Rəsul Rza “Qəhrəman” adı alanda dedim ki... – Fikrət Qoca

 

“Ulduz” jurnalı ilə Axar.az saytının birgə layihəsi

"Yazı masası"nın qonağı xalq şairi Fikrət Qocadır. Daha doğrusu, biz onun evinin qonağıyıq. Fikrət müəllimin o biri rəsmi titullarını, fəxri adlarını sadalamırıq. Çünki o, hər şeydən əvvəl bizim üçün şairdir. Hesab edirik ki, bu onun ən yüksək adıdır. Və biz onu hər şeydən öncə şair kimi sevirik. Bu gözəl insanla Azərbaycan Yazıçılar Birliyində, demək olar ki, hər gün üz-üzə gəlirik. İş otağında dəfələrlə qonağı olmuşuq, bizi səbirlə dinləyib, fikirlərini söyləyib. Amma bu gün Fikrət müəllimin evinin qonağıyıq.

Qəribə bir duyğu var içimizdə. Bunun adı, bəlkə də, həyəcandır. Qapını üzümüzə həyat yoldaşı Raya xanım açdı. Fikrət müəllim özü onun adını cənnətlə bağlayır. Vallah, elə, həqiqətən də, belədir. İçəri girəndən bu xanım ancaq qayğımıza qalır, bizimlə öz balası kimi rəftar edirdi. Bu cür isti qarşılanma və bu cür doğma münasibətdən evin divarları arasında elə bil, kəpənəklər uçuşurdu. Fikrət müəllimin xanımına, eləcə də Raya xanımın ona qayğısını, sevgisini görüb bu evdə, bu ocaqda əsl məhəbbətin alovlandığını duymaq çətin deyildi. Və onların baxışlarında tutduğumuz qığılcımı, doğmalığı, fədakarlığı görəndə Fikrət müəllimin hər iş günü bitdikdən sonra niyə elə həvəslə evə tələsdiyini başa düşdük. Doğrudan da, ev insan üçün ocaq olmalıdır. İstisinə, eşqinə tapındığı ocaq. Söhbətimiz dağdan, arandan başlayıb “Yazı masa”sında davam etdi:

- Evdəki ab-hava yaradıcı insanın yazılarına təsir edirmi?

- Əlbəttə. Evdə elə ab-hava ola bilər ki, evə gəlmək istəməz insan. Rahatlıq tapmaz. Olduğu yer sıxar onu. Başqa bir adama çevrilər. Bu həyat yaradıcı adam üçün deyil. O adamın içindən müxtəlif mövzular gəlsə də, bircə yaxşı əsər yazıb ərsəyə gətirə bilməyəcək. Çünki yerini dəyişdikcə fikrini də tez-tez dəyişəcək. Yazıçının, şairin, ümumiyyətlə, yaradıcı adamın rahatlıq tapması üçün onun ailəsi olmalıdır, isti, doğma evi olmalıdır. Harda olursa-olsun, evinə tələsməlidir.

- Belə çıxır ki, bir yazıçının yazı masasını qoruyan onun qadınıdır?

- Bəli, evi də qoruyan qadındır. Hər şey onunla yarı-yarıyadır. Bir dəfə Rəsul Rzaya Sosialist Əməyi Qəhrəmanı adı verirdilər. Çıxıb gördüm Nigar xanımla söykəniblər bir-birlərinə. Belə yorğun, belə məst olmuş. Yaxınlaşdım, baxdım ulduzuna. Dedim: “Rəsul müəllim, bunun yarısı Nigar xanımındır!” Nigar xanım güldü: “Yox, bala, mən yarısına razı deyiləm”. Rəsul Rza “haqlısan”, - dedi.

- Sizi yazmaqdan uzaqlaşdıran nə ola bilərdi?

- Fikirlərimdəki qarışıqlıq. Bəzən görürdüm ki, iki-üç mövzu beynimdə qarışır, özünə yer tapmır. İmkan vermir yazmağa. Proza yazmaq başqa işdir. Səbirlə oturub yazmaq gərək. Sonra da səliqəyə salmaq. Amma şeir anın məhsuludur. O anda o hissiyyatı qoruyub saxlaya bilmədinsə, daha sənin deyil. Sonra quraşdırmağın xeyri yoxdur. Hətta qafiyəsi, ölçü-biçisi yerində olsa belə, yazılan şeir yox, söz yığını olur. Belinskinin bir sözü var. Deyir ki, Lermontovun şeiriylə bir başqa adamın şeirini götürüb yanaşı qoyanda, baxırsan ki, ikisi də şeirdir. Lermontov şairdir, bu biri şeir düzəldən adam. Amma nə biləsən ki, hansı əsl şeirdir, hansı yox. Elə bil, yanaşı uzanan iki adamdır. Biri ölüb, o biri yatıb. Birinin bütün hissləri var, nəfəs alır, yaşayır, o biri, sadəcə, ölüdür. Baxırsan ağız, burun, əllər ikisində də var. Amma bunlardan birinin ruhu yoxdur. Şeir quraşdıran adam da, yazdığı da bax belə ruhsuz olur. Şeir hissdir, o hissin ətəyindən yapışıb yazanda şeir alınır, tuta bilməyib quraşdıranda şeir alınmır, hissiz, duyğusuz söz yığını olur. Odur ki, yazıçının yazı masasıyla, şairin yazı masası bir-birindən çox fərqlidir. Prozada səbirli olmağı, masa arxasında oturmağı bacarmaq lazımdır. Şeirdəsə axtarmaq, tapmaq əsasdır. Şeir qışqırıqdır. Bir anda gəlir. Səsindən bilirsən qışqıranın dəlisovluğunu, sevincdən, yoxsa kədərdən qışqırdığını. Şeir ani hissdir, onu təkrar yaşamaq olmur.

Söhbət edə-edə gözümüz Fikrət müəllimin divardan asılmış böyük rəsminə sataşdı. Çox maraqlı əsərdir. Onunla da maraqlandıq. Sən demə, bu, rəssam Toğrul Nərimanbəyovun əl işiymiş. Düzü, müsahibə ala-ala gözümüz elə əsərdə qalmışdı.

- Yazıçı cəmiyyətdə fərqli bir insandırmı?

- Xeyr. Kərpickəsən kimi, bərbər kimi, istənilən bir peşənin sahibi kimi adi bir adamdır. Axı sən bilmirsən, kərpickəsən nə fikirləşir, çoban nə fikirləşir. Onun övladı üçün atasından yaxşı adam yoxdur. İnsanlar arasında fərq qoymaq düzgün deyil. Hamısı insandır. Yaxşısı, pisi yoxdur. Kimsə kimin üçünsə yaxşı, bir başqası üçün pis ola bilər və yaxud da əksinə. Bu, adamların şəxsi mövqeyinə görə belədir. Əslində, hamı adi bir insandır. Hamı öz işiylə məşğuldur. Bərbər də öz işini sevir, elə ustalıqla saç düzəldir ki, heyran qalırsan. Məsələn, başqası onun işini görə bilmir. Ya hansısa mühəndisin işini sən bacarmazsan, o öz işini bilir. Yazıçı da öz işiylə məşğuldur. Burda kimsə kimdənsə artıq, ya əskik deyil. Sadəcə, hər kəs öz bildiyi işin qulpundan yapışır. Hamının məqsədi axşam evinə quş kimi dimdiyində dən gətirməkdir. Kimsə deyə bilməz ki, mən şairəm, mənə çinar gətirin, çay gətirin, nə bilim, yazmağa dağ verin. Adam şeir yazır deyə özünü qaldırıb dağın başına qoya bilməz. Sən yaxşı şeir yazırsansa, aşpaz da çox dadlı yemək bişirir. Səksən üç yaşım var. Heç vaxt durub deyə bilmərəm ki, mən poeziyada hər şeyi bilirəm. Nə bilirəm ki mən?!

- Şeirlərinizdən, başqa yazılarınızdan küsüb inciyən, yaxud tənqid etdiyiniz mövzuda özünü tapan adamlar olubmu? Tənqid etdiyiniz adamlarla qarşılaşmısınızmı?

- Yox. Elə adamlarla rastlaşmamışam (yadına düşür). Amma bir dəfə olub. Moskvada oxuyanda “Salam, Allah” adlı şeir yazmışdım. Çap olunmuşdu. O zamanlar bir dostum məndən incimişdi. Mənim fikrimcə, hər kəsin içində bir zərrə var. Biri ona vicdan deyir, biri başqa cür anlayır. Biri onu göydə axtarır, biri yerdə axtarır. Allah bu deməkdir. Hələ ki, biz onu görməmişik, amma həmişə hiss edirik.

- İşdəki yazı masanızda bədii yaradıcılıqla məşğul ola bilirsiniz?

- İşdə bəzən yazdıqlarımın üzünü belə köçürə bilmirəm. İmkan olmur. Çünki yanıma hamı yazıyla gəlmir ki. Bəziləri ürək dolusu sözlə gəlir. Hərənin bir dərdi var. Mən də birinci növbədə düşünürəm ki, yanıma gələn adamın mənə deyiləsi sözü var, gəlib. O, bura gəlmək üçün dünən axşamdan fikirləşib, düşünüb, evdə mənə deyəcəyi sözləri fikrində qaynadıb. Min cür fikir edib. Əziyyətlə gəlib çıxıb. Bütün bunları mən də götür-qoy edirəm. Ona görə işinin düzəlib-düzəlməyəcəyindən asılı olmayaraq, gələn adamı dinləyirəm. Gedəndə də yaxşı yola salıram ki, bir insan kimi məndən razı getsin. Bax elə odur ki, işdəki yazı masam ancaq işlə bağlıdır. Yazı masam evdədir. Evdə işləyirəm. Əgər yazmağa oturdumsa, masadan qalxmıram. Gərək yazını bitirəm. Onu da deyim ki, masam da mənim kimi qocalıb (gülür).

- Yazanda çay, qəhvə içirsiniz?

- Yox, fikrim ancaq yazıda olur.

... İş otağı. Xudmani bir otaqdır. Divar boyu kitabla dolu rəflər, müxtəlif görüşlərin, tədbirlərin, əlamətdar günlərin xatirəsi olan cürbəcür hədiyyələr var. Otaq bitkiləri də pəncərə qırağından bizə boylanırdı. Bu da şairin yazı masası. Səliqə-səhmanla bir qıraqda kitablar, bir dəst də yazıların qaralama versiyası yığılıb. Arxada fəxri fərman və bir neçə fotoşəkil var. Masanın yan küncündə Fikrət müəllimin eynəyi “Adi həqiqətlər” kitabının üstündədir. Bu balaca, işıqlı otaq yaradıcı insan üçün əsl cənnətdir. Kitablarla yazı masasının harmoniyası ruhu dincəldir. Fikrət müəllimin evindən gözəl təəssüratla ayrıldıq. Yoldaşının bizə hər “balam” müraciətindəsə ayrı bir doğmalıq duyduq. Bəlkə də, bu sevgi şeirin özü idi.

0.13250398635864