Cinayət cəzasız qalanda...

 

Qanunsuzluğa  yol verdiyinə görə vəzifədən çıxan məmur niyə cəzalandırılmır?

 Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı

 Ölkəmiz iki ildən sonra müstəqilliyinin 30 illiyini qeyd edəcək. Bu illər ərzində vəzifəsini yerinə yetirməyi bacarmayan, tutduğu vəzifədə rüşvətxorluq və korrupsiya ilə məşğul olan, qanunları pozduğuna görə minlərlə müxtəlif səviyyəli məmurlar vəzifədən azad olunub. Vəzifə başında olarkən, müxtəlif cinayət əməli  törədərək, tutduğu vəzifədən azad olunmuş bu məmurların cinayət məsuliyyətinə cəlb edilməməsi indiyə qədər hər kəsə sirr olaraq qalır. Çox haqlı olaraq bu hal insanlarda təəccüb doğurur. Bu, olduqca təzadlı və həm də qəribə hadisə kimi dünya və ölkə mediasında müntəzəm dövriyyəyə buraxılır, dünyəvi və hüququ dövlət kimi, ölkəmizin əleyhinə işləyir.

Bu və ya digər nöqsanlara görə vəzifəsindən alınan məmurların işdən azad edilməsi səbəbinin ictimaiyyətə açlqlanmaması da əhali arasında geniş müzakirə olunan və ciddi maraq doğuran məsələdir. Məmur heç bir səbəb göstərilmədən işdən azad olunur, mediada isə həmin məmurun milyardlarla dövlət pulunu korrupsiya ilə talan etdiyi barədə xəbər tirajlanır. Lakin böyük miqyasda korrupsiya cinayəti  törədən məmur isə, yalnız vəzifədən azad olunur. Hətta bu məmurların əksəriyyəti bir müddət sonra başqa vəzifəyə də təyin olunur. Məsələn, çox uzağa yox, elə son illərdə nazir vəzifəsindən azad olunmuş sabiq təhsil naziri Misir Mərdanovun vəzifədən kənarlaşdırıldığı, az sonra isə institut direktoru təyin olunduğunu hər kəs təəccüblə qarşıladı. Rabitə naziri Əli Abbasov tutduğu vəzifədə törədilmiş korrupsiya cinayətlərinə görə vəzifədən azad olundu. Hətta tabeliyində olan idarə müdirlərinin bir neçəsinin korrupsiya cinayətinə görə həbs olunmasına baxmayaraq, az sonra Əli Abbasov da AMEA-da vəzifəyə təyin olundu. Sabiq ƏƏSM naziri Səlim Müslümov nazir postundan ilyarım öncə azad olundu, 2,5 milyard manat dövlət vəsaitini mənimsəməsi barədə mətbuatda xəbər yayıldı, lakin bir müddət keçəndən sonra o, ali məktəblərdən birinə kafedra müdiri vəzifəsinə təyin olundu. Eyni hadisə sabiq kənd təsərrüfatı naziri Heydər Babayevlə də  bağlı baş verdi. O da nazir postundan azad olundu və qısa vaxtdan sonra başqa vəzifəyə təyinat aldı.

Başqa misal. Ötən il iyul ayının əvvəlində ölkəni qaranlığa qərq edən " Azərenerji" ASC-nin sədri Etibar Priverdiyevin cinayətkar fəaliyyəti haqqında o boyda həngamədən sonra hansı ciddi cəza tədbiri görüldü, hadisənin səbəblərini araşdıran komissiyanın yekun rəyi necə oldu, bunlardan xəbəri olan varmı?! Əsla yoxdur!..

Bu adamdan heç soruşan da olmadı ki, son illər ərzində "Azərenerji" ASC-yə dövlət büdcəsindən ayrılmış təxminən 5 milyarddan çox pul vəsaitini neynəmisən ki, Mingəçevir İES-in çoxdan istismar müddətini keçmiş hissələri yeniləri ilə əvəz olunmayıb?!..

Sadəcə, E. Priverdiyevi vəzifədən azad edib, dedilər ki, get yığdığın milyonları rahat ye, kef elə!.. Başqa cür izah etmək mümkünsüzdür, bu qədər sadə və bəsit!..

Ölkədə baş vermiş bu cür oxşar hadisəyə aid misalların sayını istənilən qədər uzatmaq da olar.

Lakin fikirmi əsaslandırmaq üçün adlarını çəkdiyim məmur nümunələri kifayətdir. Baş verən bu hadisələrin ətrafında cəmiyyətdə, ictimaiyyət arasında uzun illərdir dolaşan "ölkədə icazəli, məqsədyönlü korrupsiya"nın olması barədə şayiə heç də təsadüfi yaranmayıb. Çünki hər şey cəmiyyətin gözü qarşısında çox aydın şəkildə, heç bir izaha ehtiyac olmadan baş verir. Hər kəs ölkədə məmurların korrupsiya əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmamasını, artıq norma kimi qəbul edir. Məmur cəzadan yayındırılır və yeni vəzifəyə təyinat alır! Bunun nə demək olduğunu şərh etməyə isə heç bir lüzum yoxdur...

Bu hadisəni məntiqlə izah etmək və haqq qazandırmaq, əlbəttə, çox çətindir. Məntiqlə izahı çətin olan bu hadisənin yaratdığı ən böyük təhlükə isə, xalqda öz dövlətinə inamsızlığın yaradılmasıdır!

Mövzu barədə rəyini öyrəndiyimiz bir neçə ekspertin sualımıza verdikləri cavablar da, demək olar ki, eynidir: -faktiki vəziyyət ölkədə korrupsiyaya qarşı mübarizə aparılır görüntüsü yaradmaq. Bu sahədə və bu sahədə ciddi nəticə əldə olunmaması isə ölkədə yüksək səviyyədə korrupsiyaya yaşıl işıq yandırılması anlamına gəlir!...

Əlbəttə, ölkənin müstəqilliyini ABŞ, Avropa, Rusiya kimi dünya "əjdahalarının" təhlükəli hücumundan qorumaq çox vacibdir. Bu məqsədlə ölkəmizin təbii sərvətlərinin və mühüm coğrafi imkanlarının çox böyük hissəsinin həmin "əjdahaların" sərəncamına verilməsinin mahiyyəti, təbii olaraq, çətin də olsa, başadüşüləndir.

Görəsən ölkəmizin dünya sümürgənlərindən qalan azacıq sərvətini  də məmurlara taladıb, xalqı yarımac saxlayan bəzi üzdəniraq qüvvələrin, xüsusən ölkəni rüşvət və korrupsiya bataqlığına çəkənlərin yanlış hərəkətlərinə hüquqi qiymət vermək əvəzinə, onların hərəkətinə  göz yumulmasının səbəbləri nədir?!

Səbəbini bilmək, müəy-yən etmək çətindir: məqsəd xalqı məhv etməkdir, yoxsa qorxudub mütiləşdirmək, dövləti zəif salıb süqut etdirməkdir kimi suallar  yaranır ki, hələ də bu  qaranlıq məqamlarla dolu olan gizli və sirli məqsəd xalqa tam məlum deyil!..

Azərbaycanı cinayətkarın cəzasız qaldığı, günahsızların isə cəzaya məhkum edildiyi ölkəyə çevirməyə çalışanların məramının yaxşı olduğunu söyləmək mümkün deyil. Bu isə, ölkəmizə qarşı yönəlmiş ən qatı düşmənçilikdir!..

Xalq tələb edir ki, dövlət üçün daha vacib olan ədalət prinsipini Azərbaycanda kobudcasına pozan rüşvətxor və korrupsioner məmurlara, o cümlədən onların cəzasız qalmasına şərait yaradan vəzifəli şəxslərə qarşı ən sərt cəza tədbirləri görülsün!..

Hazırda ölkəmizdə dövlət vəzifəsini ələ keçirən bəzi yüksək çinli məmurlar dövlətin qanunlarından, xalqın və prezidentin qəzəbinə tuş gəlməkdən, bir sözlə, heç kimdən çəkinmədən rüşvət alır, açıq şəkildə korrupsiya ilə məşğul olur, qohumlardan ibarət klan yaradır, sülaləbazlıq, tayfabazlıq, yerlibazlıq kimi dövlətin əsaslarını sarsıdan ağır cinayət əməli ilə məşğul olur, xalq və millət anlayışını bəzi xüsusi məhfumlarla eyniləşdirib, var-dövlət toplayır, xaricə daşıyır və cəzasız qalır!..

Çəkinmədən, qətiyyətlə qeyd edirəm ki, hazırda dövlət kürsüsündə əyləşən əksər məmurlar əlbir olaraq, xalqa, dövlətə qarşı  cinayət əməlləri törədirlər, dövlətin qanunlarını kobud şəkildə pozurlar, istədikləri kimi talançılıq edirlər və sanki yarışda qalib gəlmiş pələvanlar kimi, belə cinayətkar hərəkətləri ilə öyünür, hətta xalqa və ölkə prezidentinə açıq şəkildə meydan oxumağa cəhd edirlər!..

Saydığım xoşagəlməz halların ölkədə baş alıb getməsinin əsas səbəbini, ilk növbədə ölkədə cəzasızlıq mühitinin hökm sürməsi ilə əlaqələndirirəm. Cinayət törədib cəzasız qalan məmurların sayı artdıqca, hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlar tənəzzülə  uğrayır və ölkədə normal ədalətli və sağlam cəmiyyəti formalaşdırmaq mümkünsüz olur.

Elə düşmənlərimizin də arzu və istəkləri bundan ibarətdir! Deməli, bizə özgə düşmən lazım deyil, bəzi məmurlarımızın  onları çox "uğurla" əvəz etdikləri aydın hiss olunur...

Yekun olaraq qeyd edim ki, son günlər xaricdə və daxildə olan radikalların fəallaşması heç də ölkə hakimiyyəti üçün yaxşı nəsə vəd etmir. Artıq Qarabağ ətrafında oynanılan oyunların nəticəsiz qalması bədxahlarımızın əlinə işləyir. Qanunu pozan, vəzifədən qovulan məmurlar barəsində hüquqi cəza tədbiri görülməyincə, cinayətkarlara yaradılan cəzasızlıq mühiti ortadan qalxmayınca, ölkəmizin normal inkişafından danışmaq çətin olacaq...

0.20757699012756