Siyasi elmlər doktoru, professor,
YAP Siyasi Şurasının üzvü
Türkün vüqarlı oğlu, möhtəşəm siyasi xadim Mustafa Kamal Atatürk deyirdi ki, Vətəni qorumaq uşaqları qorumaqla başlayır. Hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün əsas vəzifələrindən biri hesab edir.
İşıqlı gələcəyimiz, xoş sabahlarımız olan uşaqlara yüksək qayğı və diqqət dövlətimizin həyata keçirdiyi siyasətin ana hədəflərindəndir. Dövlətimizin yürütdüyü siyasətin təməlində uşaqlara xüsusi diqqət mühüm yer tutur. Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin respublikamızda “Uşaq ili” elan edilməsi balalarımıza məhəbbətin ən səmimi ifadəsi sayıla bilər.
Azərbaycanın fidan balalarına qayğı və onların sağlam böyüməsi Heydər Əliyev Fondunun da fəaliyyətində ən başlıca prinsiplərdən biridir. Fondun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti, Mehriban xanım Əliyevanın uşaqlara olan sonsuz məhəbbət, diqqət və qayğı xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Fond yarandıqdan sonra ilk ən böyük tədbir uşaqlarla bağlı oldu.
Heydər Əliyev Fondunun prezidenti “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” devizini rəhbər tutaraq, çox sadə bir mərama söykənib: Azərbaycan uşaqlarını bəxtəvər görmək!
Azərbaycanın Birinci xanımının bu istiqamətdə həyata keçirdiyi nəcib missiya onu fidan balalarımızın ən yaxın dostuna və böyük himayədarına çevirib. Onun gündəlik fəaliyyətini bu prinsiplər təşkil edir: Vətənə bağlılıq, millətinə, xalqına sonsuz məhəbbət, xəstə və kimsəsiz uşaqlara qayğı, zəngin mədəniyyətimizə dərin hörmət, bir sözlə, insanlıq və bəşəri duyğular naminə fədakarlıq.
Fondun həyata keçirdiyi tədbirlər ölkəmizdə ana və uşaqların sağlamlığının qorunmasına, uşaq müəssisələrinin fəaliyyətinin, eləcə də səhiyyə sisteminin maddi-texniki bazasının yaxşılaşdırılmasına, bilikli, savadlı, geniş dünyagörüşə malik peşəkar kadrların hazırlanmasına yönəldilib. Bu tədbirlərin nəticəsidir ki, son dövrdə uşaq müəssisələri əsaslı şəkildə yenidən qurulmuş, regionlarda müasir tələblərə cavab verən uşaq bağçaları, məktəblər, səhiyyə müəssisələri tikilib istifadəyə verilibdir.
Mehriban xanım Əliyeva bildirir ki, bizim ən böyük arzumuz, əlbəttə, uşaqlarımızı, gənclərimizi savadlı, təhsilli və sağlam görməkdir. Çünki hər bir gəncin, hər bir uşağın gələcəyi onun təhsilindən, savadından, biliyindən asılıdır: “Ölkəmizin gələcəyini, sabahını siz - bugünkü gənclər, bugünkü uşaqlar təmin edəcəksiniz. Ona görə də bu gün sizin ən vacib borcunuz yaxşı təhsil almaqdır. Müasir dünyanın çağırışlarına cavab vermək üçün siz gərək hərtərəfli savada və biliyə malik olasınız. Siz gərək öz Vətəninizi sevəsiniz, vətənpərvərlik ruhunda tərbiyə olunasınız, eyni zamanda, bütün dünyaya açıq olasınız”.
Azərbaycanın Birinci vitse-prezidentinin xoş gələcəyimizin əmanəti olan uşaqlara dərin məhəbbətlə qayğısı və hər zaman onlarla bir yerdə olması ənənə halını alıbdır. Mehriban xanımın uşaqlara olan məhəbbəti o qədər hüdudsuzdur ki, O həyatının ən əziz günlərində də uşaqların yanında olur. Öz doğum gününü uşaqlarla birlikdə qeyd etməsi Onun üçün ən böyük sevinc, ən dəyərli hədiyyədir.
Mehriban Əliyeva hər il 1 iyun - Uşaqların Beynəlxalq müdafiəsi günündə gələcəyimiz olan balacaları unutmur, onlarla bir yerdə olur, balacaların ən ülvi arzularını gerçəkləşdirir, sevinclərinə sevinc payı qatır, Ana nəvazişi göstərir. O, bütün uşaqları xoşbəxt görmək istəyir. İnsanları uşaqlara daim qayğı göstərməyə, onları qorumağa, müdafiə etməyə, cəmiyyətin fəal iştirakçısı, fəal üzvü etməyə çağırır.
2004-cü ildə Azərbaycanda və Türkiyədə keçirilmiş rəy sorğularına görə Mehriban Əliyevanın “İlin xanımı”adına layiq görülməsində onun uşaq dünyasına göstərdiyi diqqət və qayğının əsas götürülüməsi də əbəs deyil. O, bütün uşaqların şirin və xoş dünyasıdır.
Mehriban xanım nəcib və xeyirxah əməllərin sahibi, böyük ürək sahibi, insanpərvər və qayğıkeş xanım kimi sosial baxımdan ən həssas uşaqlara bü cür ehtiram və ehtişamı ilə bütün uşaq və yeniyetmələrin qəlbində sonsuz məhəbbət ocağı yaradıb. Uşaqların bu mehriban qadına olan məhəbbəti də hüdudsuzdur.