Məntiq, yaxud məntiqsizlik...
Mən bütün yazılarımda qeyd edirəm ki, iqtisadçı deyiləm və ölkəmizdə iqtisadiyyat sahəsində baş verənlər barədə mülahizələrim də subyektiv fikirlərimə əsaslanır. Lakin bu o demək deyil ki, mən məntiqi düşünmək iqtidarında da deyiləm. Bu gün canım-məmləkətimdə elə olaylar baş verir ki, heç bir məntiqə sığmır, qalırsan, mat-məəttəl!
Məsələn, bu yaxınlarda uzun müddətdir davam edən, şərti olaraq "Rabitə işi" adlandırılan məhkəmə prosesi yekunlaşıb. Əla, bundan yaxşı xəbər, çox gözəl, çox pakizə, Allah hamının qapısını açsın!
Onu da xüsusi qeyd edim ki, mən, əslində korrupsiya və rüşvətə görə kiminsə həbs olunmasının da tərəfdarı deyiləm. Bilirsiniz niyə? Çünki, bu mərəz xalqımızın qanına, geninə yeriyib artıq. Az-çox imkanı olub, ondan istifadə edərək rüşvət almayan, müxtəlif vasitələrlə (korrupsiya) var-dövlət, sərvət toplamayan, ətrafına qohum-əqrabasını yığmayan, alıb-verməyi bacarmayan adama ölkəmizdə dəli kimi baxırlar. Mən də həmin dəlilərdən biriyəm ki, yaşamım hamıya bəlli!
Digər bir tərəfdən rüşvətxorluq Azərbaycan xalqının tarixin süzgəcindən keçərək bu günümüzə qədər gəlib çıxan genetik və mental xüsusiyyətlərindən biridir. Dahi şairimiz Füzulini yada salın:"Salam verdim, rüşvət deyil deyə almadılar". Belə bir ölkədə kimisə, rüşvətə və korrupsiyaya görə həbs etmək, məncə ən böyük ədalətsizlikdir.
Əslində, ölkəmizdə korrupsiya ruşeymləri sovet dönəmində cücərməyə başlayıb. Çünki o dövürdə 3-5 manat rüş-vətlə çox da uzağa getmək (varlanmaq) müm-kün deyildi. Amma əlində yüzminlərlə vəsaiti olan, 120-150 manat maaş alan məmurun həmin pullardan korrupsiya (o dönəmdə "perepiska" deyirdilər) yolu ilə 10-15 min çırpışdırmaq imkanı var idi.
Bu imkandan isə əsasən Orta Asiya, eləcə də Qafqaz respublikalarıının məmurları yararlanmağa başladılar və sonradan bütün SSRİ-ni əhatə etdi. Lionid İliç Berejnevin idarəçiliyi dövründə isə epidemiya halına gəldi. Bunu bu gün yaşlı insanların hər biri təsdiq edə bilər.
Bütün bunlara baxmayaraq, bir daha qeyd etmək istəyirm ki, mən rüşvət və korrupsiyaya görə kiminsə həbs olunmasının tərəfdarı deyiləm. Burada bir incə məqamı da qeyd edim ki, ruşvət və korrupsiya mərəzinin zəncirvari yoluxma xüsusiyyəti var. Yəni ola bilməz ki bir məmləkətdə kimsə rüşvət alsın, kimsə yox, bu mümkün deyil! Bu da məlumdur ki, rüşvət və korrupsiya mərəzinin prafilaktik tədbirlərlə müalicəsi yoxdur.
Onu mütləq şəkildə əməliyyat yolu ilə müalicə etmək lazımdır ki, bu da çox ağrılı bir prosesdir. Bu prosesin uğurla nəticələnməsi üçün onun ayrı-ayrı simptomlarına (məmurlara) qarşı deyil, onu yaradan səbəblərə (qohumbazlıq, tayfabazlıq, yerlibazlıq, dostbazlıq kimi viruslara) qarşı mübarizə aparmaq lazımdır.
Bunun üçün ölkəmizdə siyasi iradə var, yəni məmləkətimizdə Korrupsiya və Rüşvətxorluğu qarşı Mübarizə İdirəsi, Korrupsiya və Rüşvətxorluğu qarşı Mübarizə Komissiyası kimi mötəbər qurumlar fəaliyyət göstərir. Hətta bu yaxınlarda bu qurumun rəhbərlərindən biri iddia etdi ki, ölkəmizdə rüşvət və korrupsiya halları 0-ra endirilib.
Bax bu, bir qədər ağ oldu. Çünki korrupsiya və rüşvətxorluq elə bir bəladır ki, o tam olaraq müalicə olunmur. Bu səbədən də 0 həddinə düşə bilməz. Əgər bu, həqiqətən də belədirsə, onda gərək adını yuxarıda qeyd etdiyim qurumların hər ikisi ləğv oluna, olunmursa, deməli proses hələ davam edir.
Bu, bilirsiniz nəyə bənzəyir? Məsələn, ölkəmizdə fəaliyyət göstərən Statistika Komitəsi adında bir qurum bəyan edir ki, ölkədə işsizlik 0 həddinə düşüb, yaxud 0 həddinə endirilib. Bu zaman təzəcə ixtisara düşən onminlərlə insan qışqırır ki, bəs biz, biz yəni 0-ıq.
Bütün dediklərimin canı odur ki, ölkəmizdə elə bir mühit yaradılmalıdır ki, məmur oğurluğa, korrupsiyaya qurşanmasın, həkim, müəllim, hüquq-mühafizə orqanlarında çalışanlar yaşamaq üçün rüşvət almaq zorunda qalmasınlar. Yoxsa, onlara maaş kimi qəpik-quruş verib, sonra da "rüşvət almayın"-, demək heç bir məntiqə sığmır.
O da məntiqə sığmır ki, məsələn,"Rabitə işi"-ndə adı hallanan, ittiham olunun, yüzmilyonlarla dövlət vəsaitini talayan mamurların üzərinə həbs qoyulan əmlakları demək olar hamısı, hansısa səbəbdən geri qaytarılır. Heç kim də soruşmur ki, maaşı deyək ki, 1000-1500 manat olan məmur, yaxud onun heç bir yerdə işləməyən oğlu, qızı, qardaşı, bacısı bu əmlakları hansı yolla əldə ediblər?
Amma, banka 3-5 min manat borcu olanın evini musadirə edib əlindən alır, özünü də qazamata salırlar ki, "borcunu qaytar". Siz burada bir məntiq görürsünüz? Mən görmürəm!
Burada məşhur yazıçı Mark Tvenin bir ifadəsi yadıma düşdü: "Vaxt gələcək, bir kökə oğurlayanı qazamata göndərəcəklər. Bütöv bir dəmir yolunu oğurlayanı isə parlamentə seçəcəklər". Doğru sözə nə deyəsən, həmin dövür çatıb artıq. Yaman inkişaf etmişik, millət!
Parlament dedim, bir məsələ yadıma düşdü. Bu yaxınlarda deputatlardan biri (adını xatırlamıram) büdcə müzakirəsi zamanı qeyd etdi ki, deputatların da maaşları azdır, artırılsaydı pis olmazdı. Düz deyir, millətin vəkili olan deputat ehtiyac içində yaşayırsa, onda gör millət nə gündədir? Bu bizim hökumətə yaraşan bir şey deyil.
Səlim Müslümovdan xahiş etmək lazıdır ki, əhalinin sosial müdafiəsini təmin edə bilmirsə, barı 125 deputatın sosial müdafiəsini təmin etsin ki, dövlətimiz buradakı sosial-iqtisadi inkişafın sirlərini öyrənməyə gələn əcnəbilər qarşısında xar olmasın.
Amma, bunun da bir əmması var. Lap deyək ki, 1500- 2000 min manat maaş alan deputat bu məmləkətdə pis yaşayırsa, 200-250 manat maaş alan fəhlə, 150-200 manat təqaüd alan pensiyaçı bu ölkədən necə yaşayır, görəsən?
Bəs, həmin insanların vəkili olan deputat, qazın, suyun, işıqın, rüsumların, cərimələrin qiymətini, həddini artıranda heç düşündümü ki, bu insanlar necə yaşayacaqlar? Axı onların böyük əksəriyyətinin rüşvət almaq, korrupsiya ilə özünü dolandırmaq imkanı yoxdur. Səlim Müslümovun kəraməti ilə aldığı dilənçi payı isə kommunal xərclərin ödənişinə belə, bəs etmir. Bu binəva insanların problemlərin kim qabartmalıdır, müzakirə etməlidir?
Təkcə aylıq kommunal xərclərin ödənişi üçün 200 manatdan çox vəsait tələb oluna bir məmləkətdə təqaüdlərin 150- 200 manat olmasını hansı məntiqə yazaq?
Çox naqqallıq etmək istəmirəm, bu problemlərin müzakirəsinə gələn yazılarımda da qayıdacağam, mütləq qayıdacağam, İnşallah. Qayıtmamaq mümkün deyil.
Çünki rüşvətin, korrupsiyanın daha geniş yayılmasının əsas səbəblərindən biri də bizim susqunluğumuzdur. Bu susqunluğu yaradan isə məmurların "əl-əli yuyar, əl də üzü" siyasəti və adi vətəndaşlara qarşı biganəliyidir. Sabir əfəndi demişkən, "Mən salim olum, cümlə-cahan batsadabatsın, nə işim var".
P.S. Rüşvət alanda elə alın ki, heç olmasa ilşəndə yarısını verib, canınızı qurtara biləsiniz(Y.S.).