Azərbaycan dövləti türkmənlərə
biganəliyə son qoymalıdır
Dünyanın diqqəti yenidən İraqa yönəlib. Bəşəriyyətin ilk mədəniyyət mərkəzlərindən biri olan İraqa. Əlbəttə, indi bu qədim diyarın əski mədəniyyətdən heç bir əlamət qalmayıb, az qala hər gün qanlı terror törədilən İraq hazırda qan gölünü xatırladır.
Bir vaxtlar kamillik, bilik, elm şəhəri sayılan Bağdad bügün dəhşət və fəlakət, ölüm saçan qorxu şəhərinə çevrilib. Bir zamanlar öz xurması və neçə-neçə təbii nemətlərin və müqəddəs ziyarətgahların Vətəni olan Bağdad Şərqin qapısı sayılardı. İlahi eşq mərtəbəsinə yüksəlmək, böyük alimlərdən dərs almaq üçün insanlar bura axışardı. Bu günsə, ABŞ və Qərbin gizlin yaratdığı İŞİD adlı qorxunc təşkilatın kabus fırtınası öz ağuşuna alıb İraq məmləkətini.
Bu məmləkətin onsuz da çox olan problemlərinin üzərinə bugünlərdə biri də əlavə olundu. Şmali İraqda Kürd muxtariyyətinin rəhbəri Bərzani referemdum keçirib, müstəqil kürd dövlət qurmağa qərar verdi. İraq, İran və Türkiyə dövlətlərinin, o cümlədən İsraildən başqa, bütün dünya dövlətlərinin aşkar əleyhinə çıxdığı referendumun əslində, bölgədə yeni münaqişə ocağı yaratmağa xidmət etməsi, qonşu dövlətlərin heç birində şübhə doğurmur. Eyni zamanda məsələyə "arxalı köpək qurd basar" kəlamının məntiqi ilə yanaşanda, Bərzaninin keçirdiyi bu referendumun xarici himayədarlarının çoxluğu da diqqət çəkir. Bu məsələnin heç də asan həll olunmayacağını, bölgədə gərginlik yaradacağını, Türkiyənin və İranın bu nöqtədə xeyli güc sərf etməli olacağını görməmək mümkün deyil.
Bəs, burada yaşayan, referendumu boykot edən və buna görə də kürdlərin silahlı basqısı altında qalan türkmənlərin taleyi necə olacaq? Onları bu qanlı basqılardan kim xilas edəcək? Yenə gözlər Türkiyəyə dikilib və nə yaxşı ki, bu dövlət türkmənlərin taleyinə biganə deyil! Hələ şumerlərdən bəri qədim türk məskəni olan Mesapatomiya ovalığına türklərin daha bir köçü çəlcuqlar dönəmində baş verib. Türklərin İraq torpaqlarına köçü tarix boyu bir neçə dəfə müşahidə edilib. Səlcuqlu dönəmindən sonra da İraqın Şimalında türkmənlar öz yaşamını davam etdirib. Bu gün Türk dünyası öz Füzulisi ilə öyünməkdədir. Füzuli aşağıdakı misrasında:
"Şəbü hicran yanar canım,
axar qan çeşmi giryanım,
Oyadar xəlqi əfqanım, qara
bəxtim oyanmazmı" - dedi.
Bəli, həqiqətən də Füzulidən üzü bəri gözü ağlar qalan türkmənlər hələ də ağlamaqdadır. Heç kim onların göz yaşına diqqət yetirmək fikrində deyil. Mosul, Kərkük və digər şəhərlərdə məskən salan, dədə-babadan yurd yerləri olan türkmənlər tarixin acı həqiqətləri ilə baş-başa qalıb, onlara verilən zülmün sonu isə hələ də görünmür:
Hər kimsənin var kimsəsi,
Mən kimsənin yox kimsəsi.
Ey kimsəsizlər kimsəsi,
Mən kimsənin ol kimsəsi!
Sanki bu şeir İraq türkmənləri üçün yazılıb. Bu gün hər bir türkmənın qəlbində buna bənzər duanın səsləndiyindən əminəm. Çünki artıq əsrlərdir ki, bir dövlətdən digər dövlətə sahibsiz uşaq kimi ötürülən türkmənlər, öz varlıqlarını zorla ayaqda tutmağa çalışırlar. 1534-cü ilə qədər Azərbaycanın Cənub-Qərb bölgəsi olan Mosul, Kərkük, Ərbil, Süleymaniyyə şəhərləri Səfəvi dövləti ilə Osmanlı dövləti arasında baş verən müharibə zamanı Osmanlı imperiyasının tərkibinə keçdi və 1926-ci ildə Türkiyə ilə İngiltərə arasında bağlanan "5 iyun müqaviləsi" nəticəsində İngiltərənin himayəsinə verildi. Daha sonra Səddam Hüseynin illərlə İraq türkmənlərınə yaşatdığı ağrı-acılar, onların hər zaman etnik azlıq kimi fərqləndirilməsi və nəhəyət, onların bu günkü faciəsi...
İraq türkmənləri Azərbaycan türklərinin bir parçasıdır. Axi biz, bir millət olmaqla yanaşı, həm də bir zamanlar eyni dövlətin vətəndaşları olmuşuq. Sərhədləri Dəmir qapı Dərbənddən Bağdada qədər uzanan Səfəvi dövlətinin vətəndaşları olan bizlərin Füzulisi də bir olub, Nəsimisi də. Biz körpələrimizin beşiyi başında eyni laylanı söyləmişik, yasımızda eyni ağını. Bəs niyə, bu gün sahibsiz qalan türkmən qardaşlarımıza ən azından, mənəvi dəstək olmaq üçün dövlət səviyyəsində münasibət bildirməkdən çəkinirik?
Bu, hamıdan çox bizim boynumuzun borcudur və buna çox böyük haqqımız var. Həm tarixi haqqımız var, həm də mənəvi haqqımız. Ən azından, bu gün Azərbaycan diasporunun bununla bağlı fəaiyyətə keçməsinin zamanı deyilmi?
Dünya bu referendumdan nə qazandı?- bunu deyə bilmərəm, amma bir şeyi dəqiq bilirəm ki, itirən yenə biz türklər olacağıq. Bu gün Türkiyə dövlətinin çox dogru olaraq buna münasibəti birmənalıdır. Bu referendumun keçirilməsinin qarışını almaq üçün gərəkən bütün təbdirləri görməyə hazırdır. İraq Kürd Muxtar Vilayətində müstəqillik referendumunun keçirilməsinin planlaşdırılması, 1926-cı ildə imzalanan Ankara anlaşmasının gündəmə gəlməsinə səbəb olub. Bu anlaşmaya əsasən, İraqın Mosul və Kərkük şəhərləri Türkiyənin "Misaki-milli" sərhədləri elan edilib, onun tabeliyinin İraqdan başqa üçüncü dövlətə verilməsi qadağan olunub. Şimali İraqda müstəqil kürd dövlətinin yaradılması cəhdi isə Ankaranın yenidən bu torpaqları özünə birləşdirməsi üçün imkan yaradıb.Türkiyə dövləti də çox doğru olaraq bu məsələni gündəmə gətirib. Türkmənlər türkün bir parçasıdır. Onlara sahib çıxmaq hər bir türkün borcudur. İstər Türkiyə olsun, İstər Azərbaycan, istərsə də Təbriz heç fərq etməz. Bu hər şeydən öncə bir dövlətin deyil, bir millətin taleyidir. Məsələyə də məhz, bu prizmadan yanaşmaq lazımdır.
Fikirimi məşhur Türkmən bayatısı ilə bitirirəm:
Mən sənə gülüm deməm, gül qoxlanır atılır,
Mən sənə qəşəm deməm, ayaq alta atılır,
Mən sənə altın deməm, çün bazarda stılır,
Mən sənə Kərkük deyim, Kölgəsində yatılır.
Baxın, bu bayatıda İraq türkmənlərinin Vətəninə verdiyi qiymətə! Vətənin kölgəsində yatmağı dünyanın bütün naz-nemətindən uca tutan tukmən üçün əsl dəyər budur: - Vətən torpağının kölgəsi,Vətən kölgəsi üstünüzdən heç zaman əskik olmasın.