Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]
Məmur oliqarxlar xalqın hakimiyyətə inamını sarsıdır
Dəfələrlə qeyd etmişəm ki, ölkə Prezidentinin başladığı islahat prosesi xalqda ruh yüksəkliyi yaradıb. Bu, hər şeydən əvvəl, dövlətin strukturlarını başdan ayağa sarmış rüşvətxorluq və korrupsiyanın aradan qaldırılmasına hesablanıb. İslahatın yaxşı cəhəti dövlət strukturlarını ələ keçirib, uzun illərdir özünə və qohum - əqrabasına sərvət toplamaqla məşğul olan oliqarxların kürsüdən uzaqlaşdırılması və yerlərinə gənc və perspektivli, vətənpərvər insanların gətirlməsidir. Buna görə, Prezidentin başladığı islahat məmurların kürkünə birə salıb, hamısı qaşınmağa başlayıb. Çünki məmurlara sərvət toplamaq üçün fayda verən kürsünün əldən çıxmaq ehtimalı çoxalıb. Cənab Prezidentin başladığı islahat prosesi isə, heç də sadə məsələ deyil və deyərdim ki, bu proses qansız - qadasız həyata keçirilən məxməri inqilaba bərabərdir. İnsanların islahatlara açıq dəstək verməsi və onları ruhlandırması isə islahatların inqilabi xarakter alması və bu dəyişikliklərin Prezidentin özü tərəfindən həyata keçirilməsidir. Fikir verin, heç bir dövlət başçısının risk etmədiyi dərin islahatları cənab Prezident qısa zamanda həyata keçirməyə start verdi - Nazirlər Kabinetində, Prezident Administrasiyasında, Milli Məclisdə və digər dövlət strukturlarında köklü dəyişikliklərə başladı və hazırda həmin proses uğurla davam edir. Əminliklə qeyd edirəm ki, cənab Prezidentin siyasi iradəsiylə aparılan islahatlar öz müsbət sonluğuna çatacaq.
Biz də bir mətbu orqanı olaraq, ölkədə həyata keçirilən islahatlara əhalinin münasibətini öyrənməklə məşğuluq və islahat haqqında insanlardan aldığımız təəsuratları və bəzi mülahizələri oxucularla bölüşmək istəyirik. Bu, o mülahizədir ki, əksəriyyətin gəldiyi qənaəti əks etdirir. Araşdırma və sorğular zamanı müəyyən olunub ki, islahatlar sadə insanların marağına səbəb olsa da, əksəriyyət islahat nəticəsində ölkədə vəziyyətin normallaşacağına və dəyişəcəyinə inanmır. Bu inamsızlığın səbəblərini araşdırarkən o da məlum olub ki, uzun illər məmurlar tərəfindən ölkədə törədilən rüşvətxorluq, korrupsiya, qohumbazlıq, yerlibazlıq və digər mənfi hallar əhalidə dərin inamsızlıq yaradıb və bu inamsızlığı üç ayın, beş ayın, hətta iki ilin ərzində bərpa etmək o qədər də asan məsələ deyil. Müstəqillik əldə olunandan üzü bəri ölkədə keçirilən bütün seçkilərin xalqın iradəsini əks etdirməməsi, xüsusən də parlament seçkilərinin DSK və MnSK-da saxtalaşdırılaraq, seçki keçirilən ərazinin seçicilərinə yad namizədlərə mandat verilməsi əhalidə seçkilərə və hakimiyyətə bəslənən inama sarsıdıcı zərbə vurduğu cəmiyyətdə çox aydın hiss olunur. Əyalətlərdə rəhbər kimi deyil, kəndxudalar kimi, soyğunçuluqla məşğul olan icra başçılarının rüşvətxor və korrupsiya əməlləri xalq arasında nağılların və rəvayətlərin yaranmasına, rəhbər şəxslərin isə son dərəcə nüfuzdan düşməsinə səbəb olub.
Rayonlarda rəhbər vəzifələrə kənardan gəlmə kadrların təyin olunması, burada yaşayan əhali arasında ciddi narazılığın yaranması ilə nəticələnib. Rayonlardakı vəzifələrə ucdantutma İcra başçısı, prokuror, polis rəisi, məhkəmə hakimi, hərbi səfərbərlik xidmətinin rəhbəri, bank, vergi, əmlak və digər vəzifələrə kənardan təyin olunmuş kadrlar, rayonda rüşvətxorluq və korrupsiya vasitəsilə əhaliyə zülm edirlər.
Gəlin, insan kimi fikirləşək və düşünək, məmurlar tərəfindən yadelli işğalçılar kimi bu qədər incidilən və talanan əyalət insanları məmurların təmsil etdiyi hakimiyyətə hansı xidmətlərinə görə inanmalıdırlar?! Təbii olaraq, insanlar ölkə Prezidentinə böyük hörmətlə yanaşsalar da, rayonlarda eybəcər və çirkin əməllə məşğul olan məmurlara açıq nifrət edirlər. Məmurlar, xüsusən də polis rəisləri və onların tabeliyində çalışan əməkdaşlar əyalətdə insanları hədə-qorxu və şantaj yolu ilə xof altında saxlayır, onların pis əməllərindən yazan jurnalistləri belə, şantaj vasitəsilə təqib edir susdurmağa çalışırlar.
Hörmətli oxucular, müxtəsər desək, əyalətlərdə mövcud olan və yazıda təsvir etdiyim mənzərə nağıl, rəvayət və uydurma deyil, hamısı sizə bəlli olan reallıqdır. Bəs, belə pis vəziyyətin yaranmasında günahkar kimdir? Bu sualın cavabı çox qısa və konkretdir: ölkədə vəziyyətin ağırlaşmasının əsas günahkarı məncə, siyasi hakimiyyət deyil, məmurların əlində əsir - yesir qalan xalq özüdür! Ölkə Prezidenti bütün görüş və çıxışlarında təkrar-təkrar vurğulayır ki, xalq ictimai nəzarət funksiyasını yerinə yetirməli və mənfi hallara qarşı ciddi mübarizə aparmalıdır! Amma yerli məmurlardan qorxan xalq baş verən mənfi hallara qarşı lazımı reaksiya vermir və məmurlar da bundan yararlanaraq, çirkin əməllərini davam etdirir və genişləndirirlər! Bu kimi halların qarşısını almaq, cənab Prezidentin həyata keçirdiyi dərin kadr dəyişikliklərinin faydasını əldə etmək üçün xalq fəal olmalı və məmurların qanunazidd fəaliyyətinə qarşı kütləvi şəkildə etiraz etməli və ölkə Prezidentinə məmurların mənfi hərəkəti barədə operativ məlumat verməlidirlər! Yəni Xalq - Prezident birliyi nəticəsində ölkədə məmur özbaşınalığının, rüşvət və korrupsiyanın, digər mənfi halların qarşısın almaq üçün dünya təcrübəsində sınaqdan keçmiş metoddan istifadə edilməlidir. Əks təqdirdə, ölkəmizdə mövcud olan eybəcərlikləri aradan qaldırmaq mümkün olmayacaq!
Təkrar qeyd edirəm ki, insanları həyatda yaşamağa sövq edən əsas amil İNAMdır! Əgər XALQ ilə ölkə Prezidenti arasında İNAM mövcuddursa, deməli, ölkədə baş verən istənilən mənfi halın qarşısını almaq mümkündür!