Telekanallara yaradıcılıq üçün
ayrılan milyonlar mənimsənilir

 

Azərbaycan televiziyalarının izləyiciləri niyə hər gün azalır?

 Dünyada vizual informasiya ötürücüsü kimi ən populyar vasitə televiziyadır. Xəbərlər buraxılışından tutmuş əyləncəli verilişlərə qədər. Azərbaycan da bu prosesdən kənarda qalmır.

Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, xeyli sayda özəl kanalları olan televiziyamızın regional və peyk kanalları da yetəri qədərdir. 1956-cı ilin mayından fəaliyyətə başlayan Azərbaycan televiziyası 80-ci illərin sonuna qədər böyük bir məktəb yarada bilib. Elşad Quliyev, Aydın Qaradağlı məktəbi keçən Azərbaycan televiziyası, Roza Tagıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Sabir Ələkbərov və onların timsalında onlarca aparıcı diksiyasının ahəngində tamaşaçıları valeh edən şəxsiyyətlər yetişdirib.

Səksəninci illərin səhər proqramları, teletamaşalar, komik səhnəciklər, poeziya axşamları, uşaqlar üçün cəkilən cizgi filmələri, milli dəyərlərimizi tərənnüm edən "Nəsimi", "Babək", "Dədə Qorqud", "Bizim Cəbiş müəllim", "Ulduz", "Uzaq sahillərdə", " O omasın, bu olsun", "Qanlı zəmi" "Mehman", "İstintaq", "Arxadan vurulan zərbə", "Yeddi oğul istərəm" və s. kimi öz aktuallığını bu gün də qoruyub saxlayan filmlərin nümayişi ilə Azərbaycan televiziyasının bu gününü müqaisə edərkən, böyük bir geriləmənin baş verdiyi aydın hiss olunur.

Maraqlıdır, görəsən bu gün Azərbaycan tamaşaçısı yerli telekanallarından öz təlabatını ödəmək üçün seyr edə biləcəyi hər hansı baxımlı verilişi tapa bilirmi? Yoxsa əsasən, rus və türk televiziya kanallarını izləmək üzrə iki qütbə böyünmüş Azərbaycan tamaşaçısı sərbəst vaxtlarında rahatlığı yad kanallarda tapır? Bu məsələnin bir tərəfi. Qayıdaq televiziya kanallarımızın hazırkı durumuna.

Bu gün daha çox əyləncə xarakteri daşıyan televerilişlərdə ən çox nümayiş ediləni hansılardır? Milli adət-ənənələr adı altında nümayış olunan kənd toylarımı, yoxsa qadınsayağı davranışlar nümayiş etdirən kişi "aşbazların" aparıcılıq etdiyi efirə dəvət olunan bayağı müğənnilərdən ibarət mətbəx verilişlərimi? Mən hələ min hoqqadan çıxan aparıcıların yanlış davranışlarını demirəm. Düzdür, professionallarımız da var. Amma, əsasən özünüreklam məqsədi ilə dəridən-qabıqdan çıxaraq aparıcılıq hüququ qazanan bəzi insanların ən sadə sualları belə doğru cavablandırmağı bacarmamaları tamaşaçıda haqlı etiraz doğurur.

Əlbəttə, deyə bilərsiniz ki, xoşlamırsınızsa, həmin verilişləri izləməyin, sizi izləməyə heç kim məcbur etmir. Hər kəs öz seçimində azaddır. Sən də kanalı çevir, istədiyin əcnəbi  telekanala bax. Mən isə buna etiraz edərək, yox deyirəm. Mən xalqın qazancından maliyyələşən və xalqa xidmət etməyə borclu olan Azərbaycan telekanallarında məni təmin edən verilişləri izləmək istəyirəm. Çünki mən Azərbaycan vətəndaşıyam. Son zamanlar onsuz da türk cizgi filmlərini izləməkdən türkcə danışan, ikidillilik problemi ilə üz-üzə qalan və dilimizin saflığını qoruya bilməyən kifayət qədər Azərbaycan gəncliyi formalaşıb.

Yeri gəlmişkən, son illərdə Azərbaycan uşaqları üçün, görəsən neçə cizgi filmi çəkilib? Uşaq verilişlərinə gəlincə, bir-iki verilişi çıxmaq şərti ilə, yerdə qalan bütün uşaq verilişlərinin bugünkü vəziyyətindən danışmaq isə çətindir. Uşaq psixologiyasına bələd olmayan bir aktyorun supermen geyimini xatırladan geyimdə təlxəklik edərək, səhnədə atılıb-düşməsi uşaqların əsəblərini niyə tarıma çəkməlidir? Hər il dövlət büdcəsindən 50-60 milyon  manat pul ayrılan televiziyalar peşəkar aktyorları verilişə dəvət edib, onlara pul xərcləməyi niyə problemə çeviriblər?

Telekanallarda ciddi bir veriliş görmək ümüdü ilə pultu durmadan sağa-sola çevirməyin də heç bir mənası yoxdur. Hara çevirsəniz eyni, bir-birinə bənzəyən verilişlərlə üzləşəcəksiniz.

Bu gün Türkiyə teleseriallarını özünə örnək görürən Azərbaycan özəl televiziyalarındakı serialların son iki ildə bir qədər irəliləməsi müsahidə olunsa da, ssenaridə toxunduqları problemlər, əslində milli dəyərlərin aşağılanmasına xidmət edir. Bəlkə, düz demirəm? Mənə belə gəlir ki, izyəyicinin diqqətini cəlb etmək üçün az qala qorxu filmləri xatırladan bu tip teleseriallarda bəzən ikiarvadlı şəxsin rolu, az qala nümunəvi qəhrəman səviyyəsinə qaldırılır. Yaxud, hələ də diksiya problemi yaşayan regionlardan seçilən aktyorların tam püxtələşməmiş oyunu olduqca cansıxıcı təsir bağışlayır.

Buna görə də, gecə yatmazdan əvvəl, günün yorğunluğunu atmaq üçün maraqlı bir bədii film izləmək həvəsi ilə televizoru açmağı sizə heç tövsiyə etməzdim. İllərdir bir kanaldan digərinə ötürülən Hollivud, yaxud da hər bazar günorta saatlarında efiri doldurmaq üçün istifadə olunan Bollivud filmlərini axı, nə qədər izləmək olar?

Sual verə bilərsiniz. Bu qədər pessimist olan mənim Azərbaycan telekanallarında görmək istədiyim nədir? O zaman dinləyin. Mənim ekranda görmək istədiyim ən başlıcası televiziya ekranlarına həsrət qoyulan tarixi və sənədli filmlərin yoxluğudur. Azərbaycanın tarixindən, təbiətindən, məişətindən, arxeologiyasından, etnoqrafiyasından bəhs edən saysız-hesabsız mövzular var. Ən azı, dünyada çəkilən belə sənədli filmləri tərcümə edərək, tamaşaçı zövqünü təmin etmək olar və lazımdır. Məgər bu o qədərmi çətindir? Heç bir mənəvi dəyəri olmayan layihələrə yuz minlərcə pul ayıran dövlət qurumları, görəsən niyə buna diqqət yetirmirlər?

Niyə səksəninci illərin qiymətli film və teletamaşalarını tez-tez nümayiş etdirməkdən çəkinirik? Yaradıcılıq qabiliyyətiniz zəifdirsə, heç olmasa, yaradanların irsini izləmək üçün şərait yaradın. Səksəninci illərdə formalaşan bədii yaradıcılıq metodlarını şikəst etməkdə məqsədiniz nədir? Bax, bu sual məni çox düşündürür.

Ümid edək ki, Azərbaycan izləyicisi olaraq, öz doğma televiziyalarımızı əvvəlki sevgi ilə seyr edəcəyimiz gün çox da uzaqda deyil.

0.21398997306824