Türk Dövlətləri Birliyi
dövrümüzün tələbidir

 

Hər kəs bu birliyin güclənməsinə və genişlənməsinə xidmət etməlidir

 Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı

  

Türk dövlətlərinin Bakıda keçirilən zirvə toplantısında Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan türk dünyası üçün önəmli məsajları ilə yadda qaldı. Onun "6 dövlət bir millət!" ifadəsi zirvə toplantısının əsas şüarına çevrildi. Heç kimə sirr deyil ki, dünyanın böyük güclərin təsiri altında olduğu hazırkı zamanda türk dövlətlərinin birləşib gücə çevrilməsi olduqca vacib və zəruri hadisədir. Bu o deməkdir ki, kimin gücü yoxdursa, o, böyük güclərin şikarı olacaq. Dünyada fəaliyyət göstərən güc mərkəzləri, adətən hər hansı bir faktor əsasında yaranır. Avropa Birliyində cəmləşən dövlətlər məkan əsasında birləşib. Ərəb dövlətləri milli zəmində liqa halında birləşib. Asiya ölkələri ərazi üzrə, İslam dövlətləri din əsasında təşkilat yaradıb. Bu təşkilatlarda birləşənlərin hər birinin məqsədi gücə çevrilmək və böyük güclərin həmlələrindən qorunmaqdır.

Hazırda dünya güc mərkəzlərinin, xüsusən ABŞ və Avropa dövlətlərinin Türkiyəyə və bütün türk dövlətlərinə qarşı təhdidlərinin gücləndiyi aydın hiss olunur. Qardaş Türkiyə Cümhuriyyəti NATO üzvü olsa da, bir sıra xristian dövlətlər, xüsusən də Fransa və Almaniya 50 ildir Türkiyənin Avropa Birliyinə üzv olmasına imkan vermir. Əksinə, qeyd etdiyimiz dövlətlər, eləcə də ABŞ  Türkiyəyə qarşı dağıdıcı mövqedən çıxış edən PKK və digər bu kimi terror təşkilatlarına uzun illərdir açıq və gizli formada yardım göstərir. Bununla da Türkiyədə milli ayrıseçkiliyin qızışdırılmasına və dövlətin parçalanmasına çalışırlar. ABŞ və Avropa dövlətlərinin Suriyada son illər müxalifət pərdəsi altında terrorçuların güclənməsinə yardım edərək, region dövlətlərinə, xüsusən də Türkiyəyə qarşı dağıdıcı fəaliyyətini gücləndirməyə çalışdığı göz önündədir. Ona görə də, öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək zorunda olan Türkiyə dövlətinin silahlı qüvvələri Suriyanın şimalında cəmləşib. Türkiyə dövləti üçün böyük təhlükə mənbəyi olan, ABŞ və Avropa dövlətləri tərəfindən silah və digər yardımlarla təmin edilən kürd silahlı birləşmələrini zərərsizləşdirmək məqsədilə "Barış Pinarı" əməliyyatına başlayıb.

ABŞ və Avropa dövlətləri, hətta BMT Türkiyənin terrorçulara qarşı başladığı mübarizəni dəstəkləmək əvəzinə, Türkiyəyə qarşı hücuma keçib və Türkiyəni dayandırmaq üçün müxtəlif bəyanatlar verirlər. ABŞ isə heç utanmadan, çəkinmədən Türkiyəyə qarşı sanksiyalar tətbiq etməklə, terrorçuları müdafiə və himayə etdiyini açıq bəyan edir. Yəni özlərini demokratiyanın beşiyi, insan haqlarının qarantı kimi qələmə verən sümürgənlərin terrorizmi müdafiə etməsi, təhlükəsizliyinin təmin olunması barədə düşünən hər bir dövlətin, o cümlədən türk dövlətlərinin birləşərək güc halında cəmləşməsini zərurətə çevirir. Türk dövlətlərinin eyni coğrafi məkanda yaşayan 300 miyondan çox əhalinin, bir millət kimi 6 dövlətin bir mərkəzdə birləşməsi, bu dövlətlərin hər birinə hava və su qədər vacibdir. Çünki türk dövlətlərinin birliyinin yaranması təkcə bu dövlətlərin özlərinin təhlükəsizliyinin təmin edilməsi üçün yox, həm də bütün region dövlətlərinin təhlükəsizliyinin təmin olunması deməkdir.

İndiyədək türk dövlətləri arasında arzulanan birliyin olmaması üzündən hər bir türk dövləti müxtəlif dərəcədə təhdidlərlə üzləşib. Azərbaycan türk dövləti iki əsrdən çoxdur ki, xristian Rusiyanın və İran İslam Respublikasının maddi və hərbi yardım göstərdiyi Ermənistan tərəfindən təhdidə və işğala məruz qalıb. Azərbaycanın tarixi əraziləri qonşu Rusiya və İran dövlətləri tərəfindən zəbt olunub. Bununla kifayətlənməyən Rusiya və İran tarixi ərazilərimizdə Ermənistan və Gürcüstan kimi iki xristian dövləti yaradıb. Bu işğal və təhdid prosesi bu gün də davam edir. Torpaqlarımızın 20 faizinin Ermənistan kimi iqtisadi və hərbi baxımdan bizdən qat-qat zəif olan dövlətin işğalı altında qalmasının əsas səbəbi də, türk dövlətləri arasında birliyin olmamasından irəli gəlir. Məhz bu səbəbdən də dünya güclərinin müdafiəsinə güvənən cırtdan Ermənistan Türkiyə kimi güclü dövlətə qarşı soyqırım iddiası ilə hücuma keçib və bir çox xristian dövlətlər də ermənilərin bu sərsəm iddiasını müdafiə edir.

Türk dövlətlərinin Bakı zirvə toplantısında çoxdan yaradılmalı olan Türk Dövlətlər Birliyinin gec də olsa elan edilməsi, bütün türk dünyası ilə yanaşı, dünyanın özünün də rahatlığı üçün böyük əhəmiyyətə malik hadisədir! Bu münasibətlə türk dünyasını təbrik etmək hər birimizin üzərinə düşən müqəddəs borcdur! Hər kəs bu birliyin güclənməsinə və genişlənməsinə əlindən gələn xidməti əsirgəməməlidir. Ortaq türk dili, mədəniyyəti, mətbuatı, hərbi qüvvəsi yaradılmalı və inkişaf etdirilməlidir. Türk Dövlətləri Birliyinin Qüdrətli Ordusu yaradılmalı, dünyada və regionda sülhün, əmin-amanlığın təmin olunmasına töhfə verilməlidir.

Bugünkü vəzifəmiz isə Türk Ordusunun Suriyanın şimalında Suriya Azadlıq Ordusu ilə bərabər antiterror əməliyyatı çərçivəsində həyata keçirdiyi "Barış pinarı" hərbi əməliyyatına böyük dəstək vermək və bu əməliyyatın uğurla yekunlaşmasına, ABŞ və Avropa dövlətlərinin regionda dəstək verdiyi terror qruplaşmalarının kökünün kəsilməsinə nail olmaqdan ibarətdir. Bu gün bütün türk dövlətlərinin, o cümlədən Azərbaycanın bu əməliyyatların uğurla başa çatması üçün Türkiyə dövlətinin yanında olması ən vacib şərtlərdən biridir.

0.19420599937439