“Erməni gəncləri bu gün Asala köynəkləri geyinməklə, Avropada uzun illər Türk diplomatlarına qarşı törətdikləri terror hadisələrini bir mesaj olaraq yenidən xatırlatmaq məqsədi güdürlər”
İyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindən başlatmış olduğu təxribatlara Azərbaycan milli ordusu tərəfindən layiqli cavab verildi, düşmən geri otuzduruldu.
Bir dövlət olaraq mahiyyətində terrorun və vandalizmin üstünlük təşkil etdiyi Ermənistan bu dəfəki uğursuzluğunu, Azərbaycan ordusunun qarşısında duruş gətirə bilməyəcəyini görən kimi, yenidən dünyadakı erməni lobbisinin dəstəyinə bel bağladı, hadisələrin mahiyyətini dəyişməyə çalışdı, dünya ictimayyətində çaşqınlıq yaratmağa, özlərini yenidən məzlum xalq kimi təqdim etməyə başladılar.
Ermənistanın Azərbaycan sərhəddini pozaraq, dinc əhaliyə qarşı iriçaplı silahlardan atəşə tutması, regionda yeni münaqişə ocağı yaratmağa cəhd etməsi ölkəmizlə yanaşı dünyanın aparıcı ölkələrində də etirazlarla qarşılandı, dünyanın əksər ölkələrində diaspor təşkilatlarımız tərəfindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dinc aksiyalar keçirildi.
Lakin soydaşlarımızın dinc məqsədlərlə təşkil etdiyi aksiyalar ermənilər tərəfindən təxribata çəkilməklə, qarşıdurmalar yaratmağa, Ermənistanın cəbhə xəttində üzləşdiyi məğlub durumunun əvəzi isə xarici ölkələrdə yaşayan soydaşlarımızdan çıxılmağa çalışıldı.
ABŞ və Niderlanddan sonra dünən Avropanın siyasi mərkəzi olan Belçikanın paytaxtı Brüsseldə erməni vandalları soydaşlarımıza qarşı xüsusi amansızlıq və zorakılıq nümayiş etdirərək, həm də Azərbaycanın Belçikadakı səfirliyinə daş parçaları ilə hücum etdilər.
Erməni gənclərinin Asala terror təşkilatının köynəklərini geyinərək, səfirliyimizin önündə soydaşlarımıza daş parçaları ilə hücum etməsi göstərir ki, onlar bu aksiyaya əvvəlcədən hazırlaşıblar və Asala köynəkləri geyinməklə, Avropada uzun illər Türk diplomatlarına qarşı törətdikləri terror hadisələrini bir mesaj olaraq yenidən xatırlatmaq məqsədi güdürlər.
Avropanın siyasi mərkəzi olan Brüssel şəhərində ermənilərin bu cür cəsarət almaları, dinc aksiya iştirakçılarını, müstəqil media təmsilçilərini, beynəlxalq qanunlarla diplomatik nümayəndəliklərin ərazi toxunulmazlığının pozulmasını kobud şəkildə pozaraq, belə bir vəhşilik törətmələri qəbuledilməzdir, dözülməzdir.
Dünyada terror təşkilatı kimi tanınan, terror təşkilatlarının siyahısında başda gələn bir terror təşkilatının açıq-açığına bu cür dəstəklənməsi, ona bu ölkələrdə göz yumulması Avropanın təhlükəsizlik prinsiplərinə zidd olmaqla yanaşı, öz güvənliyinə də bir təhdidir.
Avropanın bir parçası kimi, biz bu cür halları şiddətlə qınayır, bütün tərəqqipərvər Avropa ictimayyətini erməni vandalizminin dayandırılmasına, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasında yardıma çağırırıq.
İlham İsmayılov
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri