Dövlət onların sağlamlığını qoruyur, bunlar isə şərəfsiz və bəd əməllərdən əl çəkmirlər

 

Vaqif Abdullayev

Siyasi elmlər doktoru, professor,

YAP Siyasi Şurasının üzvü

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə olduqca əhəmiyyətli, proqram xarakterli konseptual fikirlər diqqəti cəlb etdi.

Dövlət başçısının ölkənin müasir siyasi mənzərəsini əks etdirən dərin məzmunlu çıxışında mühüm əhəmiyyət kəsb edən çoxsaylı tezislərin bir neçəsi xüsusi maraq doğurur.

Bu gün Azərbaycan qətiyyətli demokratik islahatlar həyata keçirir, hakimiyyətin nümayiş etdirdiyi güclü və cəsarətli siyasi iradə sayəsində cəmiyyətin ümumi harmoniyası möhkəmlənir.

Siyasi sistem təkmilləşir, müasirləşir, siyasi münasibətlər sağlam zəmində qurulur və siyasi sistemin yeni konfiqurasiyasına yol açan cəsarətli addımlar atılır.

Hakimiyyət üçün demokratik meyar bütün siyasi qüvvələr tərəfindən dövlətçilik və müstəqillik prinsiplərini möhkəmləndirən siyasi sistemin yaradılmasıdır.

Demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır. Azərbaycan hakimiyyətinin vətəndaş həmrəyliyinin, demokratik prinsiplərin qorunmasında və inkişafında nə qədər maraqlı olduğunu nümayiş etdirir.

Bütün siyasi qüvvələr üçün bir amal, fundamental bir prinsip alidir - müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqları.

Siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tutur, hər bir siyasi qüvvə üçün bir amal dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır.

Ümummilli məsələlərin həlli daim iqtidar-müxalifət münasibətlərini bir kənara qoyub ümumi mövqe nümayiş etdirməyi, vahid yanaşma ortaya qoymağı tələb edir. Bu isə iqtidar-müxalifət dialoqunun bütün dövrlər üçün öz aktuallığını qoruduğunu göstərir.

Hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.

Siyasi arxitekturanın yeni təməllərinin atıldığı milli birlik ideyasının dərinləşdiyi bir ərəfədə təəssüf ki, dialoqdan imtina edənlər də vardır. Onlar siyasi qüvvə deyil, intriqa, xaos və cəmiyyətdə dağıdıcılıq meyillərinin təlqin edənlərdir.

Cənab Prezidentin haqlı olaraq vurğuladığı kimi həmin düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar, onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir, ölkəmiz, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır.

Həmişə nəyisə gözləyən, xarici rüzgarın təsiri ilə sağa-sola dolaşıq addımlar atan və xarici amilə ümid edən bu “kaloniya sakinləri” bəşəriyyətin ümumi bəlası olan koronavirusa sevinir, bu, öldürücü xəstəliyin dərinləşməsini, genişlənməsini, ölkəni başdam-ayağa bürüməsini arzulayırlar.

İnsan nə qədər mənfur və idbar olmalıdır, şeytan xislətini içində gizlədib xalqın faciəsi üzərində öz çirkin niyyətlərinə çatmaq üçün fürsət gözləməlidir?

Düşmən dəyirmanına su tökən bu qüvvələr şər – böhtan üyütməklə öz xalqına uğursuzluq və faciələr arzulayırlar. Bu bəd əməllər addımlar müxalifətçilik prinsipləri ilə deyil, düşmənçilik münasibətləri ilə üst-üstə düşür.

Dövlətə qarşı düşmənçilik əməllərindən yorulmayan Əli Kərimli və onun çətiri altına sığınmış “Milli Şura” təmsilçiləri, digər beşinci kalon üzvləri o qədər şərəf hislərini itirblər ki, dövlətin ünvanına böhtan atmaqdam utanmırlar.

İnternetin kəsilməsini neçə günlərdir “reklam edən” Əli Kərimli çəhərdən axşama Sevinc Osmanqızı, Qəhimət Zahidov kim antimilli ünsürlərin internet televiziyasından düşmür, hədyanlar yağdırır.

Axı, onun evi mobil rabitə blokadasına alınıbsa xariclə necə danışır, həmin elektron TV-lərə, sosial mediaya neçə çıxa bilir? Bəlkə kosmosdan Əli Kərimli üçün xüsusi internet, peyk rabitəsi qurulub? Bu qədər saxtakarlıq edən adamdan nə gözləyəsən?
Bunlar Allahdan qorxmurlarmı?

Tanrının ən gözəl neməti olan insanın ölüm-dirim savaşı apardığı təlatümlərdə mənfəət güdmək, dövlətin və xalqın zərərlərinə sevinmək nə dinimizə, nə mənəvi dəyərlərimizə, nə də ümumiyyətlə insanlığa yaraşmır.

Bunu ancaq soysuzlar və xainlərə yaraşdırmaq olar. Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmalar da belələrdəndir. Bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir.

Azərbaycan xalq-iqtidar birliyi və sağlam müxalifətlə birlikdə güclüdr və bu birlik hər zaman bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verir.

Prezident İlham Əliyevin dövlətin və xalqın maraqlarını ifadə etməsi və uzaqgörən düzgün kommunikasiya siyasəti isə hakimiyyətə olan etimadı gücləndirir. Güc isə bütün çətinlikləri dəf edir.

0.16080904006958