Dünyanı qarşısında çökdürən əjdaha - Rüşvət

 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

Azərbaycanda da vətəndaşları normal yaşamağa qoymur

Yazıya cənab Prezidentin sözlərilə başlayıram. O, qəbulunda olan məmurlara xitabən deyir: "Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi qane edə bilməz. Çünki biz bilirik ki, RÜŞVƏT və KORRUPSİYA halları ÖLKƏDƏ geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar."

Cənab Prezident həmişə belə tələb edir, amma nazirlər, komitə sədrləri, icra başçıları, hüquq-mühafizə orqanları, əksər məmurlar ordusu bütün gün ərzində rüşvət, korrupsiya ilə məşğuldurlar, dövlət və millət isə köməksiz və çarəsiz halda məhv olur, heç kimin də vecinə deyil!..

Mən deməzdim ki, Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağın və işğal altında olan torpaqların azad olunmasıdır, eyni zamanda, ölkəmizin ən dəhşətli və həlli müşkülə çevrilən rüşvətxorluq və korrupsiya da bu sırada ilk yerdə qərarlaşıb. Rüşvət və korrupsiya elə dəhşətli hal alıb ki, ölkədə rüşvətsiz heç nəyi əldə etmək mümkün deyil. Dünyada doğum evində uşağın dünyaya gəlişi ilə başlayan rüşvətxorluğun insanın son mənzili sayılan qəbirstanlığa qədər davam etdiyi yeganə ölkə Azərbaycandır! Yəni Azərbaycanda hər bir sadə insan həyatının bütün mərhələlərini dövlətin hesabına normal keçmək əvəzinə, dövlətin pulsuz elan etdiyi bütün xidmətlər üçün rüşvət verməyə məcbur edilir. İnsan rüşvətlə doğulur, sağlamlığını rüşvətlə qoruyur, bağçaya, məktəbə rüşvətlə qəbul olunur, ali məktəbi rüşvətlə bitirir, iş yerini rüşvətlə əldə edir, ailə həyatını rüşvətlə qurur, ömrü boyu bütün haqq etdiklərini belə, rüşvət verərək alır və nəhayət, dünyadan köçəndə də qəbir yeri üçün rüşvət ödəyir!

Azərbaycanda mövcud olan rüşvətxorluq və korrupsiya halları şəxsən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ciddi tənqid olunsa da, mübarizə tədbirləri görülsə də, bu hallar əvvəlki şiddətlə davam edir və yaxın zamanda qarşısının alınacağına heç bir  təminat yoxdur. Rüşvətxorluğun və korrupsiyanın ölkəni təpədən dırnağa qədər bürüməsinin əsas səbəbləri hakimiyyətin bütün qollarının qohumluq, yerliçilik, dostluq, ailə və sülalələr tərəfindən zəbt olunması, hüquq-mühafizə və məhkəmə orqanlarının isə normal fəaliyyət göstərmək iqtidarında olmamasından irəli gəlir.

Rüşvətxorluq və korrupsiya ölkədə elə yüksək həddə çatıb ki, əvvəllər bunun əzabını yalnız xalq çəkirdisə, bu gün bu əzabı hamı, hətta hakimiyyətin ən yüksək zirvəsində dayanan ölkə rəhbəri də çəkir. Çünki artıq xalqın bu cür rüşvət və korrupsiyanın fırtına qopardığı, fantan vurduğu dözülməz şəraitdə yaşamaq imkanı tükənib, ölkə rəhbərinin gördüyü qabaqlayıcı tədbirlər isə hələ də gözlənilən səmərəni vermir.

Yuxarıda rüşvət və korrupsiyanın ölkəmizin ən böyük problemi olduğunu, hətta bu problem həll olunmadan işğal altındakı torpaqları azad etməyin mümkün olmayacağını heç də təsadüfən qeyd etmədim. Çünki Dağlıq Qarabağı və işğal altındakı digər torpaqları azad etmək üçün güclü dövlətə malik olmalıyıq. Müstəqillik qazansaq da, biz hələ də, güclü dövlət qura bilməmişik. Dünyada dövlətin gücü təkcə onun iqtisadi və hərbi qüdrəti ilə ölçülmür, həm də xalqın rifahının yüksəkliyi ilə ölçülür. Rüşvətxorluq və korrupsiya həddinin yüksək olduğu ölkədə xalqın rifahının yüksək olmasından danışmaq absurddur.

Gəlin, açıq etiraf edək ki,  Azərbaycanda xalqın rifahı hər gün bir qədər də ağırlaşır, hətta ölkə Prezidentinin minimum əmək haqqlarını və təqaüdləri artırması da xalqın ağır durumunu yaxşılaşdıra bilmədi. Çünki istehlak bazarını bütünlüklə ələ keçirən məmurlar ordusu qiymətləri hər gün qaldırır, dövlət bazarda qiymətləri tənzimləyə bilmir və bu rəqabətdə uduzur. Bazarlar və məhsullar məmur monopoliyası altında olduğuna görə, qiymətləri tənzimləmək mümkün deyil. Əmək haqqı və təqaüdləri artırmazdan əvvəl, bazarda qiymətləri tənzimləyən mexanizm işə salınmalıdır.

Sözün qısası, Azərbaycanda mövcud olan bütün problemlərin mənbəyi və törədicisi rüşvətxor, korrupsioner, iqtisadiyyatı, bazarları əlinə keçirən, bütün sahələri monopoliyasında cəmləşdirən MƏMURDUR! Ölkədə məmur problemi həll olmadıqca, problemlərin həll olunacağını düşünmək, sadəcə olaraq özünü aldatmaqdan başqa bir şey deyil!

Bu problemləri həll etmək isə Xalqın güclü dəstəyinə malik ölkə Prezidentinin qəti addımından asılıdır! Addım səsləri gəlir...

0.26795196533203