“Paşinyan yenə rusların müttəfiqini “vurdu”, bunun nəticəsi...” – Müsahibə

 

“Bununla bağlı bir fakt olmasa da, Paşinyanın hakimiyyətə gəlməsində Rusiyanın da müəyyən rolunun olduğunu söyləyə bilərik. Bütövlükdə Rusiyanın təsir dairəsindəki və bu ölkənin forpostu olan Ermənistanda Moskvanın iradəsindən kənar proseslərin baş verməsini düşünmək sadəlövhlük olardı”.

 Politoloq Elçin Mirzəbəyli belə düşünür. Demokratikmusavat.com Teleqraf.com-a istinadən onun müsahibəsini təqdim edir:

- Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifəti və güc strukturlarının rəhbərlərini hədəf alıb. Baş nazirin siyasi təzyiqlərinin arxasında hansı məqamlar durur?

- Ermənistanda baş verənlər açıq şəkildə, Paşinyanın siyasi rəqiblərinin siyasi proseslərdən kənarlaşdırılması və zəiflədilməsi xarakteri daşıyır. İkinci faktor isə Paşinyan və ətrafında olan insanların ölkədəki biznes və kapitalı ələ keçirmək məqsədini ehtiva edir. Qəbul olunan qərar və atılan addımların da mahiyyətində bunlar dayanır. “Çiçəklənən Ermənistan” Partiyası ətrafında başlayan proseslər bu qurumun sədri Qagik Sarukyanın Paşinyanı istefaya çağırmasından sonra başladı. Buna qədər Sarukyanla bağlı problem yox idi. Əksinə, Ermənistanda hakimiyyət dəyişikliyi ilə yaddaqalan hadisələr zamanı Sarukyan və Paşinyan arasında memorandum imzalanmışdı, yaxından əməkdaşlıq edirdilər. Yəni Sarukyan bu prosesdə Paşinyana açıq dəstək verənlərdən biri idi. Amma nə zaman ki, Paşinyanın yürütdüyü siyasətin tənqid edilməsi gündəmə gəldi, o zaman da Sarukyan haqda müxtəlif müstəvilərdə qərarların qəbul edilməsinə, parlamentdə onun deputatlıq toxunulmazlığının ləğv olunmasına imkan yaradıldı. Bu da sübuta yetirir ki, Paşinyan əslində çox acgöz diktatordur. O, bu günədək saxta və yalançı bir demokrat imicinin arxasında gizlənməyə cəhd göstərir.

Proseslərdə başqa bir faktor da özünü qabarıq şəkildə göstərdi. Paşinyanın yürütdüyü siyasətdə ideoloji prinsiplərə sadiq qalmadığı, əslində onun demokratiya, insan haqları və hüquqi dövlət kimi məsələlərlə bağlı səsləndirdiyi fikirlərin sözdən başqa bir şey olmadığı ortaya çıxdı. Bu baxımdan da son zamanlarda onun Ermənistan cəmiyyətindəki nüfuzunun xeyli aşağı düşdüyünün şahidi oluruq. Sarukyanın müdafiəsinə həsr olunmuş etiraz aksiyası zamanı Ermənistan polisi Paşinyanın göstərişi ilə orada iştirak edən insanlara qarşı çox kəskin addımlar atdı. Yüzə yaxın şəxs həbs edildi, onların arasında Avropa və dünya çempionu olan idmançılar da vardı. Faktiki olaraq, Ermənistan cəmiyyətində, ictimai rəydə əhəmiyyətli yer tutan insanlara qarşı təzyiqlərin edilməsi, onların siyasi hüquqlarının məhdudlaşdırılması Paşinyanın gerçək mahiyyətini və simasını üzə çıxardı.

- Digər yandan, Rusiyanın İrəvandakı səfiri Sergey Kopirkin Ermənistan parlamentinin üzvləri və müxalifət nümayəndələri ilə təmaslara başlayıb. Hesab etmək olar ki, bu təsadüf deyil, çünki Paşinyanın hədəf aldığı insanlar arasında şəxsən Rusiya prezidentinin dostu və müttəfiqi olan şəxslər də var. Sizcə, Rusiya baş verənlərə hansı cavabı verəcək?

- Rusiyanın baş verənlərə münasibəti hələ Robert Köçəryan həbs ediləndə məlum oldu. Rusiya dövlət başçısı tərəfindən Köçəryana göndərilən təbrik məktubunda Ermənistanda gedən proseslər açıq şəkildə dəyərləndirilmişdi. Yəni Ermənistan hakimiyyəti tərəfindən Rusiyanın müttəfiqlərinə qarşı belə münasibət sərgilənməsi ilk hal deyil. Nəzərinizə çatdırım ki, Ermənistan qanunvericiliyində ikili vətəndaşlıq qadağan olunmur. Sarukyan da ikili vətəndaşlığı olan şəxsdir. Həm Rusiya, həm də Ermənistan vətəndaşıdır. Sarukyan sahib olduğu kapitalın əhəmiyyətli hissəsini Rusiyada əldə edib, daha sonra bu kapitalı Ermənistana yatırıb. O, əvvəllər daha çox “rusiyalı iş adamı” kimi tanınan bir şəxs idi. Bu baxımdan, onun həm Rusiyanın biznes elitasına daxil olan şəxs, həm də Rusiya vətəndaşı olduğunu nəzərə alsaq, Moskvanın bu prosesdə hansısa formada iştirak etməsi ziddiyyət yaratmır.

Amma Paşinyanın açıq şəkildə Rusiyaya qarşı getmək gücündə olduğunu düşünmürəm. Əslində Rusiya Ermənistanda şou xarakterli inqilab baş verəndə, cərəyan edən hadisələrə göz yummasaydı, Paşinyanın hakimiyyətə gəlməsi mümkün olmayacaqdı. Bununla bağlı bir fakt olmasa da, Paşinyanın hakimiyyətə gəlməsində Rusiyanın da müəyyən rolunun olduğunu söyləyə bilərik. Bütövlükdə Rusiyanın təsir dairəsindəki və bu ölkənin forpostu olan Ermənistanda Moskvanın iradəsindən kənar proseslərin baş verməsini düşünmək sadəlövhlük olardı.

Moskvanın Paşinyanı hansı kontekstdə dəyərləndirməsi məsələnin başqa tərəfidir. Əlbəttə, Rusiya Paşinyanı yaxşı tanıyırdı. Bəlli məqamlarda olan insanlar onun xaraktersiz, emosional, idarəçilik təcrübəsi və böyük intellektual potensialı olmayan bir insan olduğunu kifayət qədər yaxşı bilirdilər. Paşinyan klassik təxribatçıdır. Dünyanın heç bir ölkəsində hakimiyyətə gələn klassik təxribatçıların iqtidarı uzun çəkməyib. Guya söhbət Paşinyanın hakimiyyətə gəlməsi ilə erməni xalqının öz iradəsini ortaya qoymasından gedirdi. Amma Paşinyanın hakimiyyətə gəlməsinə göz yumulması ilə bu “iradənin” seçdiyi şəxsin nəticə etibarilə Ermənistanı uçuruma apardığı reallığı var ki, bu da Ermənistanda bundan sonra baş verəcək proseslər üçün olduqca vacib məqamlardan biridir. Yəni kütlə bir də özünün qondarma qəhrəmanını hakimiyyətin ən yüksək pilləsinə yüksəltməyəcək və bu niyyətə düşməyəcək. Ona görə ki, bu, ermənilərə ölkəni nə qədər acınacaqlı duruma gətirdiyini dərk etmək imkanı verdi. Qənaətimə görə, Ermənistandakı hadisələr bu istiqamətdə davam edir. Paşinyanın atdığı addımlar isə onun çırpıntısıdır. O, sadəcə olaraq müqavimət göstərir və müqavimət göstərdikcə də özünü çətin duruma salır.

- Ermənistan baş naziri kimin diktəsi ilə hərəkət edir? Yəqin bu işdə təkbaşına deyil...

- Paşinyanın münasibətləri ilə bağlı müxtəlif fikirlər səsləndirilib, bu baxımdan, onun Sorosla əlaqələrinin üzərində çox dayanılıb. Paşinyan və tərəfdarlarının əhəmiyyətli hissəsinin Sorosun layihələrində iştirak etdiyi, həm də onun təşkilatı olan Soros Fondunun Ermənistandakı ofisində çalışdıqları faktdır. Bu faktı da sübut etməyə ehtiyac yoxdur. Mümkündür ki, köhnə əlaqələri yenidən işə düşüb və Paşinyanı yeni təxribatlara sövq edən qüvvələr də var. Amma mənim qənaətimə görə, atdığı addımların yaratdığı mənzərə Ermənistanın indiki baş nazirinə yaxşı heç nə vəd etmir.

0.14851713180542