki həmin harının süfrəsindən artıq qalan tikə-əmək haqqı əməkçinin yaşamını təmin etmir. Bu gün əmək haqqı dediyimiz bu anlayış bilirsiniz necə adlanır- oğurluğu bacarmadıqlarına görə cəza.
Çünki, bu məmləkətdə harınlar kimi, tam təminatlı yaşamağın yeganə yolu oğurluqdur. Oğurluq da, oğurluq ola ha! Necə deyərlər, oğurluq cinayətdir, çox oğurlamaq biznesdir, xalqı, milləti, dövləti talamaq isə artıq siyasətdir. Bu gün məmləkətimizdə fəaliyyət göstərən bütün oğrular da bu prinsipdən çıxış edirlər, yəni bacardıqları qədər çox oğurlamaq. Son illər ölkəmizdə baş verənlər, səs-küylü məhkəmələr də bunun əyani sübutudur.
Ən maraqlısı isə bilirsiniz nədir, heç bir qardaş, kor olmuş qardaşından nümunə götürmür. Başı divara dəyənə, gözü kor olana qədər talamaqda davam edir. Arada itirən isə həm dövlət, həm də haqqında söhbət açdığım əməkçi insanlar olur.
Bu gün ölkəmizdə, həm də hər il yüzminlərlə iş yerlərinin açılmasından çox danışırlar, inkar etmirəm, amma görün həmin iş yerlərində ödənilən əmək haqqı işləyənin təlabatına, belə deyək, istehlak səbətinə uyğundurmu?
Mənim üçün çox maraqlıdır ki, görəsən öz əməkçisinə əmək haqqı ödəyən sahibkar heç düşünürmü ki, mənim gündəlik avtomobilimə tökdüyüm benzinin qiyməti qədər əmək haqqı ödədiyim əməkçi bir ay ailəsini necə dolandırır? Əsla düşünmür, çünki burası Azərbaycan!
Açılan sənaye muəssisələrində çalışmaqla əlimiz bala batmışdı ki, indi də kənd təsərrüfatının-pambıqçılığın, üzümçülü-yün, tütünçülü-yün, baramaçılığın, çayçılığın inkişaf etdirilməsindən danışırlar. Buna o zaman başladılar ki, insanlar artıq bu işləri yadırğayıblar.
Hazırda bu sahələri ən azından sovet dönəmindəki səviyyəyə qaldırmaq üçün uzun müddət və böyük miqdarda vəsait lazımdır. Həm də böyük əməkçi marağı. Görünəni isə odur ki, burada da bəzi fermer-işbazlar sadə əməkçiləri talamaq yolunu tutublar. Necə deyərlər, kim işləyə, kim yeyə.
-Cütcü babasan, buğdanı
ver, darı yeyərsən,
Su olmasa, qışda əridib
qarı yeyərsən,
Daşdan yumşaq zəhr
nədir, marı yeyərsən,
Öyrəşməmisən ət-yağa
dünyada əkinçi!
Heyvan kimi ömür
eyləmisən sadə, əkinçi!
Bax belə əzizlərim, indi özünüz fikirləşin, Sabir əfəndimizin bütün bunları qələmə aldığı vaxtdan nə qədər zaman keçib və bu gün dəyişən nədir?
Allah Sabir əfəndiyə qəni-qəni rəhmət eləsin, Amin!